Fəxriyar Cabbarov: “Şəmkirdə Vüqar Həşimovun adına layiqli turnir keçirilir" MÜSAHİBƏ
"ShamkirChess 2015" turnirinin Təşkilat Komitəsinin sədri və "Synergy Group" ASC İdarə Heyəti Sədrinin I müavini Fəxriyar Cabbarov yarışın rəsmi saytına müsahibə verib. SİA həmin müsahibəni təqdim edir:
- "Shamkir Chess 2015" turniri növbəti dəfə ulduz şahmatçıları Azərbaycana gətirdi. Bu dəfəki yarış ötən ildən necə fərqlənəcək?
- "ShamkirChess 2015" keçən il olduğu kimi, bu il də "Synergy Group" tərəfindən təşkil olunur. Bu turnir Azərbaycanda intellektual oyunların və şahmatın inkişafına tövhə verilən ən mötəbər tədbirlərdəndir. Biz bu dəfə də ötən ilki yüksək səviyyənin təkrar olunacağına əminik. Ötən il ilk dəfə keçirilən superturnir məşhur yarışlarla müqayisə olundu. Fikrimizcə, bu dəfə daha maraqlı mübarizə olacaq. Azərbaycanda ilk dəfə şahmat üzrə 3 dünya çempionu eyni turnirdə yarışır. Hazırki dünya çempionu Maqnus Karlsen, sabiq çempionları Vişvanatan Anandla Vladimir Kramnikin mübarizəsi bütün şahmatsevərlərin diqqət mərkəzindədir. Son şahmat tacı uğrunda mübarizədə Karlsenlə Anandın görüşü bütün dünyada maraqla qarşılandı. Onların növbəti qarşılaşması məhz Şəmkirdə baş tutdu. Eyni zamanda, digər məşhur şahmatçılardan olan maraqlı gözləntilərimizi də unutmaq olmaz. Ümumiyyətlə, 10 günlük turnir sadəcə bir oyun və mübarizə olmayacaq. Aparıcı şahmat ulduzlarının burada iştirakı Azərbaycanı və Şəmkiri dünyanın şahmat mərkəzinə çevirəcək.
- Qeyd etdiyiniz kimi, Şəmkir artıq dünya şahmatının mərkəzlərindən birinə çevrilir. Linares, Veyk-An-Zee kimi "ShamkirChess" turnirinin davamlı olacağı planlaşdırılırmı?
- "Synergy Group" öz Korporativ Sosial Məsuliyyət siyəsətinin tərkib hissəsi olaraq ölkədə təhsilin və idmanın inkişafına da böyük dəstək göstərir. Xatırladığınız kimi, ötən il mərhum şahmatçımız Vüqar Həşimovun xatirəsinə həsr olunan "ShamkirChess 2014" şahmat turniri Azərbaycanda, Avropada və dünyanın bir sıra ölkələrində böyük maraqla qarşılandı. Dünya mətbuatının bir sıra aparıcı TV, qəzet və saytları bu turnirdən reportajlar hazırladı. Şahmatsevərlər şahmat aləmində yeni nüfuzlu turnirin yarandığını xüsusilə qeyd etdilər. Əminliklə qeyd edə bilərəm ki, bu il də belədir. Şəmkirdə istedadlı şahmatçımız Vüqar Həşimovun adına layiqli turnir keçirilir. Gələcək illər barədə indidən qəti fikir söyləmək çətindir. Hazırda bizim əsas məqsədimiz "ShamkirChess 2015"i yüksək səviyyədə təşkil etməkdir.
- Bu dəfə yarışda 3 dünya çempionu iştirak edir. Təşkilatçılar üçün belə titullu idmançıları qəbul etmək çətin deyil?
- Turnirin iştirakçılarına fikir verin. Şəmkir turnirində zəif şahmatçı yoxdur. Vüqar Həşimovun xatirəsinə həsr olunan turnirdə ulduz qrossmeysterlər çıxış edir. Bu, turnirin səviyyəsindən xəbər verir. Ötən il yarış ilk dəfə keçirilən zaman qonaq şahmatçılar "Shamkir Chess"in necə olacağından xəbərsiz idi. Bu dəfə isə müraciət etdiyimiz şahmatçılar böyük məmnuniyyətlə razılıq verdilər. Maqnus Karlsen hazırkı dünya çempionudur. Vladimir Kramnik və Vişvanatan Anand sabiq dünya çempionlarıdır. Fabiano Karuana hazırda şahmat tacına ən iddialı qrossmeyster hesab edilir. Onun partiyaları çox maraqla qarşılanır. Uesli So son dövrlərin ən gənc və böyük ümid bəslənilən şahmatçısıdır. Aniş Giri, Maksim Vaşye-Laqrav özünəməxsus oyun üslubu ilə seçilir. Bizim Şəhriyar Məmmədyarov dünyanın aparıcı şahmatçılarından biridir. Rauf Məmmədov isə ölkə çempionatının son qalibi kimi bu yarışda iştirak etmək hüququ qazanıb. Raufun yarışda iştirakı, həm də digər yerli şahmatçılar üçün böyük stimuldur. Gələcəkdə də Azərbaycan çempionatının qalibi olacaq şahmatçının Şəmkirə dəvət olunması planlaşdırılır. Belə titullu şahmatçıları dəvət etmək çətin olmadı. Çünki, artıq Şəmkir turnirinin şahmat aləmində öz çəkisi var.
- Azərbaycanlı şahmatçılar Şəhriyar Məmmədyarov və Rauf Məmmədovdan hansı nəticəni gözləyirsiniz?
- Biz hər zaman şahmatçılarımıza inanırıq. Ş Məmmədyarov Azərbaycan yığmasının heyətində iki dəfə Avropa çempionu olub. Bir sıra beynəlxalq turnirlərin qalibidir. Ümid edirəm ki, Şəmkirdə layiqli mübarizə sərgiləyəcək. Rauf Məmmədov üçün isə bu, çox ciddi sınaqdır. O, güclü şahmatçılara qarşı yarışır. Şəhriyar Məmmədyarovun ötən il oyunu alınmadı. İnanıram ki, bu dəfə ötən ilki çıxışının təsadüfi olduğunu sübut edəcək.
- Sizcə, qalib yenə Maqnus Karlsen olacaq, yoxsa bu dəfə turnir fərqli nəticə ilə yekunlaşacaq?
- Əvvəlcədən nəticə barədə danışmaq çətindir. Son turlarda güzəştsiz mübarizə izləyəcəyik. Şəmkirə gələn şahmatçılar özlərini sübut etmiş qrossmeysterlərdir. Karlsen barədə danışdıqda, digər güclü şahmatçıları unutmaq olmaz. Eləcə də Kramnik və Anandı siyahıdan silmək düzgün deyil. Mən İtaliya təmsilçisi Fabiano Karuananı yarışın favoriti hesab edirəm. O, güclü şahmatçıdır. Son dövrlər göstərdiyi nəticələr böyük potensialın sahibi olduğunu təsdiqləyir.
- "ShamkirChess" turniri ölkənin idman imicinin möhkəmlənməsinə dəstək olur. "Synergy Group" olaraq idmanla bağlı gələcəkdə daha hansı layihələri həyata keçirəcəksiniz?
- Azərbaycanda idmanın bütün növləti inkişaf etməkdədir. "Synergy Group" olaraq biz davamlı gələcəyə doğru hər zaman peşəkar və sistematik addımlar atırıq və cəmiyyətin inkişafına tövhə veririk. İndiyə qədər velosiped idmanı üzrə "Tour d’Azerbaidjan" beynəlxalq veloyürüşünü təşkil etmişik. Eyni zamanda, "Synergy Baku Cycling Project" adlı komandamıza dəstək oluruq. Ardıcıl ikinci il Şəmkirdə beynəlxalq şahmat turniri keçiririk. Bu işlərin davamı olacaq. "Davamlı gələcəyə doğru" şuarı ilə biz hər zaman Azərbaycan idmanının inkişafı istiqamətində çalışacağıq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB