Belçikadan Azərbaycan idmanına dəstək

Belçikanın Lommel şəhərində Azərbaycan Respublikasının Belçika Krallığındakı səfirliyi və Azərbaycan Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Belçik Krallığının ev sahibliyi etdiyi Avropa Xüsusi Yay Olimpiya Oyunlarında azərbaycanlı atletlərin iştirakına həsr olunmuş tədbir keçirilib. Azərbaycanın Belçika Krallığındakı səfirliyindən SİA-ya verilən məlumata görə, tədbir zamanı Azərbaycan idmançılarının Avropa Xüsusi Yay Olimpiya Oyunlarında iştirakına həsr olunmuş, azərbaycanlı idmançıların təmsil olunduğu 6 idman növünü əks etdirən abidənin açılışı baş tutub. Abidənin məhz Lommeldə yerləşməsinin səbəbi Xüsusi Olimpiya Oyunları zamanı idmançılarımızın Lommel şəhəri tərəfindən qarşılanması və onlara ev sahibliyi etməsidir.

Mərasimdə Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, Lommel şəhərinin meri Peter Vanvelthoven və Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı səfiri Fuad İsgəndərov çıxış edərək, Azərbaycan idmançılarının şərəfinə abidə ucaldılmasının əhəmiyyətini və idmanın iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq əlaqələrinin inkişafına verə biləcəyi tövhəni vurğulayıb.

Tədbirin rəsmi hissəsindən sonra Azərbaycanda idmanın inkişafına həsr edilmiş fotostendlə tanışlıq olub. Daha sonra Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının gənclərdən ibarət Kamera Orkestri çıxış edərək, Azərbaycan və dünya klassikasından nümunələr ifa edib.

Ertəsi gün Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının gənclərdən ibarət Kamera Orkestri Brüssel şəhərindəki Musiqi Alətləri Muzeyində geniş proqramla çıxış edib. Konsert 2015-ci ildə Azərbaycanda baş tutacaq İlk Avropa Oyunlarına həsr olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...