Futbol üzrə UEFA Avropa Liqası yarışlarının pley-off mərhələsi çərçivəsində Ağdamın "Qarabağ" komandası ilk oyununu keçirib. SİA-nın məlumatına görə, Azərbaycan çempionu Tofiq Bəhramov adına Respublika stadionunda Hollandiyanın "Tvente" komandasını qəbul edib.
Almaniyalı baş hakim Manuel Qrafenin idarə etdiyi görüşün birinci hissəsində hesab açılmayıb. Qarşılaşmanın 29-cu dəqiqəsində "Qarabağ"ın heyətində dəyişiklik edilib. Komandanın 41 nömrəli futbolçusu Leroy Corcun əvəzinə oyuna 17 nömrəli Vüqar Nadirov daxil olub.
İlk hissədə rəqib komandada Kasper Kusk və Luk Castaynos, "Qarabağ"ın heyətində isə Maksim Medvedev sarı vərəqə alıblar.
Görüşün 56-cı dəqiqəsində "Qarabağ"ın heyətində növbəti dəyişiklik olub. Meydanda Danilo Leanardo Diası Cavid Tağıyev əvəzləyib. On dəqiqə sonra Ağdam təmsilçisinin heyətində daha bir dəyişiklik olub. Meydana 99 nömrəli futbolçu Namiq Ələsgərov çıxıb.
Azərbaycan futbolçuları dəfələrlə rəqib qapısına təhlükəli zərbələr endirsələr də, top çərçivədən yan keçib və oyun heç-heçə ilə yekunlaşıb.
Komandalar arasında cavab görüşü bir həftə sonra Hollandiyada keçiriləcək. "Tvente" komandası "Qarabağ" üçün tanış rəqibdir. Belə ki, "Qarabağ" 2009-cu ildə bu komanda ilə Avropa Liqasının pley-off mərhələsində oynamış və iki oyunun nəticəsinə görə məğlub olmuşdu. Evdə qolsuz heç-heçəyə nail olan "Qarabağ" səfərdə 1:3 hesabı ilə uduzaraq, mübarizəni dayandırmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB