Azərbaycan Velosiped İdmanı Federasiyasının illik təqvim planına əsasən keçirilən U-15 və U-17 yaş kateqoriyaları üzrə fərdi və qrup ötüşmələri üzrə federasiya birinciliyinə yekun vurulmuşdur.
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunun ərazisində keçirilən yarışda federasiyanın nəzdində fəaliyyət göstərən klub və cəmiyyətlərin 50-dən artıq idmançısı mübarizə aparmışdır.
Proqrama əsasən, yarışın sonuncu günündə qrup ötüşmələri üzrə qaliblər müəyyənləşmişdir. On beş yaşadək idmançılar 3,8 kilometrlik marşrut boyunca üç, 17 yaşadək velosipedçilər isə beş dövrə vurmuşlar.
U-15 yaş kateqoriyasında "Sərhədçi" İdman Olimpiya Mərkəzinin təmsilçisi, fərdi ötüşmədə də hamıdan güclü olan Maqsud Həsənov marşrutu 19 dəqiqə 39 saniyəyə qət edərək birinci yeri tutmuşdur. Səkkiz nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin nümayəndələri Ravil Xıdırov və Xankişi İsgəndərov çempiona müvafiq olaraq 6 və 16 saniyə uduzmaqla ilk üçlüyü tamamlamışlar.
U-17 yaş kateqoriyasında isə əsas mübarizə 8 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbinin nümayəndələri arasında getmiş və fəxri kürsüyə də məhz onlar qalxmışlar. Məsafəni 32 dəqiqə 10 saniyəyə qət edən Nicat Oruczadə komanda yoldaşları Maksim Naperstkovu 4, Mikayıl Səfərlini isə 5 saniyə qabaqlamışdır.
Qaliblər Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən medal, diplom və pul mükafatı ilə təltif edilmişlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB