Atletika üzrə yeniyetmələr arasında Avropa təsnifat turniri davam edir

Atletika üzrə yeniyetmələr arasında Avropa təsnifat turniri davam edir

Xəbər verdiyimiz kimi, Tofiq Bəhramov adına Respublika Stadionunda atletika üzrə yeniyetmələr arasında Avropa təsnifat turniri davam edir. SİA-nın məlumatına görə, yarışda oğlanlar arasında çəkicatma üzrə "A" qrupunun təsnifat görüşlərində ukraynalı Xlib Piskunov bütün rəqiblərini qabaqlayaraq birinci olub. Rusiyalı Pyotr Nekiporets ikinci, Macarıstan təmsilçisi Peter Şentinanzski üçüncü pillədə qərarlaşıb.

Turnirdə 5 min metr məsafəyə qızlar arasında idman yürüşü yarışlarının qalibi də müəyyənləşib. İtaliya təmsilçisi Noemi Stella 23 dəqiqə 31 saniyə göstərici ilə yarışın qalibi olub və Çində keçiriləcək II Olimpiya Oyunlarına vəsiqə qazanıb. Rusiyalı Yana Smerdova gümüş, İspaniya təmsilçisi İrene Vasquez bürünc medala sahib olub.

Oğlanlar arasında uzunluğa tullanma yarışlarının "A" qrupundan Hans-Kristian Hausenberq (Estoniya), Qabriel Bitan (Rumıniya), Mixayil Markelov (Rusiya), Qreqori Abelli (Fransa), Qianluca Santuz (İtaliya), Atanasios Papadapulos (Yunanıstan), "B" qrupundan isə Bartosz Cojçik (Polşa), Anatoliy Ryapolov (Rusiya), Yigitalp Seyhmuş (Türkiyə), Aleks Ruosseau-Camard (Fransa), Hektor Santos (İspaniya) və Filip Navratil (Çexiya) həlledici mərhələyə yüksəlib.

Azərbaycan təmsilçiləri İlya Nikitin və Əlisurət Məmmədov finala vəsiqə qazana bilməyiblər.

Turnirdə oğlanlar arasında çəkicatma yarışlarında "B" qrupundan həlledici mərhələyə macarıstanlı Bence Halasz, irlandiyalı Adam Kinq, polşalı Adrian Muszinskiy, yunanıstanlı Aleksios Prodanas, litvalı Tomas Vasiliauskas, ukraynalı Konstanstin Litvenenko və italiyalı Tiziano Di Blasio vəsiqə qazanıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə