Vüqar Həşimovun xatirəsinə həsr olunan şahmat çempionatının qalibləri müəyyənləşib
Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Klubunun təşkilatçılığı ilə mərhum beynəlxalq qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan şahmat çempionatı keçirilib. Siasport.az saytının məlumatına görə, yarış 5 gün davam edib.
Çempionatın final mərhələsi FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində baş tutub.
Tədbirdə FHN-nin İdman Sağlamlıq Klubunun rəisi, polkovnik Füzuli Musayev, Vüqar Həşimovun atası Qasım Həşimov, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, peşəkar kikboksçu Pərviz Abdullayev iştirak edib.
FHN-nin İdman Sağlamlıq Klubunun rəisi, polkovnik Füzuli Musayev tədbiri açıq élan edərək, iştirakçılara uğurlar arzulayıb.
Nəticələrə əsasən, Ramiz İsgəndərov (FHN-nin Akademiyası) 1-ci, Elçin Əsədov (Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi) 2-ci, Dəyanət Məmmədov (Şimal Qərb Regional Mərkəzi) 3-cü yerdə qərarlaşıb. Qaliblərə diplom, medal, qiymətli hədiyyələr təqdim olunub.
Komanda şəklində isə 1-ci yerə Dövlət Yanğından Mühafizə Xidməti (DYMX), 2-ci yerə Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi (TTNDA), 3-cü yerə FHN-nin Akademiyası layiq görülüb və hər üç qalibə kubok təqdim edilib.
Qeyd edək ki, çempionatda nazirliyin 24 qurumu və bu qurumların 100-ə yaxın nümayəndəsi iştirak edib. Oyunları beynəlxalq dərəcəli baş hakimlər Bəxtiyar Rüstəmov, Vitali Sopranov, Respublika dərəcəli hakim Azər Abdullayev və 1-ci dərəcəli hakim Anar Əliəkbərov izləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB