Tale Əkbərovun növbəti qələbəsi FOTOLAR

Karete-do federasiyasının vitse-prezidenti, 7-ci dan qara kəmər sahibi, dəfələrlə dünya və Avropa çempionu olan Tale Əkbərov növbəti dəfə dünya çempionu adına layiq görülüb. Belə ki, bu günlərdə İtaliyanın Belqoma şəhərində keçirilən karete-do üzrə dünya çempionatında idmançımız qızıl medal qazanıb.

Növbəti qələbəsi ilə medal kolleksiyasını daha da zənginləşdirən Tale müəllim çempionata böyük həvəslə hazırlaşdığını bildirib: "Turnirə yaxşı hazırlaşmışdım. İnanırdım ki, Vətənə medalla qayıdacağam. Çəkilən zəhmətin bəhrəsini görəndə hər idmançı kimi mən də fərəh hissi keçirirəm. Onu da deyim ki, federasiyamızın idmançıları bu turnirdə 30-a yaxın medal qazanıblar. Bunlardan 8-i qızıl, 12-si gümüş, diğərləri isə bürüncdür".

Vitse-prezident onu da bildirib ki, turnirdə 36 ölkədən 1500 idmançı iştirak edirdi. Qeyd edək ki, əcnəbi ölkələr arasında komandamızın çox sayda medallar və kubok qazanması olduqca sevindirici haldır. Turnirin ən yüksək zirvəsində yer tutan digər idmançılar Sənan Əsədov, Ənvər Məhmədov, Emil Ramazanov, Esmira Əliyeva, Nərmin Camalzadə, Şahin Balayev və Elnur Məmmədovdur.

Vitse-prezident bundan sonra da idmançılarımızın yarışlarda yüksək nəticələr əldə edəcəklərinə inandıqlarını bildirib. O, belə bir çempionatda medallar və kubok qazanmağın çətin, lakin şərəfli olduğunu deyib.

JALƏ

Bütün xəbərlər Facebook səhifəmizdə