"Simurq"da ciddi itkilər var

Topaz Premyer Liqasının XI turunda "Simurq" "Neftçi"ni qonaq edəcək. Siasport.az saytının məlumatına görə, Zaqatala təmsilçisi oktyabrın 27-də "Şəfa stadionu"nda keçiriləcək qarşılaşmaya hazırlıqları davam etdirir. Dünən axşam saatlarında növbəti məşqinə çıxan "Simurq" iki saata yaxın davam edən çalışmalara qaçış və isinmə hərəkətləri ilə başlayıb. Bundan sonra taktiki və texniki təmrinlər yerinə yetirilib, ikitərəfli oyunun ardından qapıya zərbələr vurulub. Bu gün axşam saatlarında növbəti məşqinə çıxacaq komanda hazırlıqları tamamlayaraq istirahətə çəkiləcək.

Heyətdə zədəli və cəzalı futbolçuların çoxluğu məşqçilər korpusunu düşündürən məsələlərdəndir. Belə ki, qırmızı vərəqə ilə cəzalananlar - Draqan Çeran, İlkin Qırtımov və İdan Vaitzman, sarı vərəqə limiti dolan Rəşad Eyyubov və zədəli Rövşən Əmiraslanov bu görüşdə forma geyinə bilməyəcək. Ötən tur oyun öncəsi məşqdə damarı dartılan Dilaver Zrnanoviç isə "Neftçi" ilə oyunda komandasına kömək edə biləcək. Bosniyalı futbolçu artıq məşqlərdədə iştirak edir.

Xatırladaq ki, "Simurq" - "Neftçi" oyunu saat 18:00-da start götürəcək. Qarşılaşmanın baş hakimi isə Əliyar Ağayevdir.

Bütün xəbərlər Facebook səhifəmizdə