Mantsios: “Bakı”da Yunanıstanda 3 ilə ala bilmədiyimi qazanıram MÜSAHİBƏ

Mantsios: “Bakı”da Yunanıstanda 3 ilə ala bilmədiyimi qazanıram MÜSAHİBƏ

"Bakı" klubunun futbolçusu, yunanıstanlı hücumçu Evangelios Mantsios Yunanıstan media orqanlarına müsahibə verib. Siasport.az saytı həmin müsahibəni təqdim edir:

- Karyeranızı Azərbaycanda davam etdirmək haqda qərar qəbul etməklə düzgün addım atdığınızı düşünürsüz?
- Bəli. Düzdür, Azərbaycan çempionatı dünyanın ən yaxşı birinciliklərindən sayılmır. Amma burda yerli futbolun inkişafı üçün diqqətçəkən dərəcədə investisiya yatırılır. Müxtəlif çempionatlardan yaxşı futbolçuların gətirilməsi üçün klublar çoxlu pullar xərcləyirlər. İddialılar autsayderlərlə oyunlarda asanlıqla xal itirirlər. Artıq bütün klublar hər oyunda qələbə üçün bütün gücünü meydanda qoymalı olur.

- Şərait peşəkar səviyyədədir?

- Bəli, bu yöndə də ciddi addımlar atılmaqdadır. Məsələn, bizim klub öz bazasını ən müasir şərtlərə uyğun hazırlayıb. Bu baxımdan bəxtim gətirib. Şərait burda həqiqətən yaxşıdır.

- Bojidar Bandoviçin "Bakı"ya gedişinizdə rolu böyükdür?
- Əlbəttə. Bir neçə dəfə Bandoviçlə danışdım və o, məni komandasında görmək istədiyini bildirdi. Demək olar ki, hər gün danışırdıq. Ona görə də sonda Azərbaycana getməyə qərar verdim.

- Demək olar ki, Azərbaycanı seçməyinizdə əsas rolu maliyyə şərtləri oynadı?

- Şübhəsiz demək olar ki, keçidimdə maliyyə şərtləri əsas motivasiya oldu. "Bakı"da Yunanıstanda 3 ilə ala bilmədiyimi qazanıram. Hazırda bizim klublarda maliyyə problemi var. Burda isə özümə lazım olanı tapmışam.

- Bəs AEK-dən ayrılarkən, aranızda nə baş vermişdi?

- Yunanıstanda qalmaq istədiyimi inkar etməyəcəm. AEK rəhbərliyi ilə danışığımız da olmuşdu və demək olar ki, hər şeyi razılaşdırmışdıq. Lakin mənə vəd olunan pulu alacağıma dair heç bir zəmanət yox idi.

- Qarşıdakı hədəfləriniz nədən ibarətdi?

- Gələcəklə bağlı hansısa planlarımı açıqlamaq istəmirəm. Addım-addım gələcəyimlə bağlı qərarlar verəcəyəm. Çoxları elə hesab edir ki, mən "Bakı"ya karyeramı bitirmək üçün gəlmişəm. Amma mən belə hesab etmirəm.

- Karyeranızda düzəltmək istədiyiniz hansısa səhviniz olub?

- Bəli. Mən böyük səhvə yol vermişəm. Bu barədə əvvəllər də danışmışam. Mənə 26 yaşımda "Anortosis"ə getmək lazım deyildi. Bu, mənim ən böyük səhvlərimdən biri idi. Bir də mən "Panatinaikos"dan niyə getdiyimi hələ də anlaya bilmirəm.

Bütün xəbərlər Facebook səhifəmizdə