Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda futbol üzrə "FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan–2012"nin final oyunu keçirilib. Siasport.az saytının məlumatına görə, finalda Fransanın və Koreya Xalq Demokratik Respublikasının komandaları qarşılaşıblar.
Azərbaycan Prezidenti İlham Əliyev final oyununa baxıb.
Avropa Futbol Federasiyaları Assosiasiyasının prezidenti Mişel Platini, FIFA İcraiyyə Komitəsinin üzvü Lydia Nsekera, beynəlxalq və milli futbol qurumlarının rəhbərləri də final oyununu izləyiblər.
Mundialda Fransa komandası qalib gəlib.
Həlledici oyunun əsas hissəsi komandaların bərabərliyi (1:1) ilə başa çatıb. Oyundan sonrakı penalti zərbələrini daha dəqiq yerinə yetirən (7:6) Fransa futbolçuları "FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan–2012"nin kubokuna sahib olublar.
Sonra təntənəli mükafatlandırma mərasimi keçirilib.
Əvvəlcə final oyununun hakimləri mükafatlandırılıblar.
"Fair play" - ədalətli oyun mükafatına Yaponiya komandası layiq görülüb.
Daha sonra çempionatın ən məhsuldar futbolçusu, ən yaxşı qapıçısı və ən yaxşı oyunçusu mükafatlandırılıblar.
Çempionatı üçüncü yerdə başa vuran Qana millisinə bürünc medallar təqdim olunub.
Final oyununda məğlub olan Koreya Xalq Demokratik Respublikasının komandası gümüş medallarla mükafatlandırılıb.
Mundialın qalibi Fransa yığmasına qızıl medallar və dünya çempionatının kuboku təqdim olunub.
Mükafatları Azərbaycan Prezidenti İlham Əliyev, UEFA-nın prezidenti Mişel Platini, FIFA İcraiyyə Komitəsinin üzvü Lydia Nsekera və başqaları təqdim ediblər.
Mükafatlandırma mərasimindən sonra yaşıl meydançadakı səhnəyə çıxan dünya şöhrətli müğənni Şakiranı 27 min azarkeş hərarətlə qarşılayıb.
Bununla da Azərbaycanın ev sahibliyi etdiyi daha bir dünya çempionatı başa çatıb. Beynəlxalq yarışları keçirməkdə böyük təcrübəsi olan ölkəmizin tarixində ilk dəfə 17 yaşadək qadınlar arasında dünya çempionatı yüksək səviyyədə keçirilib. Bu, Azərbaycanda keçirilən ilk böyük FIFA tədbiri və Avrasiyada baş tutan ilk U-17 qadınlararası dünya çempionatı idi. Çempionatda Yaponiya, Koreya Xalq Demokratik Respublikası, Çin, Nigeriya, Qana, Qambiya, ABŞ, Kanada, Meksika, Braziliya, Uruqvay, Kolumbiya, Yeni Zelandiya, Fransa, Almaniya və ev sahibi Azərbaycanın milli komandaları birincilik uğrunda mübarizə aparıblar.
Dünya çempionatının oyunları paytaxt Bakı ilə yanaşı, Lənkəran şəhərində də keçirilib. Çempionat üçün beşi Bakıda, biri isə Lənkəranda olmaqla altı stadion ayrılıb. Bu stadionlardan üçü mundiala hazırlıq işləri çərçivəsində inşa olunub.
Dünya çempionatının açılış mərasimində iştirak edən FIFA prezidenti Yozef Blatter və digər rəsmi qonaqlar mundialın yüksək səviyyədə təşkil olunduğunu dəfələrlə xüsusi vurğulayıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB