“Now sport” kanalının meneceri Bakıda gənc jurnalistlərə seminar keçdi

“Now sport” kanalının meneceri Bakıda gənc jurnalistlərə seminar keçdi

Bakıda Beynəlxalq İdman Jurnalistləri Assosiasiyasının (AİPS), Gənclər və İdman Nazirliyinin və Azərbaycan Milli Olimpiya Komitəsinin birgə təşkilatçılığı ilə "Gənc jurnalistlər proqramı" layihəsi davam edir. Siasport.az saytı xəbər verir ki, bu gün "Hilton" mehmanxanasında layihə iştirakçıları Honkonqun "Now sport" televiziya kanalının meneceri Çiu Çan Fai Raymond ilə görüşüblər.
Tədbirdə Ç.Raymond idman yarışlarının canlı yayımlanması istiqamətində tətbiq edilən yeniliklərdən danışıb. Bunun çox məsuliyyətli və dəqiq hesablanmış bir iş olduğunu diqqətə çatdıran Ç.Raymond yayımın peyk vasitəsilə ötürüldüyünü deyib. O qeyd edib ki, yarışın yayım hüququnu alan hər hansı şirkət və televiziya kanalı hər dəqiqə üçün 300 ABŞ dolları ödəməlidir.
Çalışdığı televiziya kanalının Ukrayna və Polşanın ev sahibliyi etdiyi futbol üzrə Avropa çempionatının yayım hüququna malik olduğunu bildirən natiq, jurnalistlərin matçların şərhini stadionlarda quraşdırılmış xüsusi kabinələrdə həyata keçirdiyini söyləyib.
O bildirib ki, şərhçinin stadionda olması çox vacibdir. Çünki canlı yayıma baxaraq matçın şərhinin verilməsi zamanı anlaşılmazlığın olması qaçılmaz haldır.
Xatırladaq ki, Bakıda keçirilən 23 günlük "Gənc jurnalistlər proqramı" layihəsinə AİPS-in 5 qitədən 19-25 yaşlar arasında gənc jurnalistlərdən seçdiyi 20 nəfər cəlb olunub.
Xarici jurnalistlər Bakıda 17 yaşadək qadınlararası futbol üzrə dünya çempionatını keçirildiyi 23 gün ərzində birlikdə izləyir və hər biri öz ölkəsində təmsil etdiyi media qurumu üçün məqalələr hazırlayır. Onlar Bakıda Yerli Təşkilat Komitəsinin seçdiyi azərbaycanlı həmkarları ilə birgə çalışırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə