Tennis üzrə “Baku Cup-2011” beynəlxalq turnirin saytının təqdimetmə mərasimi keçirilib

Tennis üzrə “Baku Cup-2011” beynəlxalq turnirin saytının təqdimetmə mərasimi keçirilib

İyunun 17-də Bakı Tennis Akademiyasında peşəkar qadın tennisçilər arasında Azərbaycanda keçiriləcək beynəlxalq turnirin saytının (www.bakucup.az) təqdimetmə mərasimi keçirilib. Siasport.az saytı xəbər verir ki, ümumi mükafat fondu 220000 ABŞ dolları təşkil edən turnir iyulun 16-dan 24-dək davam edəcək. İlk dəfə olaraq WTA Tour-un (Women’s Tennis Association) "Baku Cup-2011" turnirində dünyanın ən güclü 100 tennisçilərinin arasından seçilən və Rusiya, Ukrayna, Xorvatiya, Sloveniya, İtaliya, İspaniya və digər ölkələrdən olan qadın tennisçilərlə yanaşı, dünyanın 3-cü tennisçisi olan Vera Zvonareva da iştirak edəcək. Turnirdə iştirakı ilə əlaqədar onunla artıq müqavilə imzalanıb. Yarışda iştirakını təsdiqləyən digər tennisçilər isə Rusiya, Gürcüstan, Yunanıstan, ABŞ, Hollandiya, Slovakiya, Sloveniya, Polşa, Bosniya və Herseqovina, Litva, Özbəkistan, Almaniya və digər ölkələrdəndilər. Yarışda ölkəmizin idman şərəfini isə güzəştli kartla 16 yaşlı Kamilla Fərhad qoruyacaq.

Mərasimdə Azərbaycan Tennis Federasiyasının baş katibi İlham Quliyev, ilk öncə bu turnirin təşkilinə görə Heydər Əliyev Fondu və Fondun prezidenti, Azərbaycanın birinci xanımı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya təşəkkürünü bildirib. İ.Quliyev qeyd edib ki, turnirin püşkatma mərasimi iyulun 15-də keçiriləcək və ondan sonra 32 tennisçi xanım final mərhələsinə vəsiqə qazanmaq uğrunda mübarizəyə başlayacaqlar.

\"Baku Cup-2011\" Turnirinin Direktoru Leyla Mesxi bildirib ki, Bakıda bu cür nüfuzlu, yüksək səviyyəli turnirin təşkili Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə həyata keçirdiyi idman siyasətinin bariz sübutudur. Turnirin Bakıda təşkil olmasının əsas məqsədinin ölkəmizdə bu idman növünün inkişafı və təbliği olduğunu deyən L.Mesxinin sözlərinə görə, Azərbaycan belə səviyyədə turnirlərin təşkil olmasına artıq hazırdır: ""Baku Cup"ı təşkil etmək hüququnun Azərbaycana verilməsi yaxın keçmişdə əldə edilmiş Azərbaycan tennis məktəbinin zəngin ənənələrinə əsaslanan Azərbaycan Tennis Federasiyasının və onun prezidenti Oqtay Əsədovun təqdirəlayiq fəaliyyətinin müsbət təzahürüdür. Müxtəlif tennis turnirlərinin təşkilində müəyyən təcrübəyə malik olsam da, mənim "Baku Cup"ın direktoru kimi təyin olunmağım böyük şərəf və məsuliyyətdir. Azərbaycandan olan həmkarlarımla birlikdə turnir iştirakçıları və tennis azarkeşlərinin ümidlərini doğrultmaq üçün əlimdən gələni edəcəyəm. Turnir iştirakçılarına uğurlar diləyir və bütün tennissevərlərə gözəl tennis oyunlarını seyr etməyi arzulayıram".

Qeyd edək ki, turnirin yerli və xarici ölkələrin televiziya kanallarında yayımlanması barədə danışıqlar aparılır. Azərbaycanın "İdman" kanalında tennis turnirinin 24 saat canlı yayımlanması barədə artıq qərar qəbul edilib.

"Baku Cup" Bakıda dünya standartlarına uyğun inşa edilmiş Bakı Tennis Akademiyasının kortlarında keçiriləcək. Onu da qeyd edək ki, 3000 azarkeşin yerləşdirilməsi mümkün olan kortun inşası bitmək üzrədir.

Turnir barədə 2 dildə (Azərbaycan dilində və İngilis dilində) tirajı 1000 ədəd olan jurnalın nəşr edilməsi də nəzərdə tutulub.


Tədbirin sonunda isə Azərbaycan Tennis Federasiyasının məsul katibi Lalə Çələbizadə sayt barədə məlumat verib. O, saytın Azərbaycan və ingilis dillərində fəaliyyət göstərdiyini, internet səhifəsində statistik və dinamik məlumatların olduğunu, yarış zamanı canlı şəkildə hesabların yayımlanacağını, səhifədə Azərbaycan və Bakı haqqında geniş informasiyaların və şəkillərin yerləşdirildiyini qeyd edib. Məsul katib həmçinin sayt vasitəsilə biletlərin alına biləcəyini də vurğulayıb.


Bütün xəbərlər Facebook səhifəmizdə