Milli Qurtuluş Gününə həsr olunmuş “Prezident Kuboku”na start verildi
15 iyun Milli Qurtuluş Gününə həsr olunmuş "Prezident Kuboku" uğrunda uşaq komandaları arasında (1996 - 1997-ci il təvəllüdlü uşaqlar arasında) V beynəlxalq turnir start götürüb. Siasport.az saytı xəbər verir ki, turnirin açılış mərasimində milli komandanın üzvü Saşa Yunusoğlu, AFFA-nın uşaq və gənclər departementini rəhbəri Elçin Məmmədov, Regional Futbol Federasiyasının baş katibi Füzuli Nəcəfov, Bakı Futbol Federasiyasının vitse-prezidenti Mahir Süleymanzadə, U-21-in məşqçisi Yaşar Vahabzadə, "Granit AS Travel" şirkətinin rəhbəri Aftandil Vəliyev və s. iştirak ediblər.
Açılış mərasimində iştirak edən qonaqlar turnirin ən müsbət cəhətlərindən birinin gənc istedadları üzə çıxardmaq olduğunu bildiriblər. Milli komandanın üzvü Saşa Yunusoğlu çıxışında nəzərə çatdırıb ki, belə turnirlərdə iştirak etmək təqdirəlayiqdir. Peşəkar fubolçu özünün də belə turnirlərdə formalaşdığını söyləyib.
Yaşar Vahabzadə turnirin ilk günündə keçirilən oyunlarda artıq "Vətən" klubunun 2 futbolçusunu seçib. Onları turnirin sonuna qədər izləyəcəyini bildirib. Artıq 5 ildir ki, keçirilən bu turnirdə təcrübəli məşqçi gənc istedadların üzə çıxarılmasında səylə çalışır.
Turnirin ilk günündə keçirilən 2 oyunda "Neftçi" "Təhsil" komandasını 2:1 hesabıyla məğlub edib. Digər matçda isə böyük hesablı qələbə qeydə alınıb. Belə ki, "Vətən" komandası "Bakı"nın 1997-ci il təvəllüdlü futbolçularından ibarət komandasına 7:1 hesabıyla qalib gəliblər.
Qeyd edək ki, "Bakı" komandası bu görüşdə ehtiyatda olan futbolçulara üstünlük verib.
Xatırladaq ki, bu turnir artıq 5 ildir ki, keçirilir. Turniri AFFA, Gənclər və İdman Nazirliyinin dəstəyilə "Granit AS Travel" şirkəti təşkil edir. Yarışın artıq ənənə halını alaraq keçirilməsində məqsəd Respublika Prezidentinin Azərbaycan futbolunun inkişafı haqqında imzaladığı Dövlət Proqramına dəstək olmaqdır.
"Granit AS Travel" şirkətinin rəhbəri Aftandil Vəliyev bildirib ki, belə yarışların təşkil olunması uşaq futbolçuların ustalıqlarını artırır və uşaqlar arasında futbolun təbliğini daha da artırmış olur.
Yarışda 2 qrup üzrə 6 komanda mübarizə aparır. Hər 2 qrupun üzvləri birbaşa finalda oynamaq hüququ qazanacaqlar. Oyunlar 2 hissədən ibarətdir. Hər hissə 35 dəqiqədir. Hissələr arasındakı fasilə 5 dəqiqədir.
Qrupda komandaların tutduğu yerlər (Azərbaycan çempionatının və Azərbaycan Kuboku uğrunda yarışların Əsasnaməsinin 4-cü maddəsinə əsasən) görüşlər zamanı toplanmış xallara görə müəyyən edilir.
Turnirdə 1-3-cü yerləri tutan komandalar xüsusi kubok və diplomlarla mükafatlandırılacaqlar. Bundan əlavə ən yaxşı qapıçı, müdafiəçi, yarımmüdafiəçi, hücumçu, ən texnikalı futbolçu və turnirin ən yaxşı futbolçusu da hədiyyələrlə təltif olunacaq.
Turnirin Təşkilat Komitəsinin sədri Fəxrəddin Yusubov, məsul katibi isə Füzuli Nəcəfovdur.
Bu yarışın Azərbaycan futbolunda üzə çıxardığı istedadlı futbolçular aşağıdakılardır:
1. Anar Məhərrəmov - "İnter" (Milli komandanın üzvü U-21)
2. Tərlan Quliyev - "Neftçi" (Milli komandanın üzvü U-21)
3. Kamil Hüseynov - "Qarabağ" (Milli komandaya cəlb edilib U-19)
4. Mətin Əbdülsoy - "Bakı" (Milli komandaya cəlb edilib U-17)
5. Pərviz Qaraxanov - "Neftçi" (Mili Komandanın üzvü U-16)
6. Fəhmin Muradbəyli - "Neftçi" (Mili Komandanın üzvü U-16)
7. Cəmil Hacıyev - ("Bakı"nın 17 yaşlılardan ibarət komandasının üzvü)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB