"Mingəçevir Reqatası-2024"ün proqramı açıqlanıb

16-18 sentyabr aralığında keçiriləcək avarçəkmə üzrə “Mingəçevir Reqatası-2024” beynəlxalq turnirinin proqramı və iştirakçı ölkələri bəlli olub. Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, yarışda 12 ölkə – Azərbaycan, Estoniya, Gürcüstan, İtaliya, Macarıstan, Qazaxıstan, Litva, Moldova, Polşa, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dək idmançı mübarizə aparacaq.

Ənənəvi reqata ilk dəfə işğaldan azad olunmuş Füzulidə - Aşağı Köndələnçay su anbarında təşkil ediləcək.

Yarışlara 16 oktyabrda Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində start veriləcək. Füzuli şəhərinin işğaldan azad olunması günü ilə əlaqədar 17 oktyabrda Füzulidə Aşağı Köndələnçay su anbarında reqatanın rəsmi açılış mərasimi baş tutacaq.

18 oktyabrda Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində final yarışları və bağlanış mərasimi keçiriləcək.

Qeyd edək ki, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası buna qədər işğaldan azad olunmuş ərazilərimizdən Suqovuşanda ilk dəfə geniştərkibli idman tədbiri, həmçinin “Prezident Kuboku” və “Mingəçevir Reqatası” beynəlxalq turnirlərini təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə