Azərbaycan Basketbol Liqasının start tarixi və yeni reqlamenti açıqlanıb
Azərbaycan Basketbol Liqasında (ABL) 2024/2025-ci illər mövsümü oktyabrın 18-də başlayacaq. SİA xəbər verir ki, ötən ildən fərqli olaraq, basketbol üzrə 30-cu Azərbaycan çempionatında 12 komanda çempionluq uğrunda mübarizə aparacaq.
Bu mövsümdən etibarən, "Cəlilabad" klubu "Quba" ilə əvəzlənəcək, "Xəzri" isə "Naxçıvan" BK adlandırılacaq, "Xırdalan" isə "Abşeron" BK adı ilə fəaliyyət göstərəcək. Eyni zamanda, yeni yaranmış "Ordu" və "Lənkəran" klubları da çempionatda mübarizəyə qoşulacaq.
Yeni reqlamentə əsasən, çempionatın oyunları 20 turdan ibarət 4 dövrəli sistem üzrə keçiriləcək. Oyun zamanı meydançada 4 əcnəbi və mütləq şəkildə 1 yerli basketbolçunun iştirak etməsi əsas şərt olacaq. Müntəzəm mövsümün oyunları A və B qruplarında baş tutacaq. Ötən çempionatın nəticələrinə əsasən, müntəzəm mövsümü ilk altılıqda bitirmiş, yəni pley-offa vəsiqə qazanmış klublar A, digər dörd komanda və debütantlar B qrupunda mübarizə aparacaqlar.
A qrupu: "Sabah" BK, "Naxçıvan" BK, NTD Bakı, "Abşeron" BK, "Neftçi" İK, "Sərhədçi" PİK;
B qrupu: "Sumqayıt" BK, "Gəncə" BK, "Quba" BK, "Şəki" BK, "Ordu" İK, "Lənkəran" BK.
Müntəzəm mövsümdə A qrupunu ilk 3 sırada tamamlayan klublarla yanaşı, B qrupunu lider bitirən komanda 1/4 final mərhələsinə vəsiqə qazanacaq. Qruplarda digər yerləri tutmuş komandalar isə 1/8 final mərhələsində üz-üzə gələcəklər. Bu raundda ən tez iki qələbə qazanmış klublar 1/4 finala vəsiqə qazanacaqlar. Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək. Final seriyasında isə ən tez 4 qələbə qazanmış klub Azərbaycan Basketbol Liqasının (ABL) qalibi olacaq.
Qeyd edək ki, klubların pley-off mərhələsində göstərdikləri uğurlu və ya uğursuz nəticələrə əsasən, növbəti mövsümdən onların A, yoxsa B qrupunda iştirak edəcəyi müəyyənləşəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə