Milli Atçılıq Festivalının açılış mərasimi keçirilib - FOTOLAR

Milli Atçılıq Festivalının açılış mərasimi keçirilib - FOTOLAR

Bu gün Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Binə Atçılıq Mərkəzində, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Milli Atçılıq Festivalının açılış mərasimi keçirilib.

SİA xəbər verir ki, açılış mərasimindən öncə Ümummilli lider Heydər Əliyevin və torpaqlarımız uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsinə ehtiram əlaməti olaraq bir dəqiqəlik sükut elan edilib. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

İlk olaraq çıxış edən gənclər və idman naziri Fərid Qayıbov Ulu Öndərin 100 illik yubileyi çərçivəsində idman federasiyalarının aktiv şəkildə fəallıq göstərdiyini bildirib: "Bu il Atçılıq federasiyası üzrə müxtəlif yarışlar keçirilib. Bu gün Milli Atçılıq Festivalının açılış mərasimində toplaşmışıq. İdman dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Ölkəmizdə keçirilən bütün beynəlxalq yarışlar idmanımızın qələbəsidir".

F.Qayıbov çıxışının sonunda bütün iştirakçılara uğurlar arzulayıb.

Ardından kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov qonaqları salamlayıb: "Çövkən üzrə dünya çempionatının və cıdır yarışının tamaşaçılar tərəfindən maraqla qarşılanacağı indidən görünür. Sevindirici haldır ki, bu yarışlar milli cins atların qaçışı ilə təşkil olunacaq. Atçılıq sahəsi istiqamətində görülən işlər nazirlik üçün prioritet məsələlərdən biridir".

Açılış mərasiminin ardınca Çövkən üzrə Dünya Çempionatının ilk 3 oyunu keçiriləcək.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə