"Prezident idmanın tərəqqisində qətiyyətli addımlar atıb" - MÜSAHİBƏ

Bakı Şəhər Gənclər və İdman İdarəsinin rəisi Dənyar Teymurlunun SİA-ya müsahibəsini təqdim edirik:

- 20 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan idmanında hansı işlər görülüb?

- Rəhbərlik etdiyi bütün sahələrdə uğurlara imza atan cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi Azərbaycan idmanının həyatında mühüm əlamətdar hadisə kimi tarixə yazıldı. Bu idman sahəsində həyata keçirilən dövlət siyasətinin yeni şəraitdə gerçəkləşməsinə böyük imkanlar açdı. 2003-cü ildə keçirilən prezident seçkilərində ölkə rəhbəri seçilən cənab İlham Əliyev idman və bədən tərbiyəsinin tərəqqisi, Azərbaycanın dünya idman ailəsinin bərabərhüquqlu üzvünə çevrilməsi istiqamətində daha qətiyyətli addımlar atdı. İdmançılara dövlət qayğısı ilə yanaşı, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsində də mühüm işlərə start verildi. Ölkəmizin nüfuzlu idman yarışlarına və tədbirlərinə ev sahibliyi etməsi, təmsilçilərimizin mötəbər yarışlarda medallar qazanması respublikamızı dünyada inkişaf etmiş idman ölkəsi kimi tanıdıb. Azərbaycanda idmana olan münasibət başqa ölkələrə nümunə kimi göstərilir.

- Sizcə, bu illər ərzində uşaqlar və yeniyetmələri idmana cəlb etmək üçün hansı önəmli addımlar atılıb?

- İham Əliyevin rəhbərliyi ilə respublikamızın əksər regionlarında müasir standartlara cavab verən, hər cür şəraiti olan Olimpiya İdman kompleksləri, stadionlar, idman zalları tikilərək idmançıların istifadəsinə verilib. Yüksək səviyyəli idman strukturunun yaradılması ilə idman bölmələrinə axın edən gənclərin sayı günü-gündən artıb və hazırda bu kütləvilik daha da geniş vüsət alıb.

- Ölkə başçısının idman sahəsində apardığı kadr siyasətini necə dəyərləndirmək olar?

- Azərbaycanda bədən tərbiyəsi və idman hərəkatının idarə olunması prosesi günün tələbləri səviyyəsində inkişaf etdirilir. Cənab Prezident İham Əliyev kadr siyasəti baxımından səriştəli və təcrübəli şəxsləri idman təşkilatlarında əsas vəzifələrə təyin edib. Bütövlükdə ölkə başçısının idman sahəsində apardığı kadr siyasəti Azərbaycanda idmanın və bədən tərbiyəsinin təbliğində, ölkə idmançılarının dəstəklənməsində uğurlu olmuşdur.

Prezident İlham Əliyevin idmanın inkişafı üçün göstərdiyi səylər və qəbul etdiyi qərarlar belə deməyə əsas verir ki, qarşıdakı illərdə də Azərbaycan idmanı yeni zirvələri fəth edəcək və idmanın kütləviləşməsi prosesi özünün inkişafında yeni mərhələyə qədəm qoyacaqdır.

- Bugünkü gündə Azərbaycanda ən inkişaf etmiş idman sahəsi hansıdır?

- Azərbaycan ənənəvi olaraq güləş, cüdo və boksda güclü olub, həmçinin ağır atletika, gimnastika, taekvondo və şahmat kimi digər idman növlərində də uğurlar qazanıb.

- Azərbaycan Prezidentinin 20 illik fəaliyyəti dövründə Azərbaycan hansı beynəlxalq yarışlara ev sahibliyi edib? Bunların Azərbaycan üçün əhəmiyyəti, müsbət təsirləri nədən ibarətdir?

- Azərbaycan idman tarixinin ən şərəfli səhifələrindən biri “Bakı-2015” Avropa Oyunları olmuşdur. Bununla yanaşı Azərbaycan 2010-cu ildə boks üzrə dünya çempionatı, 2011-ci ildə Cüdo üzrə “World Masters” beynəlxalq turniri, 2014-cü il bədii gimnastika üzrə Avropa çempionatı, 2016-cı ildə şahmat üzrə dünya çempionatı, 2017-ci ildə İslam Həmrəyliyi Oyunları, 2019-cu ildə bədii gimnastika üzrə dünya çempionatı, 2021-ci ildə futbol üzrə avropa çenpionatının oyunları, 2022-ci ildə gimnastika üzrə dünya kuboku, 2023-cü ildə atıcılıq və taekvondo üzrə dünya çempionatları və digər bu kimi beynəlxalq tədbirlərə müvəffəqiyyətlə ev sahibliyi edib. Bu çərçivədə ölkəmizdə keçirilən Formula-1” yarışlarını da xüsusi qeyd etmək olar.

Beynəlxalq yarışların Azərbaycanda keçirilməsi ölkənin idman, iqtisadi, siyasi və turizm sahələrində tanınmasına habelə, ölkə iqtisadiyyatının inkişafına müsbət təsir göstərir.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə