"Qarabağ" "Sumqayıt" komandasını darmadağın edib

Futbol üzrə Azərbaycan Premyer Liqasında VIII tura start verilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Açılış matçında “Qarabağ” komandası “Sumqayıt”ı qəbul edib. “Azersun Arena”da keçirilən görüş meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə başa çatıb.

Hesabı 22-ci dəqiqədə Juninyo açıb. Braziliyalı hücumçu cəmi 5 dəqiqə sonra özünün və komandasının ikinci qolunu vurub. 42-ci dəqiqədə penaltini dəqiq yerinə yetirən Toral Bayramov qonaqları üçüncü dəfə meydanın mərkəzinə dəvət edib. İlk hissədə əsas vaxtın başa çatmasına bir dəqiqə qalmış Leandro Andre Ağdam klubunun üstünlüyünü 4 topa çatdırıb. Oyunda son nöqtəni isə 49-cu dəqiqədə Abdullah Zubir qoyub.

Bu qələbədən sonra xallarını 16-ya çatdıran "Qarabağ" turnir cədvəlində ikinci pilləyə yüksəlib. Altı xalı olan "Sumqayıt" isə yeddinci sırada qərarlaşıb.

Qeyd edək ki, turun “Turan Tovuz” – “Neftçi” və “Səbail” – “Sabah” oyunları sentyabrın 30-da, “Kəpəz” – “Qəbələ” və “Araz-Naxçıvan” – “Zirə” görüşləri isə oktyabrın 1-də keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə