Rusiyalı şahmat üzrə dünya çempionu vətəndaşlığını dəyişib

Rusiyalı şahmat üzrə dünya çempionu vətəndaşlığını dəyişib

Rusiyalı şahmatçı, qrossmeyster Aleksandra Kosteniuk 2024-cü ilin yanvarından İsveçrənin bayrağı altında çıxış edəcək.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə İsveçrə Şahmat Federasiyası məlumat yayıb. Beləliklə, Kosteniuk İsveçrənin qadınlardan ibarət yığmasının üzvü olacaq. Eyni zamanda o, zərurət yaranarsa kişilərdən ibarət komandada da oynaya biləcək.

Bu da rus saytlarının məlumatında deyilir.

Yeri gəlmişkən, Rusiyanın Ukraynaya müdaxiləsindən sonra bu, idman vətəndaşlığını dəyişən ilk rus yüksək səviyyəli idmançıdır (qeyd edək ki, həm qadınlar, həm də kişilər arasında-A.B.).

İsveçrə Şahmat Federasiyasının press-relizində deyilir ki, Kosteniuk hazırda qadın şahmatçıların dünya reytinqində 9-cu yerdədir. Federasiyanın məlumatına görə, "Ukraynada müharibə başlayandan sonra o, vətənindən üz döndərib və hazırda Beynəlxalq Şahmat Federasiyasının (FIDE) bayrağı altında oynayır”.

Xatırladaq ki, 2022-ci ilin martında şahmatçı Rusiyanın Ukraynaya hərbi müdaxiləsini pisləyən açıq məktub imzalayıb.

Qeyd edək ki, Kosteniukun 38 yaşı var, o, qadınlar arasında şahmat üzrə 12-ci dünya çempionudur (2008-ci ilin sentyabrından 2010-cu ilin dekabrına kimi), ikiqat Rusiya çempionu, Avropa çempionu, milli komandanın tərkibində Dünya Şahmat Olimpiadalarının üçqat qalibidir. Şahmatçı kişilər arasında qrossmeyster adının sahibidir. Bundan əlavə, o, iki dəfə İsveçrə çempionatının qalibi olub.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə