Plastik tullantılar heyvanların ölümünə səbəb olur - QURUM RƏSMİSİ AÇIQLADI

Plastik tullantılar heyvanların ölümünə səbəb olur - QURUM RƏSMİSİ AÇIQLADI

“Plastik tullantıların ətraf mühitə verdiyi zərərləri haqqında beynəlxalq təcrübədə də yetərli qədər məlumat var. Bu tullantılar su, hava qatını çirkləndirir. Ən pisi də odur ki, bunlar yüzillərlə çürümədən qalır və çürümə prosesi də tam getmir”. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova bildirib. Onun sözlərinə görə, bu tullantılar mikrohissəciklərə bölünürlər və bunlar da daimi olaraq qalır: “Əlbəttə ki, bu quşlar, digər heyvanlar, dənizdə isə balıqlar tərəfindən qida olaraq qəbul edilir. Bu da nəticədə heyvanların ölümünə səbəb olur. Dolayısı yolla isə bizim orqanizmimizə keçir və böyük ziyan yaradır.
Plastik tullantılar da gözlə gördüyümüz və görə bilmədiyimiz mikrohissəciklər şəklində olurlar. Buna görə gündəlikdə istifadə etdiyimiz bir çox şeyin tərkibində bu plastik mikrohissəciklər olur.
Bununla bağlı olaraq ölkəmizdə ilk öncə tədbirlər planı hazırlanıb. Həmin tədbirlər planında bir çox bəndlər öz əksini tapıb. Onlardan biri də beynəlxalq praktikanın araşdırılması, bu istiqamətdə maarifləndirmə işlərinin aparılması və işin genişləndirilməsi idi.
Biz artıq bilirik ki, 2021-ci ilin yanvar ayından polietilen torbaların satışının istehsalı qadağan olunmuşdur. Eyni zamanda 2021-ci ilin iyuluna qədər digər plastik vasitələr, yəni çəngəl, qaşıq, bıçaq və qabın istehsalı qadağan olunmuşdur. Bu qaydaları pozan şəxslərə qarşı da cərimələr müəyyən edilib. Hətta 1 il ərzində yenidən bu qayda pozuntusu olarsa bu zaman cərimələrin miqdarı daha artıq təyin olunur. Lakin bütün bunlarla yanaşı müxtəlif tədbirlər, aksiyalar keçirilir, radio və televiziyalar vasitəsilə məlumatlandırma işləri aparılır. Eyni zamanda bir çox layihələr də həyata keçirilir.
Plastik tullantılar elə bir məsələdir ki, bunun üzərində daimi olaraq işlər gedir, yeni proqramlar hazrlanır. Plastik torbalar həsir və eko çantalarla əvəz edilir. Hazırda da eko çanta istifadə edənlərin sayı artıb.
Bütün bunları nəzərə alaraq çalışdığımız qədər plastik tullantı məsələsində diqqətli olmalıyıq”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə