2 İyul Polis əməkdaşlarının peşə bayramıdır - SORĞU

Hər bir dövlətin asayişini qoruyan, onun təhlükəsizliyinə xidmət edən qüvvələri mövcuddur. Azərbaycanın ilk polis bölüyü 1918-ci il iyulun 2-də Azərbaycan Xalq Cümhuriyyəti dövründə cinayətkarlıqla mübarizə aparmaq və ictimai təhlükəsizliyi təmin etmək məqsədilə yaradılıb. 1998-ci ildən isə iyulun 2-si Ulu Öndər Heydər Əliyevin fərmanı ilə Azərbaycan daxili işlər orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunur. Gecə-gendüz demədən dövlətin, xalqın təhlükəsizliyini qoruyurlar. SİA olaraq 2 iyul Polis Əməkdaşlarının Peşə bayramı münasibətilə şəhər sakinləri arasında sorğu keçirdik:

Şəhər sakini Afdandil Həsənov: "Azərbaycan polisi xalqımızın təhlükəsizliyini təmin eləmək üçün gecə-gündüz çalışırlar. Dövlətin polisi onun əsas atributudur. Onlar hər zaman öz peşələrini şərəflə icra edirlər. Şəhərlərdə bölgələrdə asayişi qoruyurlar. Hər birinə işlərində müvəffəqiyyətlər arzulayıram".

Şəhər sakini Ehtiram Hüseynov: "Hər bir dövlətin polis qrupuna çox böyük ehtiyacı var. Polislər olmasa ölkə ərazisində çaxnaşmalar yaranar. Avtoxuliqanlar baş alıb gedər. Hər bir polisin həyatımızda rolu var. Polislərin çox mühüm öhdəlikləri var. Onlar ictimai asayişi qoruyur, cinayətlərin və digər xətaların qarşısını alır. Allah polislərimizi qorusun. Hər birinə işlərində uğurlar arzulayıram".

Şəhər sakini İlhamə Talıbova: "Azərbaycan dövləti, xalqı polisindən razıdır. Onlar hər dəqiqə xalqın təhlükəsizliyini düşünürlər. Hər hansı bir hadisənin qarşısını alırlar. Onlar olmasa ölkədə xaos olardı. Soyğunların, qəzaların sayı artardı. Hər bir polisin dövlətin təhlükəsizliyində böyük rolu var. İstər yol polisi, istər əməliyyat polisi, istərsə də digər sahələr üzrə işləyən polislərin həyatımızda rolu böyükdür".

Şəhər sakini Zöhrab Qasımov: "Polisləri peşə bayramı münasibətilə təbrik edirəm. İşlərində uğurlar arzulayıram. Azərbaycan polisi ilə millətimiz fəxr edir. Onlar bizim üçün, bizim təhlükəsizliyimiz üçün mübarizə aparırlar. Allah hər birini qorusun".

Şəhər sakini Zakir Babayev: "Bəlkə də polislər olmasa gündə bir hadisə baş verərdi. Polis dövlətin qoruyucusudur. Baş verən çaxnaşmaların qarşısını almaq onların vəzifəsidir. Onların sayəsində biz axşam evimizdə rahat dincəlirik. Hadisə baş verərsə, anında Azərbaycan polisi müdaxilə edib məsələni araşdırar".

Şəhər sakini Güldəniz Qocayeva: "2 iyul polislərin peşə bayramıdır. Bu gün münasibətilə Azərbaycan polisini təbrik edirəm. Allah onları qorusun. Azərbaycan polisi xalqımızın dayağıdır. Müharibə ərəfəsində Azərbaycan polisi xalqımıza çox dəstək oldu. Ölkədəki çaxnaşmaların qarşısını aldı. Bu gün ölkəmizdə sakitliyin olması polislərimizin sayəsindədir.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə