STEAM təhsilinin aktuallığı və Naxçıvan Dövlət Universitetində bu sahədəki imkanlar
Cavadxan Qasımov
Naxçıvan Dövlət Universitetinin dosenti,
İqtisad üzrə fəlsəfə doktoru
Elmi və nəzəri araşdırmaların daha aktual mövzular üzərində qərarlaşdığı hazırkı dövrdə modern təhsil idarəetməsinin mühüm tərəflərindən birini də ixtisaslı kadr ehtiyatlarının müəyyən olunması və hazırlanması məsələləri təşkil etməkdədir. Mahiyyət etibarı ilə mövcud təhsil standartlarının daha da təkmilləşdirilməsi, etibarlılıq göstəricilərinin yüksəldilməsi, alternativlik keyfiyyətlərinin gücləndirilməsi və bütün bunlarla, yenilənməsi, müasir çağırışlara cavab verməsini və uyğunlaşdırılmasını ifadə edən modernləşdirmə nəzəriyyədən təcrübəyə keçidin çox səmərəli mexanizmlərini ortaya qoymaqdadır. Fasiləsizliyin, sistemliliyin və əlaqəliliyin gerçək ifadəsi olan elm və təhsil, bilik və bacarıqların əsas başlanğıc mərhələsini ifadə etməkdədir. Müasir dövrdə dünyanın bu sahədə inkişaf etmiş ölkələrinin təcrübəsinə diqqət yetirdikdə aydın olur ki, elmə söykənən bilik və bacarıqlar ixtisaslaşmanın və mütəxəssis hazırlığının etibarlılıq göstəricilərindən birinə çevrilməkdədir. Bu isə elmi, texnoloji biliklərlə yanaşı, eyni zamanda, mühəndis, sənət və riyazi keyfiyyətlərin məcmusundan ibarət olan ixtisaslaşmanı da gündəmə gətirməkdə, onu daha da aktuallaşdırmaqdadır. Beləliklə, dünya təhsilinin kəmiyyət və keyfiyyət baxımından inkişaf mərhələlərinin hər birində özünü biruzə verən bu amillər STEAM təhsil mexanizminin tətbiq olunmasına imkan yaratmış oldu.
STEAM elmi, təcrübi əhəmiyyətinə görə dövlətin sosial siyasətinin səmərəlilik göstəricilərindən birini ifadə etmkdədir. Belə ki, sosial siyasət, dövlətin daxili siyasətinin əsas hissəsi olub, onun proqramlarında ifadə olunur və təcrübədə həyata keçirilir, bir qayda olaraq, əhalinin sosial qruplarının mənafeyi naminə və maraqları vasitəsilə cəmiyyətdə olan münasibətləri tənzimləmiş olur.
Elm, texnologiya, mühəndislik, sənət və riyaziyyatın vəhdətini ifadə edən STEAM (science, technology, engineering, arts and mathematics), təhsilin daha çox məqsədyönlülüyə və kreaitivliyə istinad edən təşəkkülünü nəzərdə tutur. Bir çox xüsusiyyətlərinə görə STEAM təhsil metodu gənc nəslin savadlanmasında və ixtisaslaşmasındakı tutumu ilə fərqlənməkdədir. Həmin istiqamətdə müvafiq təcrübəyə malik olan ölkələrdə STEAM hazırlığı və ixtisaslaşması hələ uşaqların baxcaya getdikləri dövlərdə tənzimlənir. Araşdırmalar göstərir ki, bu sahədə, ABŞ, Almaniya, Belçika, İngiltərə, İsrail və Holandiyada xüsusi proqramlar həyata keçirilməkdədir. Həmin proqramların mahiyyəti ondan ibarətdir ki, hər bir uşaq, dəqiqləşdirilmiş hədəflərə, elmi əsaslara söykənən məqsədə, texniki, yaradıcı ideyalara və bacarıqlara, həmçinin sənət duyumuna malik olmalıdır. Bəhs olunan ölkələrdə, STEAM proqramlı təhsilə məhz uşaq bağçalarında hələ üç yaşından başlanmaqla aşılanmaqdadır. Hadisələrə, problemlərə və məsələlərə düzgün yanaşmanın və ondan səlis nəticəyə gəlmənin meyarı olaraq məhz STEAM təhsil modeli tətbiq olunmaqdadır. Bununla yanaşı, bu ölkələrdə, STEAM cəmiyyət üzvlərinin hələ erkən yaşlardan yetkinlik dövrünə qədər hazırlanması və gələcəyin iş dünyasına ixtisaslı mütəxəssis təqdim olunması məqsədilərini daşımaqdadır. Yəni müvafiq təlim və ixtisaslaşma mərkəzlərinin yaradılması ilə baxcadan STEAM məqsədli hazırlığa başlayan hər bir uşaq gələcəyin elm və sənət adamı, sahibkarı, təhlilçisi və ixtiraçısı olaraq ixtisaslaşmış olur.
ABŞ-da hələ keçən yüzilliyin 50-ci illərinin sonlarında “sputnik effekti” olaraq, başlayan, sonralar isə dəqiq elmlərin inkişafı sahəsində layihə və proqramların reallaşması ilə davam edən proseslər, STEAM-ın kadr hazırlığı sahəsində bir neçə istiqamətdə həyata keçirilməsini nəzərdə tuturdu. ABŞ-da dövlət tərəfindən STEAM yönümlü təhsil sahələrinə qrantların ayrılmaqla, müəllim, alim, mütəxəssis hazırlığına dəstək üçün proqramlar icra olunmaqdadır. Əsas məqsəd isə, hazırkı modernləşən təhsilə və gələcəyin çağırışlarına uyğun kadrların formalaşmasına təkan olmaqdan ibarətdir.
İsrail təcrübəsində də, STEAM təhsilində, əsasən elmi və nəzəri biliklərdə, eyni zamanda, yaradıcı texniki bacarıqlarda fərqlənən şagirdlərin əhatə olunduğunu görmək olar. Bu ölkənin yanaşmasına əsasən, STEAM bütün elmi və texniki istiqamətli məktəblərdə həyata keçirilmiş olur. Maraqlı məqam isə ondan ibarətdir ki, həmin məktəblər isə özündə yüz mindən artıq şagirdi birləşdirməklə, İsrailin bütün şəhərlərində və regionlarında möcvud olmaqdadır. Deməli, STEAM, İsrailin bütünlükdə, dövlət siyasətinin əsasını təşkil etməklə, kütləvilik xarakterinə malikdir. Burada, məktəbəqədər təhsil müəssisələrində, məktəblərdə və ali təhsildə olmaqla, qərarlaşdığını qeyd etmək olar. Eyni zamanda, tələbələrin, magistirlərin, doktorantların və yaradıcı bacarığa malik olan mütəxəssislərin də hazırlığına diqqət göstərilməkdədir.
Qeyd etmək olar ki, Azərbaycan Respublikası təhsil siyasətinin səmərəli təşkili və idarə olunması, eləcə də, STEAM təhsilinə keçid mərhələsinin zəruri təsisatlarının yaradılması sahəsində sahib olduğu perspektivlərlə seçilməkdədir. Ölkədə Təhsil Nazirliyinin Heydər Əliyev fondunun dəstəyi ilə 2019-2020-ci tədris ilindən etibarən “STEAM Azərbaycan” layihəsinə start verməsi beynəlxalq təcrübəyə əsaslanan təhsil strategiyasının həyata keçirilməsinin ifadəsinə çevrilmişdir. Təhsil sahəsində reallaşan tənzimləmələr yeni nəslin daha modern təcrübə əsasında formalaşmasına səbəb olacaqdır. Burada, istər hər bir gəncin, STEAM təhsilində yer alan sahələr üzrə ixtisaslaşmasına, istərsə də, həmin sahələr üzrə təkmilləşən gənclərin kütləviliyinin təmin olunmasına imkan yaranmış olacaq. Bütün hallarda isə, innovativ inkişafa tərəfdar olan, texnoloji təminata yer verən, həmçinin məhsuldar ideya və təşəbbüslərə açıq olan gənc müətəxəssislərin hazırlığına zəmin yaranmış olacaq.
STEAM təhsil metoduna keçid, ölkəmizdə olduğu kimi, onun ayrılmaz tərkib hissəsi olaraq, Naxçıvan Muxtar Respublikasında da həyata keçirilməkdədir. Bu məqsədlə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən 2021-ci il 7 iyun tarixdə “Naxçıvan Muxtar Respublikasında STEAM təhsil metodunun tətbiqi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalanmışdır. Həmin hüquqi sənəddə, muxtar respublika Təhsil Nazirliyinin tabeliyində STEAM Təlim-Tədris Mərkəzi yaradılması nəzərdə tutulmuşdur. Eyni zamanda, nazirliyə ümumtəhsil məktəblərində STEAM kabinələrinin yaradılmasını və hər il “STEAM təhsil festivalı”nın keçirilməsinin təmin olunması tapşırılmışdır. Buradan da aydın olur ki, STEAM təhsilinin perspektivləri nəzərə alınmaqla, yaxın gələcəkdə muxtar respublikada elmi, texniki, incəsənət və riyazi biliklər üzrə kadr hazırlığının etibarlı nəticələri əldə olunacaqdır. Qeyd etmək olar ki, bu təhsil modeli, milli təhsilin inkişaf etmiş mexanizmlərini özündə ehtiva etməklə, səmərəlidir, məqsədəuyğundur.
Məhz bu dövrdən etibarən, daha doğrusu, 2020-2021-ci tədris ilindən muxtar respublikada STEAM təhsilin həyata keçirilməsinə start verilmişdir. Bununla da, şagirdlərin, gənclərin həyat üçün formalaşmasında, onların komanda şəklində fəaliyyətinin təmin olunmasında, iqtisadiyyatın müxtəlif sahələrinə xas ixtisaslaşmasında, bir sözlə, özünütəsdiq imkanlarından səmərəli istifadə olunmasında əlçatanlıq təmin olunacaqdır. Elə bu məqsədlər çərçivəsində, muxtar respublikanın ümumtəhsil məktəblərində STEAM kabinələrinin formalaşmasına, onların müvafiq ləvazimatlarla təmin olunmasına, yaradıcı ideyalar üçün hazırlanmasına şərait yaradılmışdır. Eyni zamanda, bu sahələr üçün təcrübə keçilməsi məqsədilə, təlimə xas metodik vəsaitlər, eləcə də VI, VII sinif dərslik və proqlamlar çap olunaraq istifadəyə verilmişdir.
Qeydlərimizi sintez edərək belə qənaətə gəlmək olar ki, Naxçıvan Muxtar Respublikasında STEAM təhsil mexanizminin tətbiq olunması və uzaq gələcəyə hesablanan perspektivliliyi üçün yeni təsisatlar da yaradılmaqdadır. Təbii olaraq, burada, ali məktəblərlə əlaqəli işlərin səmərəsi də çox olacaq. Nəzərə alsaq ki, ali məktəblər mahiyyət etibarı ilə, müasir istehsalın, elmin, texnikanın və mədəniyyətin, iqtisadiyyatın inkişaf perspektivlərinin tələblərinə uyğun yüksək ixtisaslı kadr hazırlığını həyata keçirən və elmi-tədqiqat işləri aparan müəssisələrdir, onda burada STEAM təhsilinin yaradılması ümumilikdə, sosial-iqtisadi mahiyyətinə görə də aktuallıq qazanmış olacaq. İlk olaraq, Naxçıvan Dövlət Universitetində 14 dekabr 2020-ci il tarixində Ali Məclisin Sədri tərəfindən yaradılan və inşası uğurla davam edən Texnologiyalar Parkı STEAM mahiyyətli ixtisaslaşmaları, araşdırmaları və tətbiq imkanlarını artıracaq. Orada, universitetin elmi tədqiqat, texnologiya, mühəndislik, sənət və riyazi keyfiyyətli fəaliyyəti üçün əlaqəli mobillik təmin olunacaq. Universitetdə STEAM təhsilinin yaratmış olduğu perspektivlər nəticəsində təkcə Memarlıq və Mühəndis fakültəsində:
ətraf mühitin çirklənməsinin qarşısınını alınması ilə, ekoloji mühitin qorunması;
su itkisinin qarşısının alınması ilə, meliorasiya;
istixanalarda suvarma sistemi, istilik və nəmliyin avtomatlaşdırılması;
binaların ağıllı sistemlə idarə olunması ilə memarlıq;
əşyaların idarə olunması ilə avtomatlaşdırma;
mürəkkəb qrafiki şəkillərin çəkilməsi üçün Plotter qurğusunun hazırlanması;
avtonəqliyyat vasitələrinin səslə və wifi ilə idarə olunması;
robototexnika kabinəsində uzaqdan idarə etməklə, evdəki əşyaların idarə olunması və s. sahələrində əlçatanlıq təmin olunacaq. Qeyd olunan sahələrdə, ali məktəbin həm də digər müvafiq fakültələri üzrə nəzəri əsaslandırmalara söykənən ideya mübadiləsi üçün də əlverişli zəmin yaranmış olacaq ki, bu da, STEAM-ın Texnopark əsaslı səmərəliliyini yüksəldəcək.
Burada bir məsələni də diqqətdə saxlamaq lazımdır ki, STEAM anlayışışı üzrə yer alan bütün istiqamətlər üçün Naxçıvan Dövlət Universitetinin fakültələrində əhəmiyyətli elmi, pedoqoji, tədris və motodologiya imkanları vardır. Yəni bu anlayış, bütün fakültələrin, xüsusilə də, İqtisadiyyat və idarəetmə, Fizika-riyaziyyat, Memarlıq və mühəndis, Tibb, Pedoqoji, İncəsənət və başqa fakültələrdə də STEAM təhsil metodunun güclü əsasları üçün həm maddi-texniki təminat, həm kadr ehtiyatları, həm də tədris vasitələri mövcuddur. Nəzərə alsaq ki, bu təhsildə ilk pilləni elm tutur, onda, bu halda, fərq qoymadaq bütün fakültələrin, universitet Elmi Kitabxanasının və digər mərkəzlərin də vəhdətini, qarşılıqlı əlaqəsini və mobilliyini də təmin etmək olar. Eyni zamanda, bu təhsil mexanzimi imkan verər ki, istər muxtar respublikanın bütün ali və orta ixtisas müəssisələrinin səmərəli əlaqələndirməyə söykənən fəaliyyətini təmin etmək mümkün olsun, həm də, Ali məktəblərlə AMEA Naxçıvan Bölməsinin qarşılıqlı və müştərək fəaliyyət nəticələrini ortaya qoymaq üçün zəmin yaranmış olsun.
Naxçıvan Muxtar Respublikasında STEAM məqsədli tədbirlərin səmərəliliyinə istiqamətlənən proseslərin gedişinə nəzərə saldıqda aydın olur ki, STEAM təhsili sahəsində beynəlxalq təcrübədə olduğu kimi məktəbəqədər təhsil müəssisələrində, məktəblərdə və ali təhsildə olmaqla, reallaşmaqdadır. Davamlı olaraq, mütəxəssis hazırlığı məqsədilə, STEAM yönümlü ixtisaslaşma təlimlərinə cəlb olunma, təlimlər zamanı STEAM metodologiyalarından, Robotexnikadan, 3D CAD modelləşdirmə və çap, Proqramlaşdırma, NANO və NEYRO-texnologiyalardan, müxtəlif mühəndislik modullarının müəllimlərə öyrədilməsi mexanizmlərindən istifadə daha da səmərəli olacaq.
Beləliklə, STEAM təhsili dünya elminə, təcrübəsinə, təhsilinə inteqrasiya olunmanın gerçək ifadəsidir. Həmin məcmuda yer alan sahələrin düzgün istiqamətləndirilməsi makroiqtisadi səmrəəliliyin, şaxələndirilmiş istehsal sahələrinin və dayanıqlı xidmət sektorunun mövcudluğuna səbəb olacaq. Təbii olaraq, hazırda dünya ölkələrinin əsas hədəfi və qlobal təhsil proseslərinin mühüm mahiyyəti də elə bundadır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB