Hər gün sədəqə vermək olar? - DİN XADİMİ AÇIQLADI

"Sədəqə vermək ən böyük savablardandır. Bu Allah yanında ən gözəl əməllərdən biri hesab olunur". Bu sözləri SİA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Hacı Fuad Nurullayev deyib.

Onun sözlərinə görə, sədəqə Allahın bəyəndiyi bir işi görməkdir: "İstənilən vaxt sədəqə verməyin böyük savabı var. Məqsəd deyil ki, mütləq müəyyən bayramları və mərasimləri gözləsin. İnsan istənilən gündə, istənilən yerdə sədəqə ayıra və ehtiyacı olan kasıb insanlar görürsə onlara yardım əlini uzada bilər. Sədəqə sadiqlik, dostluq, paylaşmaq və qardaşlaşmaqdır. Sədəqə İslamın sütunlarındandır, həqiqətən də bu gün biz ətrafımızda olan insanlara belə biganə qalmamalıyıq, hətta bütün canlı aləmə biganə qalmamalıyıq. Onlara yardım əlimizi uzatmalıyıq, hər hansı bir canlı əziyyət çəkirsə, onun ehtiyacı varsa, ona kömək etmək lazımdır”.

Fuad Nurullayev sözlərinə belə davam edib: “Allahın yaratdığı ən qiymətli varlıq olan insana əl tutmaq, yardım etmək Allahın ən gözəl bəyəndiyi əməllərdəndir. Çünki insanlıq dünyanı xilas edir. Bu gün dünyada bütün fəlakətləri yaradan da insandır, amma əgər insan saf, kamil olarsa və elmli olarsa, xüsusən də imanlı olarsa o dünyaya rifah, dinclik, əmin-amanlıq gətirər. Onun üçün də sədəqə vermək, hər hansı bir insan düşünürsən ki, birinci öz qohum-əqrəbanda olanları düşünməlisən, onlara yardım əlini uzatmalısan və sonra biraz ətrafa çıxmaq olar. Dünyanın hər bir yerində insan əziyyətdə, çətinlikdədir və kasıb yaşayır, möhtacdır.

Hər hansı bir xəstəni müalicə etmək ona əl tutmaq, dayaq olmaq və onun sağalmasına kömək etmək ən böyük savablardandır ki, əlbəttə sədəqə anlayışı genişdir, məhdud deyil. Ona görə də insan bu gün bu yaxşılığı hər hansı bir məkanda, hər hansı bir zamanda, hər hansı bir gündə etsə belə onun böyük savabı var. Onun üçün məxsusi bir gün, ay ayrılmır. Hər bir an belə bir addıma ehtiyac varsa insan onu atsa onun böyük bir savabı var. Allah da onu mükafatlandırır”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə