Bu şəbəkələşmiş mafiyanın özü əxlaqsızlıqdır - EKSPERT TƏNQİD ETDİ

“Hər bir insanın öz nəslini artırmaq hüququ var ki, bu da müxtəlif formada ola bilər. Ənənəvi klassik formada bu, ailə qurmaq, nikaha girmək, kəbin kəsdirmək və yaxınlarının, yəni hər iki nəslin nümayəndələrinin iştirakı ilə müxtəlif mərasimlər şəklində olan yığıncaqlar və ya toy şəklində ola bilər”. Bu sözləri SİA-ya açıqlamasında yazıçı-kulturoloq, analitik ekspert Aydın Xan Əbilov deyib.

Onun sözlərinə görə, Avropadan bizə ixrac olunmuş və bir çox insanların götürdüyü kimi nikahı rəsmiləşdirmədən sadəcə müəyyən bir münasibətlər fonunda dünyaya uşaq gətirmək və yaxud da bunların heç biri olmadan sadəcə dostluq və hər hansı bir təsadüfi intim münasibət nəticəsində dünyaya gələn uşaqlar var: “Biz istəsək-istəməsək də fakt budur ki, bütün dünyada olduğu kimi Azərbaycanda da bu münasibət get-gedə genişlənir və hətta indi ənənəvi klassik toy, nikah, kəbinlə yanaşı ictimai nikahlarda, birdəfəlik münasibətlərdə dünyaya uşaq gətirən insanların sayı get-gedə artmaqdadır. Əslində ailə dəyərləri gələcək uşağın və tərəflər arasında münasibətləri möhkəmləndirmək üçün əsrlər boyu baba və nənələrimiz tərəfindən formalaşdırılmış çox mürəkkəb insani sosial-ictimai münasibətlər və mədəni münasibətlər toplusudur. Bu münasibətlərdə ata-ana, xala, bibi, dayı, əmi, babalar, nənələr, qonşular, qohumlar arasındakı münasibətlər də nəzərə alınmaqla ailənin özünə və həm qadına, həm kişiyə ictimai və sosial-məişət nəzarəti vardır. Bu nəzarət imkan vermirdi ki, ailələrin konfliktləri daha da genişlənsin, böyük münaqişələrə çevrilsin, ailələr dağılsın və uşaqlar yetim qalsın”.

Aydın Xan Əbilov sözlərinə belə davam edib: “Ümumiyyətlə Azərbaycan düşüncəsində nikahdan kənar dünyaya gələn uşaqlara bic uşaqlar deyirdilər. Buna indiyə qədər yaxşı baxılmırdı. Amma nəzərə alsaq ki, dünya dəyişir və müəyyən bir ictimai formasiya ilə yanaşı ailə münasibətlərində də islahatlar olur. İndi çox xanımlar və bəylər var ki, onlar ailə qurmadan və yaxud da karyerasına görə ailəsini dağıdır və yaxud da nikahına son qoyur, münasibətləri kəsir və özü tək uşaq dünyaya gətirə bilir və tək uşağı tərbiyələndirməyi xoşlayır. Əgər bir insan bunu öz bədənini satmaqla etmirsə, bunu normal qarşılamaq lazımdır. Hətta istənilən bir partnyoru, o cümlədən süni mayalanma yolu ilə dünyaya uşaq gətirməsini normal qəbul etməliyik. Üstəlik də nəzərə alaq ki, indi bu birdəfəlik yeməklər, energetik içkilər, narkotik maddələrdən istifadə ona gətirib çıxarır ki, insanlar normal bioloji formatda uşaq dünyaya gətirməkdə çətinlik çəkirlər. Müalicələr, süni mayalanmalar və s. bu formatlardan istifadə edərək uşaq dünyaya gətirirlər. İnsan əgər müəyyən dəyərləri qorumaq şərtilə, müəyyən münasibətlərdən uşaq dünyaya gətirirsə, ona heç də pis baxmaq lazım deyil. Əlbəttə biz arzu edərdik ki, Azərbaycan ailə dəyərləri inkişaf etsin və əsas götürülsün. Amma indi nəzərə alaq ki, qarışıq nikahlar da çoxalıb, müxtəlif millətlərin nümayəndələrinin ailə qurması məsələsi var. Eyni zamanda həyat öz axarını sürətləndirib, sosial şəbəkələr, internet, kütləvi informasiya vasitələri, teleserialların təsiri altında insanlar 50-60 il bir yerdə kimləsə yaşamaq istəmir. Əgər müəyyən problemlər varsa bunu konfliktə çevirmədən nikahlarına son qoyurlar və nikahdan, boşanmadan sonra uşaq dünyaya gətirilirsə bunu qəribçiliyə salmaq olmaz. Süni mayalanma adı altında müəyyən böyük bir tibbi mafiya da var ki, hətta qadınlar normal uşaq dünyaya gətirməyə imkanı olsa belə onu müalicə etmək istəmirlər. Burada çoxsaylı məsələlər və eyni zamanda yaxşı pul qazanmaq imkanı var. Ona görə də əslində bu şəbəkələşmiş mafiyanın özü əxlaqsızlıqdır, nəinki kiminsə analıq arzusu, analıq istəyinin gerçəkləşdirilməsi üçün süni mayalanmadan istifadə etmək və yaxud partnyoru olub, partnyoru gizlədib onunla heç bir nikaha girmədən dünyaya uşaq gətirmək”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə