"Ailə Festivalı" keçirilib - YENİLƏNİB-FOTOLAR

Avropa İttifaqı və BMT-nin Əhali Fondunun dəstəyi ilə qız övladlarının dəyərinin təşviqi və məsuliyyətli atalıq mövzusunda "Ailə Festivalı" keçirilib. SİA xəbər verir ki, Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən "Avropa İttifaqı Gender Bərabərliyi naminə: Birlikdə gender stereotiplərinə və gender əsaslı zorakılığa qarşı" və "Cənubi Qafqazda gender əsaslı cins seçimi və aidiyyəti zərərli təcrübələrin aradan qaldırılması" proqramlarının komponenti olaraq BMT-nin Əhali Fondu (UNFPA) ve BMT-nin Qadınlar üzrə Agentliyi (UN Women) tərəfindən "Regional İnkişaf İctimai Birliyinin dəstəyi ilə icra olunan "Qız övladının dəyərinin artırılmasına xüsusi diqqət yetirməklə ailədə bərabər qayğı modelinin təşviqi" kampaniyası çərçivəsində Bakı şəhərində yerləşən Gənclik parkının ərazisində Beynəlxalq Ailə Gününə həsr edilmiş "Ailə festivali" keçirilib.

BMT-nin Əhali Fondu və Ailə, Qadın ve Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı, "Regional İnkişaf Ictimai Birliyinin dəstəyi ilə keçirilən festivalın əsas məqsədi oğlanlara üstünlük verilməsi fenomeninin qarşısının alınması, qız övladının dəyərinin təbliği və ailədə bərabər qayğı modelinin təbliğinə xüsusi diqqət yetirməklə gender stereotipləri ilə mübarizəyə töhfə verməkdən ibarət olub.

Festivalın açılış hissəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, BMT-nin Əhali Fondu və Avropa İttifaqının Azərbaycandakı nümayəndəliklərinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Gənclər və İdman Nazirliyinin və Regional İnkişaf Ictimai Birliyinin nümayəndələri çıxış ediblər. Çıxışlar zamanı Azərbaycanda gender siyasəti sahəsində görülən işlər, sözügedən kampaniyanın məqsədi və gözlənilən müsbət nəticələr barədə ətraflı məlumat festival iştirakçılarının diqqətinə çatdırılıb.

Festivalda regionlardan və Bakı şəhərindən iştirak edən ailələr gender stereotiplərinin qırılmasına yönəlmiş müxtəlif səhnə, mahnı və rəqs ifalarını izləyiblər. "Regional İnkişaf İctimai Birliyinin könüllüləri tərəfindən təqdim edilən "Qız övladlarının dəyərli olduğu sağlam ailələr naminə" şüarı il rəqs performansı atalar və övladlarının da iştirakı ilə daha geniş miqyas alaraq festival iştirakçılarının böyük marağına səbəb olub. Həmçinin festivala gələn ailələrin iştirakı ilə qız övladının dəyərinin və ailədə bərabər qayğı modelinin təbliğinə yönəlmiş müxtəlif hədiyyəli yarışlar keçirilib.

Festivalda iştirak edən ailələr üçün məsuliyyətli valideynlik və bərabər qayğı modelini təşviq edən, maraqlı və əyləncəli fəaliyyətləri özündə birləşdirən zonalar təşkil edilib. Zonalar üzrə tərtib olunmuş fəaliyyətlər ailədə ataların övlada qayğı göstərilməsində, gündəlik məişət qayğılarının icra edilməsində həyat yoldaşları ilə birgə iştirakını təşviq etməklə yanaşı, uşaqların valideynləri ilə birgə səmərəli ve əyləncəli vaxt keçirməsinə imkan yaradıb.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...