"Tiktok"da dilənçilik edənlər cəmiyyətdə aşağılayıcı bir ortam yaradır - SORĞU

"Tiktok"da dilənçilik edənlər cəmiyyətdə aşağılayıcı bir ortam yaradır - SORĞU

Sosial şəbəkələr müasir dövrümüzün hər sahəsinə nüfuz etmişdir. Bunun bir çox müsbət tərəfləri ilə yanaşı mənfi tərəfləri də var. Son zamanlar "Tiktok" platformasında nəinki sadə insanlar həmçinin tanınmış şəxslər də canlı yayım açaraq bundan asan yolla pul qazanmağa çalışırlar. Daha doğrusu sosial şəbəkələrdə dilənirlər. Cəmiyyətdəki yerlərini unudaraq, öz ad sanlarını unudaraq dilənçilik edirlər.

Məsələ ilə bağlı SİA-ya açıqlama verən JEM sədri Ceyhun Musaoğlu bildirib ki, sosial şəbəkələrdə xüsusən də “Tiktok”da canlı yayım açıb dilənçilik edənlər cəmiyyətdə aşağılayıcı bir ortam yaradır: "Sözün əsl məmasında bunu müasir dilənçilik adlandırmaq olar. Hətta küçədə dilənən adamlar belə insana yaxınlaşanda bəzən utanırlar, boyunlarını bükürlər. Tiktokda isə məşhur adamlar, tanınmış şəxslər, aktrisalar özlərini çox biabrçı hala salırlar. İzləyiciyə yalvarırlar, onların hər dediyini edirlər ki, izləyicilər onlara hədiyyə göndərsin, “sandıq”, “şir” göndərsin. Onlar nə edirlər ki, hələ izləyicidən də hədiyyə istəyirlər. Baxırsan ki, tanınmış aktyordu, amma dilənir. “Xahiş edirəm göndərin” kimi sözlər işlədirlər. Bu platformadan insanları maraqlandıran, maarifləndirən məlumatlar üçün istifadə etmək əvəzinə, tamaşa göstərmək, şeir söyləmək, ictimaiyyəti maraqlandıran məsələlərlə bağlı fikir mübadiləsi aparmaq əvəzinə boş-boş söhbət edirlər. Ancaq yalvarırlar ki, “jeton” göndərsinlər. Pula görə bu qədər alçalmaq olarmı? Həmin şəxslər sənət adamıdırlar. Gərək insanın daxili məni olsun, mədəniyyəti olsun. 5-10 manata görə, adam özünü yerdən-yerə vurar? Belə çıxır ki, insanlar pula görə hər şeylərindən keçsinlər. Çox acınacaqlı vəziyyətdir. Kəskin şəkildə qınayıram. Bu tendensiyanın tezliklə dayandırılmasını istəyirəm. Həqiqətən də ayıbdır".

"İnsan hüquqları komitəsi ilə hüquq siyasəti və dövlət quruculuğu komitəsi birgə insan alveri üzrə Milli Koordinatorun Milli Məclisə olan məlumatı müzakirə edildi". Bu fikirləri Milli Məclisin deputatı Tahir Kərimli bildirib.

Onun sözlərinə görə, internet sahəsində kiber hücumların artması, qadın və uşaq alveri, müasir tendensiyaların artıq qloballaşması, internetləşməsi məsələləri müzakirə olundu: "Sosial şəbəkələr üzərində bu istiqamətdə bir çox məsələlər həll olunur. Dilənçilik ciddi bir problemdir. İnsan alveri məvhumuna daxildir və Azərbaycanda qaraçıların ənənəvi fəaliyyətinə daxildir. Ancaq bu qanuna ziddir. Ciddi mübarizə aparılır. Təbii ki, “tiktok”da və ya digər şəbəkələrdə canlı açıb pul dilənməyin özü də insan istismarının tərkib hissəsidir. Yəni zəhmətsiz gəlir olmadan, bir növ qanundan kənar, vergisi olmayan pulu qazanırlar. Deməzdim bunu ağır həyat tərzi məcbur edir. Bir çox insan asan yolla, qanundan kənar pul qazanmaq üçün bu yollara əl atır. Həmçinin övladlarını da buna cəlb edirlər. Şübhəsiz ki, bunun haqqında ciddi mənəvi senzura tətbiq edilməlidir. Demirəm ki, digər parapetrlər üzrə məhdudiyyətlər qoyulsun. Sadəcə mənəvi sahədə mütləq məhdudiyyətlər tətbiq olunmalıdır".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə