İnsan özünə aid olan hər şeyi daha çox qiymətləndirir. İnsanın bəlkə də ən dəyər verdiyi amil onun adıdır. Adına verdiyi dəyəri avtomatik olaraq adını xatırladan başqa şeylərə verir. İnsanlar adlarını xatırladan yerlərdə yaşayır, orda gəzir, adlarını xatırladan işlərlə məşğul olur, hətta adını çəkən insanlarla evlənirlər.
Məsələn, ABŞ-ın Luiziana ştatında çoxlu sayda Louise adları var. Bu, həm orada doğulanlara, həm də ora köçənlərə aiddir.
Valideynlərimiz bizə ağlımıza belə gətirmədiyimiz, lakin həyatımıza böyük təsir edən bir hədiyyə qoyur. Bu hədiyyə bizə verilən addır.
Onlar yeni doğulmuş övladına ad seçməkdə çətinlik çəkirlər. Bu bir növ yaradıcılıq tələb edir. Həm də bu ad sanki onların xarakterlərindən xəbər verir.
Əksər valideynlər bunun fərqində olmasalar da, övladları üçün seçdikləri ad, uşağın başqaları tərəfindən necə göründüyünü və gələcəkdə onun hansı xarakterdə olacağını formalaşdıracaq qədər əhəmiyyətlidir.
ABŞ-ın Arizona Dövlət Universitetində adların psixologiyasını tədqiq edən David Zhu deyir ki, ad fərdin mənlik anlayışının əsasını təşkil edir, çünki o, digər fərdləri tanımaq və onlarla ünsiyyət qurmaq üçün istifadə olunur.
Təbii ki, xarakterimizi müəyyən edən təkcə adımız deyil. Sahib olduğumuz genlər qədər, böyüyərkən yaşadığımız təcrübələr, xüsusilə kiminlə vaxt keçirdiyimiz, həm işimizdə, həm də şəxsi həyatımızda necə məsuliyyət daşıdığımız əsas amillərdəndir.
Həmçinin, adımızın oynadığı rolu unutmaq olmaz. Çünki ad doğumdan ömrümüzün sonuna kimi bizimlə qalır.
Şəxsiyyət Nəzəriyyəsinin qurucularından biri olan Gordon Allport 1961-ci ildə “Adımız həyatımız boyu şəxsiyyətimizin ən mühüm sütunu olaraq qalır” demişdi.
Adımız həmçinin hansı etnik qrupa mənsub olduğumuz və kimliyimizin digər aspektləri ilə bağlı təfərrüatları açıqlaya bilər. Unutmayaq ki, adlar çox vaxt etnik mənsubiyyətimiz və kimliyimizin digər elementləri haqqında yanlış məlumat verir.
Adımızın yaratdığı nəticələr bunlarla məhdudlaşmır. Müəyyən bir mədəniyyətdə bəzi adlar geniş istifadə oluna və ya az bilinə bilər. Həmçinin adların müsbət və ya mənfi mənaları ola bilər. Ad istər-istəməz insanların bizə qarşı davranışlarını və özümüzlə bağlı hisslərimizi formalaşdırır.
Yəqin ki, insan özünü daha çox adını xatırladan yerlərə, insanlara aid hiss edir. Həmçinin, insanlar adlarına görə məsxərəyə qoyulur. Əgər həmin şəxsin adı mənfi məna daşıyırsa, gənc yaşda digər uşaqların həmin şəxslə lağ etmələri ehtimalı var. Bu da insanın əhvalına təsir edə bilər.
Məsələn, depressiyadan müalicə olunan xəstələrin adları araşdırıldığında ad və ya soyadlarında mənfi məna daşıyanların çox olduğu görülüb.
Bir araşdırmada Kaliforniya əyalətində ölən insanların adları araşdırılıb. Adları mənfi məna daşıyan insanların daha əvvəl öldüyü aşkar edilib.
İnsanın adı ilə həyatı arasında bağlılıq var. Uğura ad deyil, ailə təsir edir. Amma ad həm də bu uğurun siqnalıdır.
Həmçinin ailələr çox vaxt uşaqlarına sevdikləri insanların adını qoyurlar. Yəni uşaq dünyaya gələn kimi ona verilən adla ailə tərəfindən uşağa çox böyük bir məna və gözlənti qoyulur.
Nəticədə adımızla həyatımız arasında bağlılıq yaranır. Ancaq həyatımızı istiqamətləndirən tam olaraq adımız deyil. Ailəmizin və cəmiyyətimizin verdiyi mənalar adımızda gizlənir.
SİA “Uşağa qoyulan ad onun həyatına necə təsir edir?” mövzusunda araşdırma apararaq ekspert, sosioloq, din xadimi və psixoloqların məsələ ilə bağlı fikirlərini öyrənib.
Psixoloq Fərqanə Mehmanqızı: “Uşağa qoyulan adların onun həyatında çox böyük önəmi var. Söz də belədir. Sözün də ağırlığı və böyük əhəmiyyəti var. İnsan özünə qarşı hansı sözün istifadə edildiyindən asılı olaraq onun təsiri altına düşür və xarakterin formalaşması dövründə ona təsir edir.
Elə valideynlər var ki, uşaqlarını müəyyən heyvan adları ilə səsləyirlər. Bu düzgün yanaşma deyil.
Hər bir uşaq adına görə qürur duyub fəxr etməlidir və valideynlər övladına elə bir ad qoymalıdır ki, o adına görə utanmasın”.
Din xadimi Mircəfər Əyyubov: “Din xadimi Mircəfər Əyyubov: “Uşaqlara verilən adlar fiziki, təbii və indiki mövcud yaşayış tərzi baxımından çox da böyük əhəmiyyət kəsb etmir. Yəni, əksər uşaqlar nə uşaq vaxtı, nə də böyüyəndə heç adlarının fərqinə varmırlar və bu onların həyatında heç bir təsir buraxmır. Lakin dini baxımdan adların lazımlı şəkildə seçilməsi böyük önəm kəsb edir. Bu vahid qaydalar çərçivəsinə daxil olmasa da çox tövsiyə olunur. Xüsusilə müqəddəs şəxslərin adları məsləhət görülür.
Əgər bir ailədə müqəddəs adlardan hər hansı biri olarsa, mələklər o evə tez-tez gedib gələr. Din bu adlara böyük önəm verir. Çünkü dinimizə görə insan elə belə yeyib içib çıxıb getmək üçün dünyaya gəlməyib. Din bütün insanları məsuliyyətli şəxs olaraq qəbul edir və onlara potensial dahi kimi baxır. Ona görə də dini adlara diqqət yetirmək tələb olunur.
Çalışın elə adlar qoyun ki, o uşaqda psixoloji təsir buraxmasın və uşaq adından utanmayaraq rahat şəkildə yaşaya bilsin”.
Psixoloq Aytən Ələkbərova: “İnsanın həyatında, ilkin və ikinci şəxsiyyət dövründə ad çox önəmlidir. Çünki istifadə etdiyimiz sözlər insanın üz ifadələrinə birbaşa təsir edir. Bu da istifadə etdiyimiz hər sözün və adın özünəməxsus enerjisi olduğunu göstərir.
Adımızın bizə təsir edən enerjisi bizim birbaşa həyatımızda arzularımıza, arzularımızın həyata keçməsinə, xəyallarımızın qurulmasına qədər öz təsiri göstərə bilir. Hətta bunu rahatlıqla yoxlaya bilərik.
Adımızın mənası bizim həyat və yaşam tərzimizə təsir edir. Çünki insanlara verilən şəxsi isimlər onlar üzərində müəyyən təsirlərə malikdir və psixoloji problemlərin həllində belə şəxsə kömək edir.
Ona görə də eşitdiyimiz adın insan psixasına energiyasını düşünərək ən gözəl adları özladımıza seçməliyik”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə