Azərbaycanda 60 minə yaxın sağlamlıq imkanları məhdud olan uşaq var. Onlardan yalnız 12 mini təhsilə cəlb olunub. Qalanlarının isə təhsil almasında ümumiyyətlə, valideynlər maraqlı deyillər. Təhsilə cəlb olunanların əksəriyyəti xüsusi məktəb və internat məktəblərində oxuyurlar. Lakin inklüziv təhsilə cəlb olunmayan uşaqlar ünsiyyətə girməkdə çətinlik çəkir və özlərini bir növ cəmiyyətdən təcrid olunmuş kimi hiss edirlər. Sağlam uşaqlar da eyni zamanda, bu və ya digər məkanda xüsusi qayğıya ehtiyacı olan uşaqla rastlaşdıqda ona təəccüblə baxır, sanki o tamam başqa bir dünyadan gəlib, bəziləri isə onları gülür və ələ salırlar. Bunun əsas səbəbi isə onlar arasında ünsiyyətin, əməkdaşlığın olmamasıdır. Bunun nəticəsində onlar bir-birilərini dərk etmir və nə hiss keçirdiklərini başa düşmürlər. Mövzu ilə əlaqədar olaraq Ahəng Psixoloji və Reabilitasiya Mərkəzinin Sabunçu Gənclər evində təşkil etdiyi inklüziv təhsil formuna yollandıq.
Forumda Ahəng Psixologiya Reabilitasiya İnkişaf Mərkəzinin rəhbəri, ailə-uşaq psixoloqu, təlimçi Vüsalə Əmiraslanova tədbiri açıq elan edib, qonaqları salamlayaraq inklüziv təhsilə bağlı fikirlərini bildirib. Onun sözlərinə görə, valdeynlər öz uşaqlarından utanmamalıdır. Həmin uşaqları cəmiyyət sevməlidir. Onlara xüsusi sevgi göstərilməlidir. Ola bilər ki, həmin uşaqlar çox savadlı olmasınlar, amma onlardan çox gözəl rəssam, musiqiçi ola bilər. Həmin uşaqları gördüyünüz zaman barmaqla göstərməyin. İnklüziv təhsil sağlam uşaqlarla, sağlam olmayan uşaqlar arasında təhsili bərpa edir. Onları evdə təhsildən məktəb təhsilinə yönəltmək lazımdır.
Daha sonra forumda Azərbaycan Dövlət Pedaqoji Universitetinin fəlsəfə doktoru Xəyalə Məmmədova inklüziv təhsilə bağlı öz təcrübələrini insanlarla bölüşüb. Xəyalə xanımın fikirlərinə görə, inklüziv təhsil aşağıdakıları ehtiva edir:
• Uşaqların öz yaşadıqları ərazilərdə yüksək keyfiyyətli təhsil almaq hüququnu qəbul etmək
• Məktəb icmalarının və dəyərlərinin inkişafını, habelə nailiyyətləri ön plana çəkmək
• Məktəblər və onları əhatə edən icmalar arasında qarşılıqlı dəstəkləyici münasibətlərin yaranmasına şərait yaratmaq
• İnklüziv təhsili inklüziv cəmiyyətin aspektlərindən biri kimi qəbul etmək
Onun sözlərinə görə inklüziv təhsillə bağlı bir sıra yalnış yanaşmalar mövcuddur: "Misal olaraq, əlilliyi olan uşaqların təhsilinə və təlim nəticələrinə görə, cavabdehliyi yalnız inklüziv təhsil müəllimi daşıyır.
• Əslində isə əlilliyi olan uşaqların təhsilinə və təlim nəticələrinə görə cavabdehliyi həm inklüziv təhsil müəllimi, həm də ümumi təhsil müəllimi daşıyır. Onlar bütün uşaqlar üçün faydalı olan öyrənmə fəaliyyətlərinin planlaşdırılması və həyata keçirilməsi üçün əməkdaşlıq edirlər. Onlar hər ikisi təlim nəticələrini qiymətləndirir və zəruri hallarda strategiyaya müəyyən dəyişikliklərin edilməsini planlaşdırırlar
• 2-ci yanlış təsəvvür isə inklüziv təhsil müəllimləri əlilliyi olan uşaqları sinifdən kənara çıxarıb digər uşaqlardan ayrı şəkildə, onlara fərdi təlim keçirlər
Əslində isə iknklüziv təhsil müəllimi əlilliyi olan uşağın damğalanmasının qarşısının alınması, onun heç bir ümumi sinif fəaliyyətindən kənarda qalmaması və onun ümumi sinfə “mənsub olma” hissinin artması üçün ona sinif otağı daxilində dəstək göstərir.
Ən çox yayılmış yanlış təsəvvürlər
• 3-cü yanlış təsəvvür: İnklüziv təhsil müəllimi əlilliyi olan uşağın yanında oturur və sadəcə ümumi təhsil müəlliminin verdiyi təlimatları yerinə yetirməsində uşağa kömək edir.
• Əslində isə: Hər iki müəllim növbə ilə bütün sinfə, kiçik qruplara və fərdi şagirdlərə təlimatlar verir və dəstək göstərirlər. Bu, əlilliyi olan uşaqların öz sinif yoldaşları ilə ünsiyyətinə mane olan əngəlləri aradan qaldırır və təcrid olunmanı və stiqmanı azaldır.
Xəyalə xanımın bu fikirləri məni daha çox cəlb etdi.
Uşaq küləklə sovrulan kəpənək kimidir,
Bəziləri digərlərindən daha yüksəkdə uçur,
Lakin hər biri bacardığı qədər yaxşı uçur.
Onları niyə müqayisə edək ki?
Hər biri fərqli,
Hər biri xüsusi,
Hər biri gözəldir.
Forumda eyni zamanda Ahəng Psixologiya və Reabilitasiya Mərkəzinin psixopedaqoqu Aida Əliyeva disleksiya haqqında danışdı. Onun sözlərinə görə, disleksiyanın ilkin əlamətləri uşaqlarda ilk səsləri çıxarmağı öyrəndikdə 1-2 yaş arasında ortaya çıxar. İlk kəlmələrini 15 aya qədər, ilk cümlələrini isə 2 yaşına qədər söyləyə bilməyən uşaqlarda disleksiyanın olma riski daha böyükdür. Disleksiya müyyən yaş dövrlərində özünü göstərir.
1. Məktəbəqədər yaş dövrü – kiçik motorikanın zəif olması, danışma və tələffüzün gecikməsi, qavramanın zəif olması, əşyaların adını xatırlamaqda çətinlik çəkir.
2. 5-7 yaş arası – oxumada, danışıqda probleminin olması, sözlərin yazılışı və misal həlli zamanı problem yaşaması.
3. 7-14 yaş arası – yavaş səslə oxuma, mətnləri yüksək səslə oxumaqda və yeni sözlərin öyrənilməsində çətinlik çəkmək, çox pis əlyazmaya sahib olmaq, tarix və adları xatırlamaqda çətinlik çəkmək və s.
4. 14 yaş və yuxarı – oxumaqda, riyazi məsələlərin həllində, əzbərləmədə çətinlik çəkmək və fikir mübadiləsi apara bilməmək.
Daha sonra inklüziv təhsil üzrə təlimçi və Azərbaycan Pedaqoji Universitetinin ibtidai təhsi lfakültəsinin baş müəllimi Gülşən Əminovanın sözlərinə görə, inklüziv təhsil sosial birliyi stimullaşdırır, əlilliyi olan uşaqların yaşıdlarından təcrid olunmalarının qarşısını alır, onların intellektual inkişafına, cəmiyyətə inteqrasiyasına və hüquqlarının təmin olunmasına kömək edir: "Bu uşaqların öz yaşıdları ilə məqsədəuyğun şəkildə təmasda olmaları hesabına onların koqnitivliyi, emosional zəkası artır, nitqi inkişaf edir. İnklüziv təhsil zamanı yeni bacarıq və vərdişlərin mənimsənilməsi və onlardan istifadə olunması funksional olaraq həyata keçirilir, uşaqların güclü cəhətlərinə, qabiliyyətlərinə və maraqlarına fokuslanaraq aparılır. Əlilliyi olmayan yaşıdları ilə dostluq münasibətləri yaratmaq və ictimai həyatda iştirak etmək imkanı yaradır. İnklüziv təhsilin səmərəli həyata keçirilməsi üçün vacib olan şərtlər:
- binanın və nəqliyyatın uyğunlaşdırılması;
- universal təlim dizaynı:
- hədəflərə görə məkanın hazırlanması;
- hər kəs üçün əlçatan müvafiq resurs ərazilərin təklif edilməsi;
- rəqəmsal resursların və materialların inteqrasiyası;
- təlim mühitində qarşıya qoyulan təlim hədəflərinə nail olmaq.
- sinif mühitinin uyğunlaşdırılması.
Burada əsas məqsəd bütün uşaqlar üçün öyrənmənin əlçatanlığını, habelə şagirdlərin təhlükəsiz şəraitdə bilik, bacarıq və vərdişlərə yiyələnməsini təmin etmək məqsədilə əlverişli təlim mühiti yaratmaqdır".
Həkim psixoloq Fəxriyyə Məmmədova isə forumda autizm xətəliyi barədə söhbət açdı: "Təxminən biz 18 il bundan qabaq "Space" kanalında həssas qruplarla cəmiyyət arasında olan münasibətlərə toxunmuşduq. Həmin verilişdə boyu balaca olan Nərgiz adlı bir qız var idi. O veriliş zamanı bildirdi ki, mən həyatımda yalnız 25 gün xoşbəxt anlar yaşamışam. Nərgizi psixoloji forumda heç kim barmaqla göstərməyib, valdeynlər uşaqlarının gözünü yunmayıb və s. Yəni onu narahat edən heç bir amil olmayıb. Buna görə də, o, bu 25 günü həyatında heç vaxt unutmayacaq. Onun bu sözləri mənim hər zaman yaddaşımda qalıb. Bundan əlavə olaraq mən autizim haqqında danışmaq istəyirəm. Autizmin bir çox növləri var. Autizim xəstələrinin korreksiyası çox zaman gecikir. Buna müalicə deməyəcəm çünki bunun müalicəsi olmur. Autizm uşaqlarında emosiyalar azdır. Əsasən bu xəstəlik kişilərdə daha çox yaranır. Autizm yaranmasında genetik faktorlar çox rol oynayır.Eyni zamanda valdeynlərin keçirdiyi xəstəliklər onların uşaqlarında autizmin yaranmasına səbəb ola bilər. Bəzi ehtimallar var ki, civə tərkibli vaksin olunmuş şəxslərin övladlarında gələcəkdə bu kimi hadisələr baş verə bilər. Autizmli uşaqlar digərləri ilə ünsiyyətə keçməkdə narahat olurlar. Autizm uşaqlıq dövrlərində müxtəlif cəhətdən özünü büruzə verir. Bunu anlamaq və erkən yaşdan müdaxilə etmək üçün valdeynlər ayıq-sayıq olmalıdırlar. Onlar əsasən cansız əşyalara və predmentə diqqət göstərirlər. Həmçinin kim ki, onların qayğısına qalırsa, o insana qarşı böyük bir məhəbbət bəsləyirlər. Autizmli insanlar əsasən kommunikasiyada, sosial adaptasiyada və sosial streotipdə çətinlik çəkirlər.
Sonda isə nevropataloq İradə Həsənova daun sindormu ilə bağlı öz fikirlərini bildirib. Onun sözlərinə görə, daun sindromu irsi xəstəlik olub, əsasən xromosonlarda baş verən mutasiya nəticəsində baş verir: "Normal doğulmuş uşaqlarda xromosonların sayı 46 olduğu halda, daun sindromlu şəxslərdə isə xromosunun mutasiyaya uğraması nəticəsində 47 xromosonla dünyaya gəlirlər. Daun sindromlu şəxslərin xüsusi həm zehni, həm də, psixi cəhətdən oxşarlıqları vardır. Fiziki baxımdan belə şəxslərdə kəllə sümmükləri, üz hissələri yastılanmış, qulaq seyvanları kiçik və qeyri-düzgün, gözləri monqoloit tipli yerləşir. Belə şəxslərdə oynaqlar tam açılmır, əzələ sistemi zəif inkişaf edir və çənə əzələləri inkişaf etdiyindən çeynəmək prosesində çətinlik çəkirlər. Yetkin yaşda olan daun sindromlu insanların intelektual əmsalı 50 ola bilər. Daun sindromlu şəxslərə nevroloji aspektdən yanaşdığımız zaman onlarda nevroloji proses yuxu pozulması ilə özünü büruzə verir. Bunun da əsas səbəbi onlarda olan tənəffüs yollarında tənginəfəslik və yuxu gigiyenasının düzgün qurulmamasından irəli gəlir. Valideynlərə də, məsləhət verirəm ki, onlara düzgün yuxu gigiyenası tərtib olunmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə