Kitabxanalara və teatrlara marağın azalması hansı sosial amillərlə bağlıdır? - SORĞU
Elm və texnologiyanın inkişafı insanı günbəgün təbiilikdən uzaqlaşdırır. Qabaqlar hamımızın görüş yerimiz, bilgi və elm ocağı olan kitabxanalar yavaş-yavaş virtual alternativləri ilə əvəzlənir. 5-10 il öncə kitabxana salonlarında, teatrlarda “iynə atsan yerə düşməzdi”, amma indi bu məkanlara gedənlər barmaqla sayılacaq qədər azdır.
Kitab mağazalarını restoranların və mağazaların əvəz etdiyini, kitabxanalardakı kitab rəflərininsə kitab həsrəti ilə toz tutduğunu bir fakt kimi müşahidə edərək buna səbəb olan amilləri nəzərdən keçirdik. SİA mövzu ilə bağlı şəhər sakinlərinin fikirlərini öyrənib.
Şəhər sakini Məleykə Məcidzadə: "İndiki zamanda telefonlarda məlumatlar çoxaldığına görə kitabxanalara gedənlərin sayı azalıb. Deyirlər ki, telefon əlimizin altındadır deyə, məlumatları buradan toplayaq. Əslində bu, yanlış fikirdir. Kitabxanaya getdikcə, kitabı canlı oxuduqca insanın zehni daha da güclənir. Telefon insanın zehnini inkişafdan saxlayır. Telefondan az istifadə etsək, daha yaxşı olar. Mən uşaqlarımı hər dəfə kukla teatrına aparıram. Bir dəfə teatrda az, bir dəfə də çox adam olur. Tamaşa maraqlı olanda adam daha çox olur. O zaman sevinirəm ki, hamı gəlir, baxır. Getmək lazımdır, özümüzü inkişaf etdirməliyik ki, gənc nəsil də bizə baxıb formalaşsın".
Şəhər sakini Gülnar Abdullayeva: "Səbəb internetin, sosial şəbəkələrin olması ola bilər. Amma gedənlər də var. Biz də kitabxanaya, teatra gedirik. İnsanlar kitabxanaya getməyi vaxt itkisi hesab edirlər. Amma kitabxanaya, teatra getməkdən də həzz almaq lazımdır".
Şəhər sakini Cəmil Abdullayev: "Marağın azalmasının əsas səbəbi internetin yaranması ola bilər. İnternet varsa, deməli, hər şey var. Hamı telefondan istifadə edir. Kitabxanaya getmək insanın nitqini, danışıq qabiliyyətini artırır. Amma bütün informasiya internetdə var, hamı da ondan istifadə edir. İnsanlar vaxt itirmədən məlumat almaq istəyirlər".
Şəhər sakini Zəminə Dünyamalıyeva: "Bunun bir çox səbəbi var. Əslində, ən çox texnologiya, telefonla əlaqələndirirlər. Ancaq mənə elə gəlir ki, bunun əsas kökü başqadır. Dövrümüz elədir ki, inkişafdan hər bir insan səmərəli istifadə etməlidir. Bizim dövlətimiz müstəqilliyə qan-qada ilə gəlib. İnsanların həyat tərzi birdən-birə dəyişdi. Elə oldu ki, həm o dövrün demokratiyaya olan addımı birdən dəyişdi. İnsanlara yad olan qurum idi. Azərbaycan üçün Dağlıq Qarabağ məsələsi həmin dövrə düşdüyü üçün dəyişimin ikincisi də burada oldu. İnsanların pərakəndə olması, 30 il bir milyon yarıma qədər insan ancaq həyatda qalmağı düşündü. Mədəniyyət, kitabxana o vaxt inkişaf edir ki, orada stabillik var. Bizim taleyimizdə elə gündəm yarandı ki, bu, bizdən asılı olmayan səbəblərdən yarandı. Artıq vərdiş halına keçdi. Sonra da texnologiyanın inkişafı insanların yeniliyə can atmasına səbəb oldu. Biz bu boşluğu birbaşa texnologiya ilə doldurduq. Bu gün ən çox bu səbəblərin acısını yaşayırıq. İnsanları qınasaq da, bizdən asılı olmayan səbəblərdə də çox oldu".
Şəhər sakini Məhbubə Qafarova: "İndiki zamanda ən çox internetə üstünlük verilir. Hər şey də internet üzərindən olduğu üçün artıq insanlarda səbr qalmayıb. Ona görə də, teatrlara, kitabxanalara getmək azalıb. Teatrı telefonda filmlər əvəzləyib. Telefondan kitab da oxuyurlar. Səbəblər bunlar ola bilər".
Şəhər sakini Rəvanə Həsənova: "Kitabxanalara, teatrlara marağın azalmasının səbəbi biz - valideynlərik. Mən iki qız övlad böyüdürəm. O qədər sosiallaşma baş verib ki, telefon, kompüter əsridir, əgər mən kitab alıb uşağın qarşısında oxumuramsa, uşaq necə nümunə götürsün. Uşaq gördüyünü götürür, ana-atanın güzgüsüdür. Mən başqa səbəb görmürəm. Kitabxanalar bizim zamanda da var idi. Əksinə, indi daha çoxdur. Övladlarımız üçün hər cür şərait var. Ana və ata nə edirsə, övlad da onu edir. Ona görə də, kitablara, bədii əsərlərə maraq daha azdır".
Bütün xəbərlər Facebook səhifəmizdə