ABŞ Prezidenti Donald Tramp bu gün İsrailin Baş naziri Binyamin Netanyahu ilə telefon danışığı aparıb. SİA xəbər verir ki, ABŞ lideri söhbət zamanı İsrail səfirliyinin iki əməkdaşının öldürülməsi ilə bağlı dərin hüznlə başsağlığı verib.
Öz növbəsində Netanyahu Trampa “onun və administrasiyasının ABŞ-da antisemitizm təzahürlərinə qarşı göstərdiyi səylərə görə” təşəkkür edib.
İsrailin ABŞ-dakı səfiri Yexiel Leyter bu gün səhər saatlarında paytaxtdakı Yəhudi Muzeyinin qarşısında jurnalistlərə deyib: "Prezident bu ölkənin universitet şəhərciyini bürümüş zorakı antisemitizmin kökünün kəsilməsinə sadiqliyini bir daha təsdiqləyib".
Leyter, ötən axşam Trampla danışdığını və atışma yerində baş prokuror Pam Bondi və Kolumbiyanın Baş prokuroru vəzifəsini icra edən Cenine Piro ilə görüşdüyünü söyləyib. O qeyd edib ki, ABŞ Prezidenti “öz bəyanatında çox qətiyyətli olub, başsağlığı verib və zorakılığı pisləyib”.
Xatırladaq ki, bu gün Vaşinqtonda Yəhudi Muzeyi yaxınlığında baş verən atışma nəticəsində İsrail səfirliyinin iki əməkdaşı həlak olub.
ABŞ prezidenti Donald Tramp həlak olanların ailələrinə başsağlığı verib və deyib ki, atışma "açıqca antisemitizmdir".
İsrailin baş naziri Benyamin Netanyahu İsrailin dünyadakı səfirliklərində təhlükəsizlik tədbirlərinin artırılmasına göstəriş verdiyini açıqlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə