Azərbaycana giriş-çıxışına icazə verilən ölkələrin sayı artırılıb

Dövlət Miqrasiya Xidməti ölkəmizə gəlmək istəyən əcnəbilərə müraciət edib.

SİA xəbər verir ki, müraciətdə deyilir:

"Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 15 fevral tarixli 40 nömrəli Qərarı ilə hava yolu ilə Azərbaycana giriş-çıxışına icazə verilən ölkələrin sayı artırılmışdır. Bu ölkələrin siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 151 nömrəli Qərarında (http://e-qanun.az/framework/47549) göstərilmişdir. Qərara əsasən, həmin ölkələrin vətəndaşları və o ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşları, habelə vətəndaşlığı olmayan şəxslər Qərarda göstərilmiş tələblər (COVD-19 pasportu, PCR testi və s.) nəzərə alınmaqla, hava yolu ilə Azərbaycana giriş-çıxış edə bilərlər.

Azərbaycan Respublikasında tətbiq olunan xüsusi karantin rejiminin hazırkı tələbləri nəzərə alınaraq, 17 fevral 2022-ci il tarixdən etibarən ölkəyə giriş etmiş əcnəbilərin ölkədə müvəqqəti olma müddətinin uzadılması yalnız onların müraciətləri (Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 40-cı maddəsində nəzərdə tutulmuş əsaslar olduğu halda) nəzərə alınmaqla həyata keçiriləcəkdir.

Bu müddət bitənədək əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddəti uzadılmamışdırsa, onlara müvəqqəti yaşamaq üçün icazə verilməmişdirsə, habelə onlardan müvəqqəti olma müddətinin uzadılması və ya müvəqqəti yaşama icazəsinin verilməsi üçün ərizə qəbul edilməmişdirsə, onlar hava yolu və ya Azərbaycan Respublikasının ərazisini öz səfirliklərinə müraciət etməklə quru sərhəd yolu ilə tərk etməlidirlər.

Ətraflı məlumat üçün (012) 919 Çağrı Mərkəzinə zəng edə bilərsiniz".

Bütün xəbərlər Facebook səhifəmizdə