Yaşlı kişilərin cavan qızlara göz qoymasının səbəbi nədir? - MÜSAHİBƏ

Psixoloq Cəmilə Abbasovanın SİA-ya müsahibəsini təqdim edirik:

- Son zamanlar azyaşlı qızların hamilə qaldığı və ya ana olduğu barədə xəbərləri daha çox eşidirik. Azyaşlı uşaqların təcavüzə məruz qaldıqdan sonra aldığı travmanın sonu nə ilə nəticələnə bilər?

- Bu yanlız bizdə deyil, digər ölkələrdə də baş verir. Sosial şəbəkələr daha çox gündəmdə olduğuna görə psixologiyası yerində olmayan insanlar düşünürlər ki, “görəsən o adama necə bir həzz verir?”. Türkiyədə uşağa təcavüz halları çox geniş yayılıb və əsasən bu şəxslər cəzalandırılmır. Bizdə də belə bir fikir yaranıb ki, şəxsin etdiyi əməlin üstü ört-bastır ediləcək. Təcavüzkar düşünür ki, uşağın valideynləri məsələnin üzərini örtəcək. Bütün bunlar uşaqda ağır travma olaraq qalır və aradan qaldırmaq da çox çətin olur. Kiçik yaşında təcavüzə uğrayan uşaqlar yeniyetməlik dövründə heç kimə güvənmir, özgüvəni aşağı olur. Bu tip uşaqlarda öz valideynlərinə qarşı belə şübhə yaranır. Günümüzdə təcavüzlərin əksəriyyəti ögey atalar tərəfindən edilir. Hətta baba və qardaş da buraya daxildir.

- Yaşlı kişilərin cavan qızlara göz qoymasının səbəbi nədir?

- Yaşlı insanların əsas bəhanəsi budur ki, “qız özü mənə qaş-göz edir”. Digər bəhanə isə qızların qısa və dar geyim geyinməsidir. Halbuki, burada qızın heç bir günahı yoxdur. Bu tip kişilər evdə edə bilmədiklərini başqalarının üzərində tətbiq etmək istəyirlər.

- Sizcə, burada valideyn etinasızlığı və övladına qarşı diqqətsizliyi rol oynaya bilərmi? Bu cür xoşagəlməz hadisələrdən övladlarımızı necə qoruya bilərik?

- Uşaq doğulduğu andan ailə üzvlərindən nələrsə mənimsəyir. Biri var siz uşağı bütün günü döyüb sonda deyəsiniz ki, “qızım-oğlum belə etmək olmaz e”. Uşaqda tərbiyə pozuntusu elə buradan başlayır. Yəni, sən zatən onu döyərək ona zərər vermisən. Amma sən uşağını 3 yaşından etibarən düzgün formalaşdırsan, “bax, bu yanlışdır, bu doğrudur”, “bunu etmək olar və yaxud olmaz” deyə istiqamət versən daha yaxşı olar. Uşağa elə bir azadlıq və güvən verilməlidir ki, övladı da başına gələnləri ona danışa bilsin.

- Uşaq tərbiyəsinin fiziki cəzalar üzərində qurulması nə dərəcədə düzgündür?

- Bu heç bir halda düzgün deyil. Psixoloji və fiziki şiddət var. Bir söz insanın indiki halını və gələcəyini məhv etməyə kifayətdir.

- Azadlıq sevən qadınları ailə həyatında hansı problemlər gözləyir?

- İlk öncə, xanımlara demək istəyirəm ki, ailə qurmaq üçün tələsməsinlər. Azadlıq sevən qadınlar 25-26 yaşında öz həyatını qurduqdan sonra ailə qura bilər. Azadlıq sevən qadın deyir ki, “Mən buyam. Mən gəzməyi sevirəm, atam mənə bu azadlığı verib” və s. Fərdlər biri-birini yola verməli, ortaq razılığa gəlməlidirlər.

- Valideyn nəzarəti hansı yaş dövrünə qədər vacibdir?

- Valideyn nəzarəti maksimim 18 yaşına kimi olmalıdır. Əslində, bir ömür boyu bu nəzarət bizim üzərimizdə olur.

- Yeni ailə quranların psixoloji müayinədən keçməsi nə dərəcədə zəruridir?

- Bu xüsusilə də indiki dövrdə çox vacibdir. İndiki cütlüklərin əksəriyyəti 1 ayın içində bir-birini tanıyıb evlənir. İlk öncə, bir-birini tanımaq, ailə psixoloquna müraciət etmək lazımdır. Əgər problem varsa bu aradan qaldırılmalıdır.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə