Mənim üçün uğur dayanmadan işləmək, öz məqsədlərinə çatmaqdır - MÜSAHİBƏ

“İrəli” İctimai Birliyinin sədri Şahin Rəhmanlının SİA-ya verdiyi müsahibəsini təqdim edirik:

- Necə oldu ki, “İrəli” sədri oldunuz?

- Mən tələbəlik zamanından ictimai fəaliyyətlə aktiv şəkildə məşğul olmuşam. Həmçinin könüllü fəaliyyətlərim də kifayət qədər geniş olub. Elə o vaxtdan da ictimai fəaliyyətlərə ciddi maraq göstərirdim. Düşündüm ki, faydalı ola bilmək baxımından ictimai fəaliyyət mənim üçün daha önəmlidir. Təsadüfi deyil ki, hərbi xidmətdən gəldikdən sonra bank, iqtisadiyyat və bu kimi müxtəlif sektorları sınadım və son olaraq “İrəli”də fəaliyyətə başlamağa qərar verdim. Bu müddət ərzində yerli layihələrin təşkilində, planlaşdırılmasında, icra edilməsində təcrübələrim getdikcə artdı. Beynəlxalq layihələrdə də çox aktiv iştirak edirdim. Bir müddət sonra isə “İrəli” İctimai Birliyinin Baş katibi vəzifəsinə təyin olundum. Həmin müddət ərzində də fəaliyyətimizi aktiv şəkildə icra etdik. Çalışdıq ki, gənclər üçün daha faydalı və perspektivli layihələr ərsəyə gətirək. Düşünürəm ki, bütün bunlar uğurlu oldu ki, “İrəli” İctimai Birliyi İdarə Heyətinin növbəti seçkilərində “İrəli” üzvləri mənə etimad göstərdilər və İdarə Heyətinin sədri seçilməyimə dəstək oldular.

- “İrəli” İctimai Birliyinin bu günə kimi gördüyü işlər, fəaliyyət yolu ilə bağlı qısa məlumat verə bilərsiniz?

- “İrəli” İctimai Birliyi 2005-ci ildən gənclər hərəkatı olaraq fəaliyyətə başlayıb. 2008-ci ildə artıq fəaliyyətini daha da təşkilatlanmış vəziyyətə gətirib və qeydiyyatdan keçərək gənclər təşkilatı statusunu alıb. Bu il artıq biz “İrəli” İctimai Birliyinin təşkilat kimi fəaliyyət göstərməsinin 14-cü ilindəyik. Bu müddət ərzində “İrəli” minlərlə layihə icra edib, bu layihələrdən on minlərlə, hətta yüz minlərlə gənclər bəhrələniblər. O gənclərdən hazırda dövlət idarəçiliyində, müxtəlif şirkətlərin rəhbər heyətlərində, beynəlxalq arenada təmsil olunanların sayı kifayət qədərdir. “İrəli” hal-hazırda, xüsusilə də, ucqar ərazilərimizdəki gənclərə çatmaq üçün fəaliyyətlərini daha da genişləndirir. Təkcə keçən il bizim 40-a yaxın irimiqyaslı layihələrimiz olmuşdu ki, həmin layihələrdə ümumilikdə birbaşa çatdığımız gənc sayı 6 minə yaxın olub. Amma dolayı yolla və əlamətdar günlərlə bağlı keçirilən tədbirləri də nəzərə alsaq bu 10 minlərə qədər gedib çıxır.

- Yaxın günlərdə nə kimi yeni layihələriniz olacaq?

- “İrəli” İctimai Birliyi fəaliyyətində əsasən gənclərin hərtərəfli inkişafına diqqət edir və bu istiqamətdə layihələr həyata keçirir. Layihələrimizin əsası vətənpərvərlik istiqamətindədir. Lakin biz digər prioritet istiqamətləri də unutmuruq. Müxtəlif mövzularda, müxtəlif istiqamətlərdə gənclərin ehtiyaclarına uyğun olaraq layihələr, tədbirlər həyata keçirilir. Ötən il gənclərin ən çox diqqətini cəlb edən layihə “Marş İrəli” layihəsi olmuşdu. Bundan əlavə,“Gənclər Kuboku: Hərb Oyunları” layihəsi kifayət qədər maraq doğuran layihələr sırasındadır. Biz həmçinin Naxçıvan gənclərini də unutmadıq, Naxçıvan Muxtar Respublikasında “Marş İrəli” layihəsini həyata keçirdik. Layihə çərçivəsində digər bölgələrdə olan gənclərlə Naxçıvan gənclərinin birgə iştirakını təmin etdik.

Bu işlərdə bizim əsas dəstəkçimiz Azərbaycan Gənclər Fondudur. Gənclər və İdman Nazirliyi, o cümlədən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi də əsas tərəfdaşlarımızdandır. Onların dəstəyi ilə biz bu il region gənclərinin, qeyri-hökumət təşkilatlarında çalışan PRmütəxəssislərinin, mətbuat katiblərinin və yaxud əməkdaşlarının bilik və bacarıqlarının artırılması istiqamətində layihələr həyata keçirəcəyik. Həmçinin regionlarda gənclərin qərar qəbul etmə prosesində rolunu artırmaq, vətənpərvər, istedadlı, intellektual, rəqabətə davamlı gənc kimi yetişməsi üçün müxtəlif layihələr nəzərdə tutmuşuq ki, təxminən 25-dən artıq layihənin icrası planlaşdırılıb. Amma hələ ilin əvvəlidir. Bizim fəaliyyətlər günü-gündən yenilənir. Hər gün gənclər yeni ideyalarla çıxış edir və bu baxımdan kifayət qədər genişmiqyaslı fəaliyyətlər nəzərdə tutulub. Bundan əlavə mən deyərdim ki, biz gənclərin rəqəmsal alətlərdən istifadə bacarıqlarına da xüsusi dəstək veririk. Çalışırıq ki, bizim gənclərimiz, gənclərlə işləyən şəxslər xüsusilə bu bacarıqları mənimsəsinlər.

- “İrəli” gənclərə nə qazandıracaq?

- Mənə elə gəlir ki, bunu gənclərdən soruşmaq lazımdır. Mənim nöqteyi-nəzərimdən “İrəli” gənclərə çox şey qazandırır. “İrəli” gənclərə ilk olaraq komanda şəraitində işləmək əhval-ruhiyyəsi verir. Bundan əlavə, “İrəli” gənclərə iş bacarıqları, özünü bir fərd kimi hiss edib hadisələrə fərdi yanaşmanı tənzimləməyi aşılayır, qərar qəbulu zamanı rol almaq üçün bilik, bacarıqlarını inkişaf etdirməyə, özünü kəşf etdirməyə şərait yaradır. “İrəli” gənclərə beynəlxalq arenada olan layihələrə, tədbirlərə qoşulma, öyrənmə və öyrətmə imkanı yaradır, gənclər öz bilik və bacarıqlarını həmyaşıdlarına aşılayır. “Heç kəs kənarda qalmasın” şüarı ilə ən ucqarda olan gəncimizə də gedib çatma imkanını verir. Bununla həm gənclər faydalı bir işə imza atmış, həm özlərini inkişaf etdirmiş, həm də dövlət gənclər siyasətinin istiqamətləri ilə bütün gənclərimizə çatmış olurlar. Bilirsiniz, “İrəli” İctimai Birliyi dövlət gənclər siyasətini dəstəkləyən və onun yerlərdə öz məqsədinə çatması üçün dəstək verən, çalışan bir təşkilatdır və bu baxımdan bizə gənclərə çatmaqla yanaşı, onların faydalanması və onların bu işdə bizə dəstək olması çox önəmlidir.

- 2021-ci il “İrəli” İctimai Birliyi üçün çox məhsuldar il olub. Çiyinlərinizdə nə kimi məsuliyyət hiss edirsiniz və gələcək planlarınız nələrdir?

- “İrəli” sədri olmaq məsuliyyətlidir və bizim komanda durmadan çalışır. Bu, məsuliyyətli iş olduğuna görə mən deyərdim ki, hətta gənclər öz istirahət günlərini belə “İrəli”də keçirir, könüllü və yaxud işçi heyətdən asılı olmayaraq maksimal şəkildə bu proseslərdə iştirak edirlər. Bu da bir məsələdən doğur ki, komanda olaraq mən daxil, hər birimiz Azərbaycan gəncliyi qarşısında olan məsuliyyətimizi, öhdəliyimizi hiss edir və bunun üçün çalışırıq ki, burada olduğumuz vaxtda daha çox gəncə çata, daha çox gəncə imkanlar yarada bilək. Həmçinin, komandanın yetişdirilməsi, müxtəlif bilik və bacarıqların aşılanması və onların istər iş həyatında, istər şəxsi həyatda özlərini doğrulda bilməsi üçün dəstək vermək də bizim məsuliyyətimizə daxildir.

“İrəli” İctimai Birliyinin planlarına gəlincə isə “İrəli”nin devizi var: “yalnız irəli”. Bu baxımdan bizim dayanmaq kimi bir niyyətimiz yoxdur. Fəaliyyətlərimizi günü-gündən genişləndirir, dövlət gənclər siyasətinin prioritetlərinin icrası istiqamətində durmadan çalışırıq. Görürsünüz ki, nitqimdə daha çox region gənclərini vurğulayıram. Çünki region gənclərinin bir çox hallarda imkanlara çıxışı məhduddur, bəzən isə yox dərəcəsindədir və biz bu istiqamətdə çalışırıq ki, həmin gənclərə çata bilək. Əlbəttə ki, bu dediklərimi heç də təkbaşına etmirik. Burada birincisi “İrəli” İctimai Birliyinin komandası, könüllü heyəti daxil olmaqla bizə dövlət qurumları, Gənclər Fondu, Gənclər və İdman Nazirliyi, Müdafiə Nazirliyi və digər aidiyyəti qurumlar dəstək verir.

- Özünüzü uğurlu hesab edirsiniz? Uğur sizin üçün nədir?

- Əslində, mənim üçün uğur dayanmadan işləmək, öz məqsədlərinə çatmaqdır. Burada söhbət böyük məqsədlərdən getməyə bilər. Yəni, kiçik məqsədlər də ola bilər. Əgər qarşımıza bir gənc olaraq, gənclər təşkilatı olaraq və yaxud digər şəkildə hədəf qoymuşuq və onun öhdəsindən layiqincə gələ bilmişiksə bu artıq uğurdur. Əgər bizim gənclərimiz bu gün müxtəlif beynəlxalq təşkilatlarda və yaxud yerli təşkilatlarda, dövlət orqanlarında layiqincə təmsil olunursa, onları müəyyən vəzifələrə çəkirlərsə, bu artıq “İrəli”nin uğurudur. Bu artıq bizim uğurumuzdur ki, biz həmin gənclərlə məşğul ola, onlara dəstəyimizi verə bilmişik. Mən uğura ancaq bu şəkildə baxıram. Uğur məncə son əldə olunan nəticədir və hərəkətdə olmağın özü bir uğurdur.

- İkinci Qarabağ müharibəsinin iştirakçısı olmusunuz. Ümumiyyətlə, Vətən müharibəsinin şahidi olan biri kimi Gənclər Günündə gənclərə nə kimi tövsiyələriniz var?

- Vətən müharibəsində gənclərimiz göstərdi ki, onlar sözdə yox, əməldə vətənpərvərdirlər. Bəziləri ola bilər ki, dərslərini yaxşı oxumayıb, cəmiyyətdə hansısa bir çətinliklərlə üzləşib, özünü ifadə edə bilməyib, amma Vətən müharibəsində xalqımızın hər bir nümayəndəsi kimi,elə cənab Prezidentin sözləri ilə desək, xüsusilə, böyük rəşadət göstərib. Mən öz ətrafımda olan yoldaşlarla bağlıbunu deyə bilərəm ki, hər bir əsgər ancaq Qarabağı, ancaq irəli getməyi və zəfər qazanmağı fikirləşirdi. Həmin gənclər üçün xüsusi bir tapşırıqlar yoxdur ki, bunu etmək lazımdır. Çünki o gənclər dövlət gənclər siyasətinin, xüsusilə cənab Ali Baş Komandanın diqqət və qayğısı ilə yetişib ərsəyə gələn gənclər idi. Bunu ardıcıl qəbul olunan dövlət proqramlarından, 2015-2025-ci illərdə “Azərbaycan Gəncliyinin İnkişaf Strategiyası”nından da görmək olar. Gənclərin hərtərəfli şəkildə inkişafı xüsusilə vətənpərvərlik tərbiyəsində inkişafı sübut etdi ki, artıq gənclərimiz vətənpərvər olaraq yetişiblər. Tövsiyəm budur ki, gənclərimiz özlərini durmadan inkişaf etdirsinlər, həmçinin müasir dövrün çağırışlarına diqqət etsinlər, ümummilli məsələlərdə birliyimizi, bərabərliyimizi qoruyub saxlasınlar, möhkəmləndirsinlər.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə