Yeni texnologiyaların həyatımıza gətirdiyi ZİYANLAR NƏDİR? - EKSPERTLƏR DANIŞDI

"Əlbəttə ki, elektron əşyaların üstünlükləri həddən artıq çoxdur. Həqiqətən də həyatımızı bir çox məsələlərdə rahatlaşdırıb və yeni icadlar hələ də inkişaf etməyə davam edir. Yəni insanlar əvvəlki dövrlərdən fərqli olaraq daha az zəhmət çəkməklə, daha çox fayda əldə edə bilir". Bu sözləri SİA-ya açıqlamasında media eksperti Azər Həsrət bildirib.

Onun sözlərinə görə, məhz bu proses elektronikanın hesabına baş verir: "Amma bununla bərabər texnologiya, icadlar bütövlükdə bu yeniliklər insanları fiziki və eyni zamanda mənəvi cəhətdən də aşındırır. Yəni insanlarda arxayınlıq yaranır, fiziki hərəkətlilikdən qalır, tənbəlliyə səbəb olur. Yəni faktiki olaraq insan özünün fiziki həyatını arxa plana keçirmiş olur. Bu da təbii ki, müəyyən fiziki narahatlıqların yaranmasına gətirib çıxarır. Eyni zamanda assosialaşmaya səbəb olur. Yəni əgər 10, 20, 30 il əvvəl insanlar daha sosial idilərsə, bir-birləri ilə daha çox qaynayıb-qarışmışdılarsa, indiki nəsil isə konkret olaraq nəinki cəmiyyətlə əlaqədədirlər hətta deyərdim ki, ailədə qohumlar arasında belə uzaqlaşma və biri-birindən xəbərsizliyə gətirib çıxarır.

Düzdür qohum-qardaşdan, yaxınlarımızdan xəbər tuturuq, amma bu da yenə elektron vasitələrin hesabına baş tutur. Yəni faktiki olaraq yeni icadlar, elektronika, bu qəbildən olan texnologiyalar insanları biri-birindən uzaqlaşdırır. Nəticə etibarilə xüsusilə də gənclər arasında özünə qapanma və cəmiyyətdən təcrid olunma halları baş verir. Mən düşünürəm ki, bu çox zərərli bir meyildir və mütləq qarşısı alınmalıdır. İllər öncə biz bununla bağlı öz fikirlərimizi dilə gətirmişdik. O fikirlərdən deyə bilərəm ki, bu texnologiyaların insanları yadlaşdırılmasından yaxa qurtarmaq üçün ən azı həftəsonları insanlar bu texnologiyaları atıb, biri-birləri ilə ünsiyyətdə olmalı, təbiət qoynunda vaxt keçirməlidirlər. Bir növ insanlar həftənin beş gününü yeni texnologiyalardan istifadə edirsə, heç olmasa iki gününü də özlərinə və sevdikləri insanlarla birgə olmalıdırlar. Bütünlükdə bunlar insan övladını arxa plana keçirməkdədir. Hazırda insan öz icadları nəticəsində özü arxa plana keçməli olur. Bəlkə də illər sonra ümumiyyətlə icadlarımız bizi idarə etməyə başlayacaq, şəxsi, fərdi həyatımız, seçimlərimiz heç olmayacaq".

Məsələ ilə bağlı psixoloqun fikirlərini də öyrəndik.

"Qəzet və planşetlər, lazım olan informasiyanı qısa müddətdə əldə etməyə, dərs və ya iş çalışmalarında uşaq və böyüklərə əvəz olunmaz köməklik edir". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Fidan Nizamova bildirib.

Onun sözlərinə görə, lakin həddən artıq istifadə istər-istəməz insanlarda asılılıq yaradır: "Bu asılılıq real həyata dair marağı, canlı ünsiyyətə həvəsi azaldır. Beləcə insanlar tənhalaşmağa, ünsiyyət qurmaqda çətinliklərin yaranmasına, səbəbsiz depressiya yaşamasına rast gəlirlər.

Zamanla ailə üzvləri bir-biri ilə canlı ünsiyyət azlığından, aqressiv və bir-birinə qarşı tələbkar olmağa başlayırlar. Adətən ailənin bir üzvü digərinə daimi olaraq qəzet ilə bağlı iradlarını mütəmadi olaraq bildirir və bu konfliktlərin artmasına anlaşılmamazlığa gətirib çıxarır.

Həmçinin elektron əşyalardan davamlı istifadə yaddaşı zəiflədir.
Bu hər funksiyanı (həlletmə, yadda saxlama, xatırlatma) qəzetlərin öhdəsinə buraxıldığandan irəli gəlir. Həmçinin diqqətsizlik, unutqanlıq və real informasiyanı gec qavramaq kimi hallar müşahidə olunur. Elektron əşyalardan çox istifadə edən insanlara təmiz havada gəzinti, ara-sıra riyazi məsələlər (vurma /çıxma) həlletməsi və canlı ünsiyyətdən qaçmamaları tövsiyyə olunur".

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə