Britaniya “Pakistan Hava Yolları”na qoyduğu qadağanı beş ildən sonra ləğv edib

Böyük Britaniya “Pakistan Hava Yolları”na hava məkanından istifadə etməyə qoyduğu qadağanı ləğv edib. SİA “Reuters”ə istinadla xəbər verir ki, bu qərarla Pakistanın milli aviadaşıyıcısı olan “Pakistan International Airlines” (PIA) beş ildən sonra yenidən Böyük Britaniyaya uçuşlar həyata keçirə biləcək.

Qadağa 2020-ci ildə Pakistanın aviasiya naziri ölkədəki pilotların təxminən üçdə birinin lisenziya imtahanlarında saxtakarlıq etdiyini etiraf etdikdən sonra tətbiq edilmişdi. Həmin ilin mayında Karaçidə baş verən və 97 nəfərin ölümünə səbəb olan təyyarə qəzası da pilot və dispetçer səhvi ilə əlaqələndirilmişdi. Böyük Britaniyanın İslamabaddakı səfirliyi bildirib ki, bu qərar Pakistanın aviasiya təhlükəsizliyi sahəsində apardığı islahatlara beynəlxalq səviyyədə verilən müsbət qiymətləndirmənin nəticəsidir. Bu ilin əvvəlində Avropa İttifaqının Aviasiya Təhlükəsizliyi Agentliyi də Pakistan aviaşirkətlərinə qoyduğu dörd illik qadağanı aradan qaldıraraq Avropaya uçuşlara yaşıl işıq yandırmışdı.

PIA qısa zamanda Böyük Britaniyaya uçuşları bərpa edəcəyini və ilk uçuşların İslamabaddan Mançesterə həyata keçiriləcəyini açıqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə