"Azərbaycanın enerji siyasətində yeni bir mərhələnin başlanğıcı ola bilər" - POLİTOLOQ ŞƏRH ETDİ
"Suriya Prezidenti və nümayəndə heyətinin Azərbaycana səfəri iki ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Bu səfər çərçivəsində müzakirə olunan əsas məsələlərdən biri Azərbaycan qazının Suriyaya və oradan keçməklə İordaniya və Misirə çatdırılması perspektividir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib.
Onun sözlərinə görə, bu təşəbbüs həm enerji, həm də geosiyasi baxımdan strateji əhəmiyyət kəsb edir və Azərbaycanın enerji siyasətində yeni bir mərhələnin başlanğıcı ola bilər: "İlk növbədə qeyd etmək lazımdır ki, Azərbaycanın qaz ixracında Yaxın Şərq istiqamətində yeni bir marşrutun formalaşması ölkənin enerji bazarını şaxələndirməsi baxımından mühüm addımdır. Hazırda Azərbaycan əsasən Avropa və Türkiyə bazarına qaz ixrac edir. Lakin Suriyaya və oradan da İordaniya və Misirə qazın çatdırılması həm yeni bazar imkanları yaradır, həm də ölkəmizin enerji siyasətini daha çevik və dayanıqlı edir. Bu, Azərbaycanın yalnız Avropa ilə məhdudlaşmayan enerji strategiyasına keçdiyini göstərir. Digər tərəfdən, bu marşrut Azərbaycanın geosiyasi mövqeyini daha da gücləndirə bilər. Enerji siyasəti bu gün beynəlxalq münasibətlərdə ən mühüm alətlərdən biridir və Azərbaycanın Yaxın Şərqdə enerji təchizatçısı kimi mövcudluğu bu regionda nüfuzunun artmasına səbəb ola bilər. Bu isə həm regional əməkdaşlıq imkanlarını genişləndirir, həm də ölkəmizin strateji tərəfdaş kimi cazibədarlığını artırır.
Bununla belə, bu layihənin həyata keçirilməsi müəyyən risklər də ehtiva edir. Suriya hələ də tam sabitlik əldə etməyən bir ölkədir və marşrutun təhlükəsizliyi uzunmüddətli planlaşdırmada ciddi amillərdən biri olacaq. Eyni zamanda, bu bölgədə maraqları olan digər regional və qlobal güclərin mövqeyi də nəzərə alınmalıdır. Azərbaycanın bu prosesdə balanslı və çoxvektorlu siyasət yürütməsi vacibdir.
Nəticə etibarilə, Suriyaya və oradan İordaniya və Misirə qədər uzanan qaz ixracı marşrutu Azərbaycanın enerji siyasətində yalnız iqtisadi deyil, həm də geosiyasi dəyəri olan yeni bir səhifə açır. Bu təşəbbüs ölkəmizin regionda daha aktiv və təsirli rol oynamasına şərait yarada, eyni zamanda Azərbaycanın enerji ixracında strateji təhlükəsizliyini gücləndirə bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə