Mən 1979-cü ildən 2016-cı ilədək AMEA-nın Bəhməniyar adına Fəlsəfə və Hüquq (indiki Fəlsəfə və Sosiologiya) İnstitutunda, 2016-cı ildən-2025-ci ilədək AMEA-nın Qafqazşünaslıq İnstitutunun Gürcüstanşünaslıq və Şimali Qafqaz şöbələrinin müdiri vəzifəsində çalışmışam. 2025-ci ilin fevralından yenidən doğ-ma institutumuza qayıtmışam. Sovet dövründə Elmlər Akademiyasında işə başlayarkən Azərbaycan Elmlər Akademiyasının prezidenti Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü, akademik,SSRİ Elmlər Akademiyasının müxbir üzvü böyük millətsevər alim Həsən Abdullayev idi. Azərbaycan filosofu Əmrəli İsmayılovun Həsən Abdullayev haqqında maraqlı bir xatirəsi var.“Sovet dövründə milli kadr hazırlığı probleminin həllicəsarət tələb edirdi. Böyük millətsevər alim Həsən Abdullayev Akademiyanın prezidentiolarkən bu məsələyə xüsusi diqqət yetirirdi. Bir gün o, Rəyasət Heyətində yeni qəbul olunmuşaspirantları təsdiq edirmiş. Baxır ki, Kosmik Tədqiqatlar İnstitutunun aspirantlarınınəksəriyyəti qeyri-azərbaycanlılardır. Vəziyyətdən narahat olub institutun direktoru Tofiqİsmayılova eyhamla deyir: “Bu aspirantları götürəndə, heç olmasa, bir yaraşığına baxın,görün, bığı-saqqalı varmı?” Bu zaman növbə arıq, çəlimsiz, nimdaş geyimli, qorxacaq hərəkətedən bir azərbaycanlı oğlana çatır. Həsən müəllim amiranə səslə dillənir: “Niyə elə yeriyirsən?Haradansan?” Oğlan: “Ermənistandan,” - deyir. Akademik yenə həmin ötkəmliklə onasəslənir: “Orada qoymurlar səni şax yeriməyə, a kişi, burda ayağını yerə möhkəm bas, burasənin ana torpağındır”. Belə sözlər demək o vaxt çox qorxulu idi. Amma Həsən Abdullayevmilli düşüncəli adam olduğundan çəsarətlə azərbaycanlıları müdafiə edirdi”.
Çox yaxşı kollektivi olan Fəlsəfə və Hüquq institutunun direktoru isə akademik Firudin Köçərli idi.O, 1958-1967-ci illərdə Azərbaycan EA-nın fəlsəfə sektorunun rəhbəri olub, 1967-ci ildən 1985-ci ilə qədərFəlsəfə və Hüquq İnstitutunun direktoru vəzifəsində işləyib. Ömrünün son anlarına, yəni 2004-cü iləqədər bu institutda fəaliyyət göstərib. O, 1966-cı ildə dissertasiyası müdafiə edərək fəlsəfə elmləridoktoru elmi adına layiq görülüb, 1966-cı ildə Azərbaycan EA-nın müxbir üzvü, 1976-cı ildə isə həqiqiüzvü seçilib.
Akademik F.Köçərlinin elmi-tədqiqat fəaliyyəti əsasən Azərbaycanda fəlsəfə və ictimai fikir tarixinin,dialektik və tarixi materializmin, etika və estetika problemlərinin tədqiqinə yönəldilib. Azərbaycanın birçox elm və mədəniyyət xadimlərinin fəlsəfi baxışlarına dair tədqiqatlar aparıb, həmin tədqiqatlarınnəticələri onun nəşr etdirdiyi kitab və monoqrafiyalarında öz əksini tapıb. Onun apardığı tədqiqatlarMoskvada nəşr olunan "SSRİ-də fəlsəfə tarixi" adlı kitaba daxil edilib.
F.Köçərli uzun illər SSRİ Fəlsəfə Cəmiyyəti Azərbaycan bölməsinin sədri olub. O, Çexoslovakiya,Kanada, Skandinaviya ölkələri və digər ölkələrdə fəlsəfənin aktual problemləri barədə çıxışlar edib.
Dostum filosof Firuz Mustafa Firudin Köçərlinin həyat və fəaliyyətini qısaca olaraq belə qiymətli sözlərlə xarakterizə edibdir: “İlk növbədə yadadüşən anlamlar: SADƏLİK, MÜDRİK-LİK, XEYİRXAHLIQ, BÜTÖVLÜK.”
O vaxtlar elmlər akademiyasına işə qəbulda cidddi məhdüdiyyətlər olduğundan Firudin müəllim məni əvvəlcə SSRİ Fəlsəfə Cəmiyyətinin Azərbaycan bölməsinin elmi katibi vəzifəsinə qəbul etdi. Sonralar isə məni institutun Tarixi materializm və elmi kommunizm şöbəsinə keçirdi. Rəhmətlik Ziyəddin Göyüşov əvvəlcə fəlsəfə tarixi şöbəsinə, 1980-ci ildən isə yeni yaradılan Etika şöbəsinin müdiri oldu. Şöbədə istedadlı alimlərdən hörmətli professor İlham Məmmədzadə (o, 1980-ci ildə 26 yaşında fəlsəfə elmləri namizədi elmi dərəcəsi almış ən gənc filosoflardan biri idi), Nizami Nəcəfov (o, mənim müdafiəmdə rəsmi opponentim oldu), Rafiqə xanım Əzimova,Nazim Səfərov çalışırdılar. Sonralar Dilarə xanım Muslimzadə, elmi katibmiz Sevinc xanım Həsənova, Mehriban xanım Səfərova, Xatirə xanım Quliyeva, Şəhla xanım Musayeva, Fəxriyyəxanım Məmmədzadə və başqaları çalışırdılar.
Mən 1981-1985-ci illərdə istehsalatdan ayrılmamaqla 09.00.05. – Marksist-leninçi etika ixtisası üzrə fəlsəfə və hüquq institutunun aspiranturasına daxil oldum.
Fəlsəfə elmləri doktoru, professor Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü Ziyyəddin müəllim Göyüşov mənə elmi rəhbər təyin edildi. Dissertasiya mövzumda dəyişlik edildi. Əvvəlcə mövzumun adı “Markist-leninçi etikada əxlaqi hisslərin strukturu” idi. Məsləhətləşmələrdən sonra mənə başqa mövzu verildi. Onun adı belə oldu: “Əxlaqi ideal və onun Azərbaycan şifahi xalq yaradıçılığında təcəssümü”. Bu mövzu Ziyəddin müəllimə çox yaxşı və doğma mövzu idi. Belə ki, o 1968-ci ildə nəşr olunan rus dilində yazdığı 564 səhfəlik “Azərbaycanda etik fikir” adlı fundamental əsərində Azərbaycan folklorunda mənəvi etik ideyaları Azərbaycanda etik fikrin inkişafını təşəkkülününmənbələrindən biri kimi araşdır-mışdır. Z.Göyüşov digər kitablarında da yeri gəldikcə Azərbaycan folkloru nümünələrindən geniş istifadə edirdi. Sonralar namizədlik minimun imtahanı verərkən rəhmətlik Əmrəli İsmayılov mənim mövzumun marksizm fəlsəfəsinə aiddiyyatı olmadığını bildirdi.Mənə:“bu mövzu ilə sən marksist filosof ola bilməzsən!”– dedi. Mən ona dedim: “Müəllim, mən marksist folosof olmağı heç qarşıma məqsəd qoymamışam”. Bu sözlər Əmrəli müəllimi bərk qəzəbləndirdi. Sonra o mənə bir sualda verdi: “Yaxşı, de görüm “Kapital”ı oxuyubsanmı?” Mən onsuzda kəsiləcəyimi bildiyimdən ona belə bir cavab verdim: “Müəllim kapitalı oxumaq yox, yığmaq lazımdır”. Əmrəli müəllim mənə qeyri-kafi yazdı və: “Kapitalı yığandan sonra gələrsən” – dedi.Mən bütün bunlar haqqında ictimai-fəlsəfi qəzeti olan “İdrak” qəzetinin 1993-cü il tarixli 3-cü sayında “İstər inanın, istər də inanmayın!” rubrikasında imzasız yazmışam.
Altı ay sonra mən yenidən imtahan verməli idim.Bu zaman hamının sevimlisi, İnstitutumuzun direktor müavini, İmtahan komissiyasının sədri, hüquq elmləri doktoru, professor Tofiq Qafarov auditoriyaya daxil oldu, siyahıya baxdı, mənim adımın qarşısına “yaxşı” yazıb Əmrəli müəllimə dedi: “Əmrəli, mən Vahiddən soruşmuşam, o, kapitalı oxuyub da, yığıb da”.Əmrəli müəllim məcbur olub imzasını çəkdi.
Professor T.M.Qafarov 1980-ci ildən SSRİ dağılana qədər SSRİ Ali Attestasiya Komissiyasının Cinayət hüququ üzrə ekspert komissiyasının üzvü olmuşdur. O, Respublika Ali Məhkəməsi yanında Elmi-məsləhət Şurasının, Respublika Prokurorluğu yanında Elmi-metodik Şuranın üzvü, eyni zamanda SSRİ EA-nın “Dövlətin, idarəçiliyin və hüququn inkişaf qanunauyğunluqları” Elmi Şurasının üzvü, Azərbaycan EA-nın “Dövlət və hüquq problemləri” Şurasının sədri idi. Elm və təhsil sahəsində xidmətlərinə görə professor T.M.Qafarova “Azərbaycan Respublikasının əməkdar elm xadimi” fəxri adı verilmişdir. Təəssüf ki, o, 1995-ci ildə avtomobil qəzasında faciəli surətdə vəfat etdi.Allah ona rəhmət eləsin.
Sonralar Əmrəli İsmayılovla dost olduq. Firuz Mustafanın yazdığı kimi “ o, bütün ömrü boyu özünü marksist filosof və ateist hesab edib. Moskvada aspirantura bitirib Vətənə dönəndən sonra Fəlsəfə İnstitutunda çalışıb. Çox prinsipial, düzünəqulu bir adam idi. Mövqeyi və məsləki sabit idi. Marksın fəlsəfi baxışları haqda monoqrafiyası vardı və bu əsər vaxtilə keçmiş Sovetlər birliyinin sosioloqları tərəfindən yüksək qiymətləndirilmişdi.
Əksər klassik filosoflar sayağı bəzi qəribəlikləri də vardı. Kant kimi təkliyi xoşlayardı. Russo kimi təbiəti çox sevərdi. Şopenhauer kimi ömrünün sonunacan tənha yaşadı, ailə qurmadı. Amma bütün bunlara baxmayaraq, elə adını çəkdiyimiz o Şopenhauer kimi bir daxili nikbinliyi də vardı. Gözəlliyə biganə deyildi.”
Əmrəli İsmayılovun rus dilində yazdığı möhtəşəm "Erməniliyin və erməni faşizminin ideologiyası, fəlsəfəsi və cinayəti" adlı kitabı çapdan çıxdı.O,ermənilərin siyasi riyakarlığını, yalançılığını, simasızlığını realelmi, publisistik mənbələr əsasında açıqlamışdır. Müəllif erməni ideologiyası, erməni faşizmi barədəfikirlərini əsaslandırmaq üçün məhz xristian aləmini təmsil edən mütəfəkkirlərin, dünyada tanınmış alimvə siyasətçilərin fikirlərinə müraciət edib. Ermənilərin mənəviyyatsızlığı, riyakarlığı məhz ermənimüəlliflərinin fikirləri, məlumatları əsasında oxucuya çatdırmışdir.2018-ci il Azərbaycan Dövlət Pedaqoji Universitetində keçirilən kitabın təqdimat mərasimində mən də çıxış edərək əsərin yüksək səviyyəyə malik, xalqımızın milli maraqlarına xidmət edən və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edən bir əsər olduğunu vurğuladım. Sonra isə “Azərbaycan filosofunun ermənipərəst Sarkoziyə 4 açıq məktubu haqqında” iri həcmli bir məqalə də yazdım.Ə.İsmayılov 82 yaşında vəfat etdi.
Z.Göyüşov konfranslarda aspirantların bütün çıxışlarını diqqətlə izləyirdi. O, konfranslarda fəlsəfə tarixi və etika bölmələrinə sədrlik edir, çıxışlara öz münasibətini bildirir, yaxşı cəhətləri təqdir, çatışmazlıqları tənqid edir, olduqca xeyirxah, əhəmiyyətli tövsiyyələr verirdi. Onun aspirantlarından biri ADU-nun (indiki BDU-nun) Şərqşünaslıq fakültəsinin ərəb dili ixtisası üzrə bitirmişdi. Konfransların birində həmin aspirant öz mövzusu ilə bağlı çıxışı zamanı danışarkən sanki ərəb mətnini ərəb tələfüzü ilə təqdim etdi. Ziyəddin müəllim hirslə onu çıxışını kəsib: “Hoqqabazlıq eləmə. Adam balası kimi danış!” - dedi.
Z.Göyüşov elmdə mücərrədçilikdən uzaq olan alim idi. O, bizdən öz aspirantlarından da elmi cəhətdən dərin, ancaq hamının başa düşdüyü sadə dildə yazmağı tələb edirdi. Məhz bu səbəbdən də onun etikaya, fəlsəfəyə, fəlsəfə tarixinə aid yazdığı kitablar bütün Azərbaycan xalqının sevə-sevə və maraqla oxuduğu stolüstü kitablardan idi.
Z.Göyüşov şöbədə tezislərdən tutulmuş elmi-tədqiqat işlərini, məqalələri, kitabları müzakirədən keçirməmiş çapına icazə vermirdi. Mən başqa şöbədə işləsəm də aspirant kimi etika şöbəsində keçirilən elmi müzakirələrdə müşahidəci kimi yaxından iştirak edirdim.
Ziyəddin müəllim sadə, təvazökar, alicənab, mehriban, zarafatcıl, gülərüz insan idi. O, necə deyərlər böyüklə böyük, kiçiklə kiçik idi. Görkəmli alimin “Əxlaqi sərvətlər” kitabında tədqiq etdiyi ümumbəşəri dəyərlərin çox hissəsi sanki özünün daxili mədəniyyətinin göstəricisi idi. O, həyatda və bütün işlərində ədalətli idi. Hər hansı məsələni düzgün, ədalətlə həll etməyə çalışırdı.
Ziyəddin Göyüşov həyatda mülayim, mehriban olsa da elmi müzakirələrdə ciddi, obyektiv tələbkar və prinsipial idi. Prinsipiallıq onun bir şəxsiyyət kimi əsas mənəvi keyfiyyətlərindən biri idi. Onun prinsipiallığı özü demiş: “əxlaqi borcla, ədalətlə, vicdanla, tərəf və ləyaqətlə üzvi sürətdə bağlı” idi. Z. Göyüşov “Əxlaqi sərvətlər” kitabının 212-ci səhifəsində göstərirdi ki, “prinsipiallıq tolerantlıqla yanaşı sadə əxlaq norması olmaqla bərabər, həm də heç şübhəsiz mühüm əxlaqi sərvətdir”.
Yadımdadır: şöbədə müzakirə olunan elmi-tədqiqat işlərindən biri ciddi tənqid olundu. Ziyəddin müəllim göstərilən qeydlərə özünün də tövsiyələrini əlavə edərək onun yenidən işlənməsini bildirdi. Həmin şəxs az qaldı ki, ağlasın. Ancaq Ziyəddin müəllim dediyindən dönmədi.
Ziyəddin Göyüşov sovet dövrünün ən görkəmli filosoflarından idi. Düzdur, o, zahirən olaraq sovet elminin sinfi-ideoloji tələblərindən kənara çıxmırdı: əsərlərində marksizm-leninizm banilərinin fikirlərinə istinad edir, feodalizm, kapitalizm, burjua cəmiyyətlərini və əxlaqını tənqid edir, sosializmi, kommunist əxlaqını tərifləyirdi. 19961-ci ildə onun “Burjua əxlaqının böhranı” adlı kitabı çapdan çıxmışdır. Lakin o, sovet alimindən çox milli Azərbaycan filosofu idi. Çünki o, XI-XVIII əsrlərin Azərbaycan mütəfəkkirlərinin, ələcə də XIX-XX əsrlərin filosoflarından Mirzə Şəfi Vazeh, A.Bakıxanov, Mirzə Kazımbəy, M.F.Axundzadə, H.B.Zərdabi, S.Ə.Şirvani, Sidqinin, Şimali və Cənubi Azərbaycan maarifçilərinin etik görüşlərini araşdırmışdır. Z. Göyüşovun “Əxlaqi sərvətlər”, “Həzz və iztirab”, “Daxilə pəncərə (özüntərbiyə), “Fəzilət və qəbahət” əsərləri hamımızın sevə-sevə oxuduğumuz, bəhrələndiyimiz kitablardan idi. Görkəmli alimin 1979-cu ildə rus dilində çap etdirdiyi kitablardan biri də “Sovet Azərbaycanda fəlsəfi fikir.Qısa oçerk” kitabı idi. Kitabda XX əsrin əvvəllərindən 70-ci illərin sonlarınadək Azərbaycan filosoflarının tarixi materializmə dair əsərlərinin, Azərbaycanda fəlsəfi müəssisələrin və fəlsəfi kadrların yaradılması və inkişaf etdirilməsindən, Heydər Hüseynovun, Əhməd Zəkuyevin, Mehbalı Qasımovun, Aleksandr Makovelskinin, Vahid Kərimovun, Həsən Şirəliyevin, Adil Həsənovun, Firudin Köçərlinin, Fuad Qasımzadənin, Zümrüd Quluzadənin, Adil Həsənovun, ƏddinŞakirzadənin, ƏminƏhmədovun, Vəli Nəsirovun, ƏfrandDaşdəmirovun, Həmid İmanovun, Əmrəli İsmayılovun, Tofiq Rəsulovun və başqalarının əsərlərindən, fəlsəfə tarixinə, estetika və etikaya, elmi ateizmə aid məsələlərrin araşdırılmasından bəhs edilir.
Z. Göyüşovun ən fundamental əsərlərindən biri də rus dilində 1963-ci ildə çap olunan “Həsən bəy Zərdabinin dünyagörüşü” əsəri idi. Bu əsər və ümumiyyətlə maarifçilik fəlsəfəsi haqqında hörmətli professorumuz İlham Məmmədzadənin Zemfira xanım Göyüşova ilə birlikdə rus dilində 2014-cü ildə çap olunmuş “Modern, Həsən bəy Zərdabinin maarifçilik ideyaları və maarifçilik fəlsəfəsi” adlı möhtəşəm əsərdə geniş, hərtərəfli bəhs edilmişdir. Mən isə bir faktı nəzərinizə çatdırmaq istəyirəm. Məlum olduğu kimi Həsən bəy Zərdabinin oğlu Səfvət bəy Məlik-Zərdabi AXC quruculuğunda iştirak etmişdir. Onun bacısı Pəri xanım Ə.Topçubaşovun həyat yoldaşı olub. O, İstanbulda konsulluqda çalışmış, Avropada memarlıq fakültəsində təhsil almış, mühacir tədqiqatçılarından olmuşdur. O, 1927-ci ildən Türkiyədə yaşamışdır.
1960-cı illərdə SSRİ və Türkiyə arasında münasibətlər yaxşılaşdığından görkəmli və vətənpərvər ədəbiyyatşünas alimlərdən biri olan Abbas Zamanov Səfvət bəyi tapıb, hətta onu vətənə dəvət etmişdir. Səfvət bəy Məlik-Zərdabi Türkiyənin məşhur memarlarından biri kimi tanınmışdır. Görkəmli filosofumuz Ziyəddin Göyüşov 1970-ci ildə Türkiyəyə səfəri zamanı Səfvət bəylə görüşmüşdür. Atasının tədqiqatçısı professor Z. Göyüşova dərin hörmət və ehtiram bəsləyən Səfvət bəy vətən həsrəti çəkirdi.
Mən Ziyəddin müəllimi son dəfə Azərbaycan SSR Səhiyyə Nazirliyinin Dordüncü Baş İdarəsinin 1 saylı xəstaxanasında (indiki Mərkəzi Klinik xəstəxanasında) xəstə yatarkən ziyarət etdim. O, mənimlə söhbətində “Dünyanın ən böyük sərvəti can sağlığıdır” – dedi. Mən ona: “Ziyəddin müəllim, Allah qoysa sağalıb yenə institutumuza qaydar, bizə böyüklük, ağsaqqallıq, rəhbərlik etməyi davam etdirərsiniz!” – dedim. Təəssüf ki, vaxtısız, amnsız ölüm böyük və dəyərli şəxsiyyət, görkəmli alim Ziyəddin Göyüşovun mənalı həyatına son qoydu. Onun ölümü Azərbaycanın elmi ictimayyəti və xalqımız üçün ağır itki oldu. Allah ona rəhmət eləsin, məkanı cənnət olsun!
Biz əminik ki, Ziyəddin müəllimin ruhu şaddır. Çünki Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi qəhrəman ordumuz onun anadan olduğu, boya başa çatdığı torpaq da daxil olmaqla bütün ərazimizi erməni işğalından azad etmiş, suverenliyimiz bərpa olunmuşdur.
Bir də təklifim budur ki, Ziyəddin Göyüşovun 105 illiyinə həsr olunmuş çıxışlar bir toplu və ya xüsusi buraxılış şəkilində çap olunsun, gələcək nəsillərə çatdırılsın.
Hörmətlə,
Vahid Ömərov
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun “Enerji təhlükəsizliyi siyasəti və Gürcüstanşünaslıq” şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent.
Bütün xəbərlər Facebook səhifəmizdə