“Ermənistanın mövqeyi qeyri-sabit və tez-tez dəyişkən xarakter daşıyır” - MÜNASİBƏT BİLDİRİLDİ
“Zəngəzur dəhlizi ilə bağlı məsələlər son dövrlərdə həm regional, həm də beynəlxalq səviyyədə geniş müzakirə predmetinə çevrilmişdir. Bu dəhlizin gələcəyi təkcə Cənubi Qafqaz ölkələri üçün deyil, eyni zamanda qlobal güc mərkəzləri üçün də ciddi strateji əhəmiyyət daşıyır. Artıq bir neçə böyük dövlət, xüsusilə də Birləşmiş Ştatlar bu məsələ ilə bağlı müxtəlif alternativ təkliflərlə çıxış edir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Elman Nəsirov deyib.
Elman Nəsirov sözlərinə belə davam edib: “Birləşmiş Ştatların ilk təklifi ondan ibarətdir ki, Zəngəzur dəhlizi 100 il müddətinə icariyə götürülsün və bu zaman logistika, nəqliyyat və təhlükəsizlik sahələrində məsuliyyət daşıyan konkret operator qurumlar təyin edilsin. Alternativ təklif isə dəhlizin idarə olunmasının birbaşa ABŞ-ın xüsusi bir şirkətinə verilməsini nəzərdə tutur. Bu yanaşma, ABŞ-ın bu layihədə iştirakını dövlətlərarası səviyyədən daha çox korporativ səviyyəyə keçirmə cəhdi kimi də qiymətləndirilə bilər.
Eyni zamanda məlum olur ki, bu cür analoji təkliflərlə digər aktorlar, o cümlədən Çin də çıxış etməyə başlayır. Çin Xalq Respublikasının da bu məsələ ilə bağlı maraq nümayiş etdirməsi, Zəngəzur dəhlizinin artıq təkcə regional deyil, qlobal iqtisadi və geosiyasi əhəmiyyətə malik bir layihəyə çevrildiyini göstərir.
Digər tərəfdən, Ermənistanın bu məsələdəki mövqeyi qeyri-sabit və tez-tez dəyişkən xarakter daşıyır. Bəzən İrəvan tərəfi bildirir ki, əgər bu layihə Ermənistanın milli maraqlarına uyğun gələcəksə və mövcud qanunvericilik çərçivəsində mümkün olacaqsa, onun reallaşmasına etiraz edilməyəcək. Lakin paralel olaraq Ermənistan tərəfindən bəzi hüquqi və texniki əngəllər də irəli sürülür. Misal üçün, dəhlizin kənd təsərrüfatı təyinatlı ərazilərdən keçdiyi və bu səbəbdən istifadəsinin mümkün olmadığına dair bəhanələr irəli sürülür.
Bununla belə, son dövrlərdə Ermənistanın baş naziri Nikol Paşinyanın, Birləşmiş Ştatlardan gələn – konkret olaraq xüsusi şirkət vasitəsilə idarəetməyə dair – təklifə dolayı yolla müsbət münasibət bildirdiyi müşahidə olunur. Bu, onunla rəsmi şəkildə razılaşmasa da, təklifi inkar etməməsi və ya alternativ fikir irəli sürməməsi ilə özünü büruzə verir.
Azərbaycanın bu məsələdə mövqeyi isə birmənalı və prinsipial xarakter daşıyır:
• Zəngəzur Dəhlizində gömrük və sərhəd yoxlamalarının tətbiqi yolverilməzdir;
• Dəhliz boyunca sərbəst və fasiləsiz tranzit təmin edilməli;
• Azərbaycanın suveren hüquqları və strateji maraqları pozulmamalıdır.
Bu prinsipial yanaşma Azərbaycanın milli maraqlarından və geosiyasi strategiyasından irəli gəlir. Azərbaycan dövləti heç bir halda, nə daxili, nə də xarici təzyiqlər qarşısında bu maraqlardan geri çəkilməyi düşünmür.
Hazırda Zəngəzur dəhlizi ilə bağlı müzakirələr keyfiyyətcə yeni mərhələyə daxil olub. Böyük güclərin bu prosesə açıq şəkildə qoşulması və bir-birindən fərqli təkliflər irəli sürməsi göstərir ki, məsələnin strateji çəkisi günbəgün artır. Bu dəhliz sadəcə bir nəqliyyat yolu deyil, həm də regionda qüvvələr nisbətini dəyişə biləcək geosiyasi arteriya olaraq dəyərləndirilir. Gələcək inkişafların necə istiqamətlənəcəyi isə həm regional aktorların, həm də beynəlxalq güclərin siyasi iradəsindən və kompromis imkanlarından asılı olacaq”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə