20 Yanvar Azərbaycan xalqının tarixində həm də şərəf səhifəsidir

1990-cı il yanvarın 19-dan 20-nə küçən gecə keçmiş Sovet Qoşun hissələrinin fövqəladə vəziyyət elan edilmədən Bakı şəhərinə yeridilməsi nəticəsində yüzlərlə insan qətlə yetirilmiş, yaralanmış və itgin düşmüşdür. Sover Ordusu qoşunlarının qanunsuz yeridilməsi nəticəsində Bakı şəhərində və Azərbaycanın rayonlarında 146 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdur. Hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət və şəxsi əmlak məhv edilmişdir. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri olmuşdur.

Sovet imperiyasının hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlıq əlehinə törədilən ən ağır cinayətlərdən biri kimi bəşər tarixinə yazıldı. Bu faciə cinayətkar imperiya rəhbərliyinin xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan Azərbaycan xalqının həm də mübarizliyini, əyilməzliyini nümayiş etdirdi. Qanlı 20 Yanvar Azərbaycan xalqının tarixində təkcə faciə günü yox, həm də şərəf səhifəsidir.

20 Yanvar faciəsindən bir gün sonra Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın Moskvadakı nümayəndəliyinə gedərək Azərbaycanda həyata keçirilən qanlı aksiyanı törədənləri ifşa etməsi o dövrdə Azərbaycan xalqına dayaq və təsəllli oldu. Ulu öndər Heydər Əliyev öz bəyanatı ilə, əslində Azərbaycanda gedən proseslərə qiymət verdi.

Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının Ali Soveti 1990-cı il noyabrın 21-də bu hadisəyə ilk dəfə siyasi-hüquqi qiymət verdi. Yalnız Ümummilli Lider Heydər Əliyev ölkə rəhbərliyinə qayıdandan sonra -1994-cü ildə 20 Yanvar faciəsi dövlət səviyyəsində siyasi-hüquqi qiymətini aldı.

20 Yanvar faciəsi tarixi yaddaşımızda təkcə kədərli hadisə kimi, hüzn günü kimi qalmadı, onun xalqımızın taleyindəki və tarixindəki yeri məna və mahiyyət baxımından daha qiymətlidir. 20 yanvar Azərbaycan xalqının tarixinə həm də fədakarlıq və qəhrəmanlıq zirvəsi kimi daxil oldu.

Bu gün Ulu Öndər Heydər Əliyevin, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən bütün şəhidlərin ruhu şaddır. Şünki Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu Azərbaycan xalqının 30 illik həsrətinə son qoyaraq torpaqlarımızı erməni işğalından azad edərək yeni reallıqlar yaratdı, dəmir yumruq qalib gəldi. İndi həmin ərazilərdə Azərbaycanın üçrəngli bayrağı dalğalanır. İşğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri sürətlə davam edir və keçmiş məcburi köçkünlər öz doğma ata-baba yurdlarına qayıtmağa hazırlaşırlar.

Rauf Əliyev, Milli Məclisin deputatı

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...