Uşaqlar niyə cinsi zorakılığa məruz qalır? - ARAŞDIRMA

“Save the Children” təşkilatının hesabatına görə, dünyada münaqişə zonalarında yaşayan təxminən 72 milyon uşaq cinsi zorakılıq riski altındadır. Təşkilatın Münhen Təhlükəsizlik Konfransı üçün hazırladığı rəqəmsal hesabatda ümumilikdə 426 milyon uşağın münaqişə zonalarında yaşadığı və bu qrupdakı hər altı uşaqdan birinin silahlı şəxslər tərəfindən cinsi zorakılığa məruz qalma riski altında olduğu vurğulanıb.

Təhlükənin son 30 ildə az qala on qat artdığı ifadə edilən hesabatda xüsusilə İraq, Yəmən, Kolumbiya, Somali, Cənubi Sudan və Suriyada uşaqların böyük risk altında olduğu qeyd edilib. "Save the Children" təşkilatının araşdırmasına görə, hazırda 426 milyon olan cinsi təcavüz riski altında olan uşaqların sayı 1990-cı ildə təxminən 8,5 milyon idi.

Təşkilatın “seksual zorakılıq” anlayışına təcavüz, cinsi köləlik, məcburi fahişəlik, məcburi hamiləlik, məcburi sterilizasiya və ya sünnət kimi cinsi orqanlara xəsarət yetirmə əməlləri daxildir.

BMT-nin rəqəmləri fərqlidir

Birləşmiş Millətlər Təşkilatının (BMT) məlumatları göstərir ki, cinsi zorakılığa məruz qalan uşaqların sayı “Save the Children” təşkilatının irəli sürdüyü rəqəmlərdən azdır. Müvafiq olaraq, 2006-cı ildən bəri dünyada 20 000-dən çox uşaq münaqişə şəraitində cinsi zorakılığa məruz qalıb. Lakin “Save the Children” təşkilatının rəhbəri Susanna Krügerin sözlərinə görə, “rəsmi məlumatlar aysberqin yalnız görünən hissəsini göstərir”. Uşaqlara qarşı cinsi cinayətlərin sülh dövründə belə kifayət qədər qeydə alınmadığını ifadə edən Krüger, bunun qarşıdurma zamanlarında çox az edildiyini vurğulayır.

Hansı ölkələrdə təcavüz daha çox olur?

Qlobal problemə çevrilən zorlama hadisələrinin bu gün yüzlərlə hüquqi tənzimlə ilə qarşısı alınmağa çalışılsa da, bütün dünyada yaşanmağa davam edir. Dünyada qadınların təxminən 35 faizinin həyatı boyu cinsi istismara və təcavüzə məruz qaldığı təxmin edilir. Afrika və Cənubi Amerika ölkələrində zorlama halları daha yüksəkdir.

Dünyada qadınların təxminən 35 faizi ömrü boyu cinsi təcavüzə məruz qalıb. Zorlama ilə bağlı məlumatı olan əksər ölkələrdə cinsi zorakılığa məruz qalmış qadınların 40 faizdən az hissəsi kömək istəyir, 10 faizdən azı isə hüquq-mühafizə orqanlarından kömək istəyir.

Siyahıda Avropa ölkələrinin mövqeyi diqqət çəkib. İsveç, Belçika, Norveç, Almaniya və Fransa kimi ölkələrdə zorlama halları çox yüksəkdir. Cənubi Afrika dünyada zorlama hadisələrinin ən çox baş verdiyi ölkə olduğu halda, Türkiyə 119 ölkənin yer aldığı siyahıda 99-cu yerdə qərarlaşıb.

Türkiyədə hər 100 min insandan 1,5-i zorlanılır

Türkiyədə hər 100 min adamdan 1,5-i məcburi cinsi təcavüzə məruz qalır. 119 ölkənin yer aldığı siyahıda 99-cu sırada olan Türkiyə, Almaniya, Fransa, İsveç və Yunanıstan kimi ölkələrdəki zorlama nisbətlərindən daha yaxşı yerdədir. 2020-ci ildə Türkiyədə 1071 nəfər zorlama qurbanı olub.

Ən çox zorlama faktı qeydə alınan ölkə indiyə qədər Cənubi Afrika olub. Afrikanın ən müasir ölkəsi olan Cənubi Afrikada hər 100 min adamdan 132,4-ü zorlanır. Cənubi Afrikada 2020-ci ildə 66 196 nəfər məcburi cinsi əlaqənin qurbanı olub. Botsvana bu sahədə Cənubi Afrikadan dərhal sonra gəldi.

Zorlama hadisələrinin ən az olduğu ölkə Lixtenşteyn olub. Dünyanın ən kiçik ölkələrindən biri olan Lixtenşteyndə 2020-ci ildə heç bir zorlama hadisəsi qeydə alınmayıb. Misir kiçik Avropa ölkəsindən dərhal sonra gəldi. Misirdə 2020-ci ildə hər 100.000 nəfərdən 0,1-i zorlanıb. Zorlamanın ən aşağı olduğu digər ölkələr isə aşağıdakılardır: Mozambik (0,2), Azərbaycan (0,2) və s.

Avropa ölkələrində zorlanma statistikası diqqət cəlb edir

Siyahının ilk 10-luğunda seçilən daha bir ölkə var idi. Avropanın ən firavan ölkələrindən biri olan İsveç zorlama hadisələrinin ən çox olduğu 6-cı ölkə oldu. İsveçdə 2020-ci ildə hər 100.000 nəfərdən 63,5-i zorlanıb. Siyahıya başçılıq edən digər Avropa ölkəsi isə Belçikadır. Belçikada bu göstərici 27,9-dur. Zorlama statistikası yüksək olan digər Avropa ölkələri bunlardır: İslandiya (24,7), Norveç (19,2), Fransa (16,2), Finlandiya (15,2) və Almaniya (9,4).

Azərbaycanda zorakılığa məruz qalmış qadınlar zorakılıq hallarını gizlətməyə çalışırlar. Qadınlar məruz qaldıqları zorakılıqla bağlı heç kimin məlumat almasını istəmirlər. Həmçinin uşaqlar da qorxub bunu gizlədir.

SİA məsələ ilə bağlı araşdırma apararaq, psixoloq, sosioloq və ekspertlərin fikirlərini də öyrənib.

Psixoloq Zeynəb Eyyubova: "Son dövrün ən aktual problemlərindən biri uşaq zorakılığı, zorakılıq faktları, bunun alt planında intiharlar və s. olub. Uşaqlarımıza birinci zorakılığı öyrətmək lazımdır ki, nədir və necə qorunmalıdır. Uşaqlarımıza sənin özəl zonaların var, yəni, oğlan övladına oyrətməlisən ki, "bura intim zonadır heç kəs toxuna bilməz". Müəllim, tərbiyəçi, xala, bibi, dayı qəti olmaz və yalnız həkim toxuna bilər o da ehtiyac, zərurət olarsa valideynin nəzarəti altında ola bilər.

Valideyn uşağının dostlarını tanımalıdır. Yeniyetməlik dövrünün bir özəl xüsusiyyəti var ki, bu dövr ailədən ən çox qırılma dövrüdür.Uşaq ailədən qırılır deyə referant qruplarda özünü xoşbəxt hiss edir və bir ana-ata bilməlidir ki, mənim uşağım hansı referant qruplardadır, mənim uşağımın dostlarının marağı nədir. Bunları bilsələr zorakılıq faktlarında azalma və maariflənmə olar. Bu gün elə bilirik ki, qızlara zorakılıq faktları daha çoxdur, amma statistikaya baxanda bugün yetərincə uşaqlar da bu barədə müraciət edir. Qorxurlar ki, "onlara sən kişi deyilsən", "sən təmiz deyilsən", qızlarımız "sən pak deyilsən" deyərlər. Nə qədər qızlar bizə müraciət edir. Artıq illər keçib 35-40 yaşı var 15-20 il bundan qabaqkı dövründən danışanda "Zeynəb xanım zatən mən desəydim heç kəs mənə inanmazdı. Mənə deyərdilər ki, sən nə etmişdin ki, bunu sənə etdilər" deyir.

Ailədaxili zorakılıqlar dırnaqarası abır və mental dəyərlərə görə gizlədilir. Analara deyirəm ki, müəyyən dövrdə qızlara menstruasiya haqqında məlumat verin. Oğlanlara kişi olma ilə bağlı bəzi prosesləri ataları başa salsın. Valideynləri çağırıram və deyirəm iştah kəsilməsi, gecə ağlamalar, kabus görmə, qışqırıqla oyanma, dayanmadan qusma, qaytarma, əsəb gərginliyi, özünə qapanma, səbəbsiz ağlama varsa, bu, sizin üçün həyəcan siqnalıdır. Həyəcan siqnalıdır ona görə ki, ola bilər ki, artıq hansısa hadisə baş verib və bu faciə deyil, faciə bundan sonrasıdır. Siz əgər bir valideyn olaraq uşağın yanında olsanız, çox gözəl seanslarla bu keçə bilər. Amma siz də cəmiyyət kimi onu qınaq obyektinə tutsanız, artıq biz uşağımızı itirə biləcəyik və onu bədbəxtliyi ilə baş-başa qoyacağıq".

“Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyinin sədri, Azərbaycanın QHT sektorunun tanınmış təmsilçisi Gülayə Səfərova isə fikirlərini bu cür ifadə edib: "Çox təəssüf ki, azyaşlı uşaqlara qarşı zorakılıq hallarına istər dünyada, istərsə də ölkəmizdə tez-tez rast gəlirik. Ən acınacaqlısı da odur ki, azyaşlılara qarşı bu cür iyrənc əməllərin törədilməsi çox vaxt doğma ataları, qardaşları, atalıqları, yaxın qohumları tərəfindən baş verir.

Əfsuslar olsun ki, əksər hallarda uşaqlar qorxduğu üçün, bəzən hadisədən xəbər tutan valideynlər isə biabır olmamaq üçün susurlar və bu cür hadisələri gizlətməyə çalışırlar. Bu da cinayətlərin ört-basdır edilməsinə, cinayətkarların cəzasız qalmasına səbəb olur. Təəssüf ki, bu məsələlər nə qədər gizlin qalacaqsa, belə hallar artmaqda davam edəcək, bununla da bu kimi cinayətlərin sayı getdikcə artacaq. Eyni zamanda, zorlanma hadisəsi ona məruz qalaraq, qorxudan gizlədən uşaqların da, bilib susan valideynlərin də psixikasına, sağlamlığına ömrü boyu zərbə vurmaqda davam edəcək.

Cinayət Məcəlləsində bu cür hadisələrlə bağlı çox kəskin cəza növləri nəzərdə tutulub, eyni zamanda, Qanunda yetəri qədər bu cür məsələlərə geniş yer verilib. Düşünürəm ki, bu cür hadisələrin gizlədilməməsi üçün əhali arasında maarifləndirmə işlərini gücləndirmək lazımdır".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə