Narkomaniyaya qarşı mübarizəyə CƏMİYYƏTİN BAXIŞI NECƏDİR? - SORĞU

İnsan ölümü müxtəlif səbəblərdən gerçəkləşə bilər. Müharibələr, yoluxucu xəstəliklər, avtomobil qəzaları, qətl hadisələri, intihar halları, təbii fəlakətlər, bəzi ölkələrdə hökm sürən aclıq və s. bu amillərin sırasındadır. Son vaxtlar sadalananların sırasına “ağ ölüm” adlandırdığımız narkomaniya da əlavə olunub. Narkomaniya insanları tədricən məhv edir, ölümə sürükləyir. Narkotik asılılığın elmi anlayışı ilk dəfə XVIII əsrin əvvəllərində verilib. XX yüzilliyin sonunda isə narkomaniya müxtəlif xalqların genofonduna sarsıdıcı zərbələr vuran, qarşısıalınmaz bir təhlükəyə, ümumbəşəri bəlaya çevrilib. Bəs, görəsən, insanlar narkomaniyaya qarşı mübarizə üsulu olaraq nələri düşünür? SİA olaraq şəhər sakinləri arasında sorğu keçirdik:

Azərbaycanın aktyoru, xalq artisti Cəfər Namiq Kamal: “Uşağı həmin vərdişə qurşandıqdan sonra yox, sıfır yaşından tərbiyə etməliyik. Gərək valideyn övladını müəyyən yaş dövrü var ki, o vaxtda daha çox nəzarət etməlidir. Əks halda məsələ bu kimi vərdişlərə qədər gəlib çıxır”.

Şəhər sakini Aysu Cəfərova: “Bu problem tamamilə valideynlərdən qaynaqlanır. Onların nəzarətsiz davranması bu gün yaran problemin səbəbidir. Hər bir valideyn öz övladına vaxt ayırsa, onunla dost olsa və ətrafı ilə maraqlansa, bu, problemlər olmazdı. İnsanın ətrafı insan həyatında böyük rol oynayır. Ona görə də gərək insan ətrafını seçəndə də düzgün seçim etsin, ətrafında yaxşı tanışları olsun”.

Şəhər sakini Sabir Nəzərov: “Şübhəsiz ki, bu narkomaniya insanların, xüsusən də cavan, gənc insanların bəlasıdır. Mən buna qarşı mübarizəni onları işə cəlb etməkdə görürəm. Çünki bilirsiniz ki, hər bir problem işsizlikdən yaranır. Həmin insanlar işə cəlb olunsa, şübhəsiz ki, bu kimi hallar azalar”.

Şəhər sakini Gülnar Gözəlova: “Onlara məsləhətim odur ki, ailələrindən dəstək alsınlar, bir az səbr etsinlər ki, bu vərdişdən qurtulsunlar. Ən əsası da iradəli olsunlar və hər insanla bu qədər yaxın təmasda olmasınlar. Ən yaxın dostları belə olsa, onlara yaxşı fikirlər verməyi tövsiyə edirəm. Bunu ən azından özləri üçün, gələcəkləri üçün etməlidirlər”.

Şəhər sakini Kamil Sərkarov: “Bəli, bu zərərli vərdişi tərgitmək çox çətindir. Hər bir problem üzərinə tez bir zamanda düşdükdə effektiv olur. Bu narkomaniya probleminin də təbii ki, üsulları var, dövlət tərəfindən maarifləndirici tədbirlər həyata keçirilməlidir. Bu tədbirlərlə yanaşı cəzalar da sərtləşdirilməlidir. Xüsusilə də, bu insanlar cinayət törətdiyi halda onun kimilərin də qarşısının alınması mütləqdir”.

Şəhər sakini Vəfa Səfərova: “Bu addımı atan insanlara görə birinci bunun səbəbini araşdırmaq lazımdır. Həmin insanları təhqir etmək, alçaldıcı sözlər işlətmək doğru deyil. Hər bir insan səhv edə bilər, çalışmaq lazımdır ki, səhvlərimizi düzəldək və doğru yolda addımlayaq”.

Şəhər sakini Ramiz Nəbiyev: “Ən asan üsulu odur ki, gərək valideyn öz övladına vaxt ayırsın, nəzarəti dayandırmasın. Uşağa nəzarət olunmadıqda təbii ki, həmin uşaq da özbaşına davranacaq və bunun da doğru yol olduğunu düşünəcək. Ona görə də uşaqlar daim nəzarətdə saxlanılmalıdır ki, bu kimi problemlər baş verməsin”.

Şəhər sakini Gülər Əsədova: “İndiki dövrdə belə hadisələr daha da çoxalıb. Yəni əvvəllər olsa da onu gizlədirdilər və ayıb bilirdilər. İndi isə tamam fərqli olub, bunu açıq şəkildə qorxmadan edirlər və bəzi gənclər də bunula fəxr edirlər. Elə uşaqların bu vərdişə qurşanmasının böyük səbəbi seçdiyi dostlarıdır ki, həmin dostlar insanlar pis yola çəkir. “Cəhənnəmə gedən özünə yoldaş axtarar” sözü boşuna deyilməyib. Bu kimi gənclər də öz xoşluqları ilə cəhənnəmə gedirlər”.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə