Ailələrdə uşaq sayının az olmasına CƏMİYYƏTİN BAXIŞI NECƏDİR? SORĞU

Son illərdə uşaq sahibi olmaq cütlüklərdə istəksizlik yaradıb. Bu istəksizliyin əsas səbəbləri ailə büdcəsində olan problemlər və yaxud da cütlüklərin uşaq doğulduqdan sonra bir-birilərinə olan hisslərinin azalması qorxusudur. Bundan əlavə, son illərdə aparılan araşdırmalar, uşaq sahibi olmaq ilə xoşbəxtlik arasında neqativ əlaqə olduğunu göstərir. Bir çox ailələr isə tək uşaqla kifayətlənirlər, bəziləri isə 2 uşağı yetərli bilirlər. Görəsən, insanlar bu mövzuda nə düşünür? SİA olaraq şəhər sakinləri arasında sorğu keçirdik:

Şəhər sakini Ağahüseyn Ağayev: “Bunu dövrlə və yaşam tərzi ilə əlaqələndirirəm. Ola bilər ki keçmiş dövrlərdə belə deyildi. Ancaq keçmiş dövrlə bu dövrü müqayisə etmək çox da doğru olmaz. Əvvəl ailələr fəqli şəraitdə yaşayırdı, indi isə bu tamamən fərqlidi. İnsanlar daha rahat yaşamaq istəyir və buna görə də az uşaqla kifayətlənirlər. Bizim vaxtımızda mənim atamın 9 övladı olub və o dövrə görə də bu çox sayılmırdı və hər kəs bunu normal olaraq qəbul edirdi. Biz istənilən formada yaxşı yaşamışıq və problem yaşamamışıq. Lakin bu o dövrə aid olunur indiki dövrə yox. Düşünürəm ki, ən azından ailədə 2 övlad olmalıdır ki, gələcəkdə uşaq tək qalmasın”.

Şəhər sakini Aysel Kərimova: “Məncə hər kəsin maddi durumu eyni deyil, yəni insanlar fəqli şəkildə yaşadığına və fərqli işlərlə məşğul olduğuna görə maddi vəziyyət də fərqlənir. Təbii ki, böyük və geniş ailə hər kəsin arzusudur. Ancaq bəzi problemlər buna imkan vermir və normal olaraq da ailədə uşaq sayı az olaraq qalır”.

Şəhər sakini Əhməd Nəcəfov: “Bu, hər kəsin öz seçimidir və təbii ki, ailə qurmaq və ailədə olan uşaq sayı cütlüklərin öz əlindədir. Ola bilər ki, onlar tək yaşamaqdan və yaxud da bir uşaqla yaşamaqdan daha rahatdırlar və bunun belə qalmasını istəyirlər. Lakin çoxuşaqlı ailələrin də sayı az deyil. Elə ailələr var ki, 5-6 uşaqdan ibarətdir. Şərt o deyil ki, ailə çox uşaqdan ibarət olsun, saya yox keyfiyyətə önəm vermək lazımdır. Yəni bu uşaq böyüdükdə onun gələcəyi, karyerası və yaxud ehtiyacları necə qarşılanacaq onu düşünmək lazımdır”.

Şəhər sakini Arifə Aslanova: “Təbii ki, səbəbi maddi vəziyyətdə görürəm. Hər kəs yüksək şərait altında yaşamır ki, hər kəsin çox uşağı olsun. Bizim cəmiyyət kənarda dayanıb qınamağı sevir. Lakin heç kim ailə daxilində nə baş verdiyini və şəraitin necə olduğunu bilmir. Çoxuşaqlı ailələr də yəqin ki, maddi cəhətdən çətinlik çəkmirlər və o qədər uşağın həyat tərzini və gələcəyini quracaqlarından əmindirlər”.

Şəhər sakini Taleh Əmirov: “Bəli, buna qatılıram, yəni mənim də 2 övladım var. Çoxuşaqlı ailələrdə yəqin ki, kişi və qadın hər ikisi işləyirlər. Çünki, normal olaraq 4-5 uşağı böyütmək elə də asan deyil. Onun ehtiyacları, böyüməsi, təhsili çox önəmlidir. Məncə bu səbəbdən də yeni evlənmiş cütlüklər ikidən çox uşağa razı olmurlar”.

Şəhər sakini Güləbəddin Əliyeva: “İndiki dövr təbii ki özlüyündə keçmiş dövrdən fərqlənir. İnsanlar fəqli düşünürlər və fərqli davranırlar. Təbii ki, bu məsələ də ailə içində olan şəxsi bir mövzudur. Bu ailədən ailəyə dəyişir ki bunu hər kəsə şamil etmək olmaz. Bəzi ailələr çox uşaq sevir və çox uşağın evə olması onları daha rahat edir. Bəzi ailələr də var ki, tək yaşamağı sevirlər və tək uşaq onlara bəs edir. Düzdür tək uşağın da olması yaxşı bir şey deyil. Ancaq bu dövrə görə düşünsək ailədə ən azından iki uşaq olsa daha yaxşı olar”.

Şəhər sakini Elnur Rüstəmov: “Bu ola bilər ki, bir çox insanlarda sağlamlıqla bağlıdır. Yəni, evlənən insanların hər biri sağlam olmur və bu zaman da uşaq dünyaya gətirmək riskli olur. Düşünürəm ki, ailələrin çox hissəsi maddi cəhətdən az uşaqla kifayətlənsə də, bir qismi də sağlamlığında olan problemlərdən şikayətlənir. Çünki, uşağın olmamağı səbəbindən də xəstəxanalarda olan cütlüklərin sayı az deyil”.

Şəhər sakini İlahə Kərimova: “Cütlüklərin əksəriyyəti uşaqların çox olmağını istəmirlər. Hətta bəzi ailələr uşaq istəmirlər və hansısa heyvanı sahiblənib onunla yaşayırlar. Bu seçimdən asılıdı ancaq çox uşaq olan evə maddi gəlir də çox gəlməlidi. Ona görə də cütlüklərin çoxu bir və ya iki uşaqla kifayətlənirlər”.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə