Gender bərabərliyi mif və ya reallıqdırmı? Bir çox ölkənin sakinləri bu sualı soruşurlar. Bütün dövlətlər gender bərabərliyini təmin etmək üçün proqramları tam şəkildə tətbiq etmir və bu, bir çox amillərə və zehniyyətə bağlıdır. Ənənəvi ailə həyat tərzi olan ölkələr cinsiyyət bərabərliyində qədim ənənələrin məhv olduğunu görürlər. Müsəlman dünyası gender bərabərliyini mənfi istiqamətdə qəbul edir. Bəs görəsən insanlar gender bərabərliyinə necə münasibət göstərirlər. SİA olaraq şəhər sakinləri arasında sorğu keçirdik:
Şəhər sakini Bağır Bağırov: “Düzdür, bu, bizim mentalitetə ziddir, amma düşünürəm ki, qadın və kişi eyni hüquqlara malikdir və bərabərdirlər. Bizim insanlar ən qədimdən özlərini və övladlarını bu yöndə öyrədiblər ki, sanki qadın kişidən aşağıdadı və kişi evə işləyib qazanc gətirirsə, qadın evdə oturub ailədəki uşaqları tərbiyələndirməlidir. Mən isə bunun tərəfdarı deyiləm, əgər xanım da işləmək istəyirsə, onun da fikirləri hörmətlə qarşılanmalıdır”.
.jpg)
Şəhər sakini Samirə Eyvazova: “Bu qanun bizim ölkədə var, lakin insanlar buna əməl etmək istəmirlər və öz köhnə fikirlərini yeritməyə çalışırlar. Ancaq hər dövrün özünün qayda-qanunu var. 1980-ci illə bu ili müqayisə etmək düzgün deyil. O vaxt gənclər başqa idi, tamam fərqli geyinirdilər. Hətta əvvəllər Azərbaycanda bir dövr var idi gənc qızlar çox qısa ətəklər geyinirdilər və həmin dövrdə ona pis baxılmırdı. Bu gün də gender bərabərliyi qanunumuzda yazılıb və hər kəs bir-birinə hörmətlə yanaşıb ayrı-seçkilik etməməlidir”.
Şəhər sakini Kənan Musayev: “Təbii ki, gender bərabərliyi çox yaxşı bir qanundur. Məhz bu qanun bir çox geri düşüncəli insanları susdurub. Heç kim özünü başqalarından üstün tutmamalıdır, hər kəs insandır. Kişilərin qadınlardan tək fərqi isə fiziki cəhətdən güclü olmasıdır. Digər cəhətdən isə onlar eyni haqq və hüquqlara malikdir, əksini iddia edənlər də bir az gözlərini daha geniş açsalar gerçəklikləri görərlər”.
Şəhər sakini Nigar Novruzova:
“Qadınlar kişilərlə bərabər eyni hüquqlara malikdilər. Bu, dinimizdə də buyurulub, sadəcə, insanlar müəyyən şeyləri bizim dövrümüzdə assimilyasiya edirlər. Kimə necə sərf edir və kimə necə uyğundursa bərabərliyi bu şəkildə cəmiyyətə təqdim edirlər. Etdikləri bu yanlış təqdimi də insanlara qəbul etdirməyə çalışırlar. Məncə, bu ölkədə nə qadın aşağılanmalıdır, nə də kişi üstün tutulmalıdır, bu, iki cinsin özündən asılı bir şeydi”.

Şəhər sakini Məmməd Nəsirli: “Əvvəllər kişi və qadın arasında əmək bölgüsü var idisə, indi bütün bunlar arxada qalıb. Texnologiyanın, eləcə də sivilizasiyanın inkişafı bu fərqi heçə endirib. Qadınlar daha aktiv, dinamik həyat tərzi sürürlər. Hazırda Azərbaycanda qadınlar bütün sahələrdə vəzifə sahibidirlər. Qadın millət vəkilləri, siyasətçilər, hərbçilər, eləcə də bir çox başqa qadın vəzifə sahibləri kifayət qədərdir. Düzdür, bizdə bu proses tam başa çatmayıb. Diqqət etsək görərik ki, konfliktlər, zorakılıqlar az deyil. Lakin kişi və qadınlar gender bərabərliyi qanununa görə eyni haqlara sahibdirlər”.

Şəhər sakini Ramilə Musayeva: “Cəmiyyətimizdə xeyli stereotip var. Yazılmamış qanunlar kişilərə daha çox meydan verir. Adicə qadın ailə quranda “ər evindən meyiti çıxmalıdır” deyilir, yaxud qadınların təhsil almasına qarşı çıxılır. Bunlar yanlış düşüncə tərzidir. Təəssüf ki, bu məsələnin icrası ilə bağlı ciddi problemlər var. Buna görə də gender bərabərliyi bir çox sahələrdə düzgün qurulmur”.
Şəhər sakini Yasin Rəhimov: “Ailə qurulmasında hər iki tərəf könüllü olmalı, məsuliyyət daşımalıdır. Gənclər ailə qurmazdan əvvəl ailə həyatı və bərabər hüquqlar barədə maarifləndirilməli, gender stereotiplərini gözdən keçirməlidirlər. Xalqımıza xas kişi mühafizəkarlığı sahibkarlığa çevrilməməlidir. Hər iki tərəf danışıq aparmaq bacarığına, qarşı tərəflə ünsiyyət qabiliyyətinə malik olmalı, bir-birini dinləməyi bacarmalıdır. Qarşılıqlı hörmət əsasında ailədə həll edilməyəcək heç bir problem yoxdur. Bu da gender bərabərliyindən irəli gəlir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB