Qarabağda Azərbaycan bayrağı! - MƏQALƏ

Keçən əsrin 80-ci illərin sonu və 90-cı illərin əvvəlində Ermənistanın torpaqlarımızın 20%-ni işğal etməsi nəticəsində 1 milyondan artıq azərbaycanlı öz doğma yurd-yuvasından didərgin düşdü. I Qarabağ müharibəsi ölkəmizə çox böyük fəlakətlər, hüznlər, itkilər gətirdi, günahsız insanlar öldürüldü. 2020 ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən vətən müharibəsi, ikinci Qarabağ döyüşləri müzəffər ordumuzun igid əsgərləri və cənab Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin düzgün siyasəti və əzmi sayəsində 28 illik həsrətə son qoyaraq, işğal olunmuş torpaqlarımızı yenidən özümüzə qaytardı. “Qarabağ Azərbaycandır” şüarı altında aparılan hərbi döyüşlər nəticəsində müzəffər Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Qarabağın tacı sayılan Şuşa şəhərini, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndlərini, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri qondarma separatçı rejimindən azad etdi.

Bu haqlı və doğru yolumuzda bizə mənəvi dayaq olan əziz türk millətinə başda Türkiyə Respublikasının 12-ci prezidenti Rəcəb Tayyib Ərdoğan olmaqla dərin təşəkkürümüzü bildiririk. Reallığa doğru qiymət verdiyi və mənən bizim yanımızda olduğu üçün başda Pakistan İslam Respublikasının 13-cü prezidenti Arif Alvi və baş naziri İmran Xan olmaqla Pakistan xalqına dərin təşəkkürümüzü bildiririk.

Məhz sosial şəbəkələrin, internet virtual əlaqələrin təsiri ilə xalqımızın qanlı yaddaşı hesab edilən Xocalı soyqırımı dünya ictimaiyyəti tərəfindən tanınaraq pislənildi. 44 günlük müharibə dövründəki bizim haqlı qələbəmiz sosial media məkanında da bizim uğurumuzla nəticələndi. Biz haqlı olduğumuzu sosial şəbəkə vasitəsilə dünyaya bildirdik.

“Dəmir Yumruq” əməliyyatı adı altında aparılan və 2020-ci il sentyabrın 27-dən noyabrın 10-na qədər davam edən ikinci Qarabağ müharibəsi Azərbaycan xalqının qələbəsi ilə bitdi. 2020-ci il 08 noyabr Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycan ordusu şanlı qəhrəmanlıq salnaməsi yazaraq düşmən üzərində qələbə qazandı. Bu gün Azərbaycan xalqının tarixində yeni bir səhifə açıldı və Şuşanın düşmən əsarətindən qurtarılması müharibənin taleyində həlledici rol oynadı. Bu tarixin yaddaşımızda qızıl hərflərlə yazılmasının əsas səbəbi həmin gündə Azərbaycanın dilbər guşələrindən hesab edilən Şuşamızın işğaldan azad edilməsidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 03 dekabr 2020 tarixli Sərəncamı ilə hər il 8 Noyabr – Azərbaycanda Zəfər Günü kimi təsis edildi.

Rəşadətli Azərbaycan Ordusunun əsgərləri, qəhrəman vətən oğulları öz qanları hesabına tarixə Azərbaycan Zəfərini yazdılar. Məmməd Arazın “Vətən mənə oğul desə nə dərdim, Mamır olub qayasında bitərdim” misraları bu gün hər bir vətənpərvər azərbaycanlının qəlbinə hakim kəsilən dəyərli cümlələrdir. Qəhrəman oğullarımız, igid övladlarımız vətən torpaqlarının azadlığı uğrunda “vətən uğrunda ölən varsa vətəndir”, “vətən sağ olsun” şüarları altında canlarından keçdilər.

Üçrəngli bayrağımız Şuşada dalğalanması bizim haqlı olduğumuzu və bu torpaqların Azərbaycana məxsus olduğunu bir daha dünyaya sübut etdi. Biz Cənab Prezident İlham Əliyevin düzgün siyasəti və rəşadətli güclü ordumuzun sayəsində qələbə qazandıq.Qarabağda Azərbaycanın üç rəngli bayrağının dalğalanması hər bir azərbaycanlının arzusudur və bu arzu II Qarabağ müharibəsi nəticəsində reallaşdı.

Bu gün Azərbaycan bayrağı Qarabağda dalğalanır!

Qarabağ Azərbaycandır!

Aynur Cəlil

Xəzər rayonu, 216 nömrəli tam orta məktəbin müəllimi

Bütün xəbərlər Facebook səhifəmizdə