Aİİ-nin məzunları işlə necə təmin olunurlar ? - REKTOR AÇIQLADI - MÜSAHİBƏ

SİA Azərbaycan İlahiyyat İnstitunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinovun müsahibəsini təqdim edir:

- İlk olaraq, Azərbaycan İlahiyyat İnstitutu haqqında məlumatlanaq. Azərbaycan İlahiyyat İnstitutu nə zaman yaranıb? Orada hansı ixtisaslar yer alır və nə qədər tələbə təhsil alır?

- Azərbaycan İlahiyyat İnstitutu 2018-ci ildə cənab Prezidentin sərəncamı ilə yaradılıb. Biz, artıq 4-cü tədris ilimizə daxil olmuşuq və bu il ilk məzunlarımızı verəcəyik. Əvvəl Bakı Dövlət Universitetində İlahiyyat fakültəsi fəaliyyət göstərirdi. Daha sonra bizim institut yarandı və İlahiyyat fakültəsi bura daxil edildi.

Fəaliyyətə başladığımız gündən bakalavr səviyyəsində iki istiqamət üzrə tələbələr yetişdiririk. Bunlardan biri dinşünaslıq, digəri isə islamşünaslıq sahəsi üzrədir. İslamşünaslıqda sırf İslam dini üzrə mütəxəssislər və gələcəkdə din xadimi ola biləcək insanlar yetişdirilir. Dinşünaslıqda isə İslam dini ilə yanaşı, digər dinlər də öyrədilir.

Həmçinin, qeyd edim ki, bizdə magistratura pilləsi üzrə 5 istiqamət var: dinin sosiologiyası, dinin psixologiyası, dinin fəlsəfəsi, dinlərin tarixi və islamşünaslıq. Bu səviyyədə 8-ə qədər tələbə almaq imkanına malikik.

Doktorantura üzrə isə 2 istiqamət pilləsi var: dinin tarixi və fəlsəfəsi, dinşünaslıq.

İnstitumuzda hər il təxminən 72 nəfər bakalavriat təhsili alır. Onlardan 36-sı islamşünaslıq, digər 36-sı isə dinşünaslıq üzrədir.

Çox qısa bir müddət ərzində yaranmağımıza və fəaliyyətimizə baxmayaraq, kifayət qədər çox işlər görülüb. Bizdəki dini təhsil dünyanın heç bir ölkəsində verilən dini təhsildən geri qalmır. Hətta bir çox üstün nöqtələrimiz də var.

- Azərbaycan İlahiyyat İnstitunda tələbələr ödənişli, yoxsa dövlət hesabına təhsil alır?

- Dövlət qayğısı ilə hərtərəfli əhatə olunmuşuq. Bizdə ümumiyyətlə ödənişli təhsil yoxdur. Təhsil ödənişsiz olmaqla yanaşı, tələbələr stipendiyalarla, yemək pulu və hətta geyimlə təmin olunurlar. Çalışırıq ki, onları yataqxana ilə də təmin edək. Doğrudur, hələlik özümüzəməxsus bir yataqxanamız yoxdur. Amma Mənəvi Dəyərlərin Təbliği Fondunun da köməkliyi ilə tələbələri yataqxana şəraiti ilə təmin edirik. Hətta tələbələr pulsuz kitablarla da təmin olunurlar. Bəlkə də bütün bunlar bir çoxuna qəribə gələcək. Amma dövlət çalışır ki, Azərbaycan İlahiyyat İnstitunda gələcəyin savadlı din mütəxəssisləri yetişdirsin.

- Qəbul imtahanlarında Azərbaycan İlahiyyat İnstitunun tələbəsi olmaq istəyənlər üçün xüsusi güzəştlər var?

- Bizdə qəbul imtahanları 3-cü qrup üzrə həyata keçirilir. Yəni, 3-cü qrupa imtahan verərək dinşünaslıq və islamşünaslıq ixtisaslarını seçə bilərlər. Dinşünaslıqda imtahan ancaq testlədir. İslamşünaslıqda isə testdən sonra psixoloji komissiyadan keçirlər. Psixoloji komissiyanın əsas məqsədi isə tələbənin gələcəkdə din xadimi kimi fəaliyyət göstərməkdə meyilli olub-olmaması yoxlanılır. Bu komissiyada həm bizim institutun, həm DİM-in, həm də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mütəxəssisləri iştirak edir.

- Sizcə, yalnız yerli dini təhsillə kifayətlənmək doğrudur?

- Düşünürəm ki, burada bakalavr, magistr və doktorantura səviyyəsi üzrə pillələrə ayrılmaq lazımdır. Mən, bakalavr dini təhsilinin tamamilə ölkəmizdə verilməsinin tərəfdarıyam. Bu daha məqsədəuyğundur. Çünki, bu baza təhsildir. Tələbə, fərqli ölkədə bu bazanı aldıqda həmin o ölkənin milli kimliyinin bir hissəsi olan din anlayışını öyrənir. Hər ölkənin özünəməxsus dini dəyərləri var.

Təəssüf ki, modern dünyada din təkcə mənəvi bir institut deyil, eyni zamanda, din bir təhlükəsizlik məsələsi halına gəlir. Amma magistratura və doktorantura pilləsində bizim özümüzün də dünyanın bir çox universiteti ilə müqavilələrimiz var. Orada tələbə mübadiləsi də mümkündür.

- Xaricdə təhsil alan tələbələr geri döndükdən sonra başqa ölkələrin siyasi ideologiyası onlara təsir edib iş proseslərində problem yaradır?

- Hər ölkənin özünün dini mühiti var. Biz hər birinə hörmət edirik. Xaricdə dini təhsil alıb, daha sonra Azərbaycana gəlib din xadimi kimi fəaliyyət göstərmək istəyən tələbələr üçün xüsusi icazə lazımdır. Bu da o deməkdir ki, belə hallar məqsədəuyğun hesab edilmir.

- Azərbaycan İlahiyyat İnstitunda qadın tələbələr üstünlük təşkil edir, yoxsa kişilər?

- Bu yarı-yarıyadır. Yəni, tələbənin qadın və kişi olmasının heç bir fərqi yoxdur. Təkcə kişilərin dinə ehtiyyacı yoxdur ki... Buna qadınların da ehtiyyacı var. Çox təəssüflər olsun tez-tez görürük ki, xurafat və dindən sui-istifadə halları qadınların təşkil etdiyi dini məclislərdə daha çox özünü biruzə verir.

- Qeyd etdiniz ki, bu il ilk məzunlarınız buraxılacaq. Bəs, bu məzunlar harada işlə təmin olunacaq və hansı sahədə fəaliyyət göstərəcək?

- İslamşünasları Qafqaz Müsəlmanları İdarəsinin sərəncamına verəcəyik. Çünki, onların din xadimi kimi fəaliyyət göstərmələri məqsədəuyğundur. Orada da müəyyən imtahanlardan keçdikdən sonra din xadimi kimi fəaliyyət göstərə biləcəklər. Dinşünaslarımız isə bununla yanaşı, eyni zamanda müxtəlif dövlət idarələrində çalışa bilərlər.

- Deyə bilərikmi ki, Azərbaycanda dini təhsil artıq formalaşıb?

- Əminliklə deyə bilərik. Mən, Azərbaycan İlahiyyat İnstitunun rektoru kimi bunun qarantiyasını sizə verə bilərəm.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...