Qurban bayramında necə qidalanmalı - BİLMƏNİZ VACİBDİR - MÜTƏXƏSSİSLƏR AÇIQLADI

“İlk olaraq Qurban bayramında ətin haradan alındığına diqqət etməliyik. Yaxşı olar ki, əti ət kəsim məntəqələri üçün ayrılmış yerlərdən alaq. Hər hansı məhəllə ortasında, və yaxud sanitar-gigiyena qaydalarına əməl olunmayan, ət kəsənin xarici paltarından tutmuş sağlıq durumunun bəlli olmadığı yerlərdən alınan ətlər insan sağlamlığı üçün çox zərərli ola bilər. Çünki bir çox xəstəliklər var ki, buraya solmonella, bağırsaq çöpləri xəstəlikləri aiddir ki, bunlar məhz keyfiyyətsiz ətdən, xəstə heyvandan insana yoluxan xəstəliklər sırasındadır”. Bu sözləri SİA-ya açıqlamasında sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib.

Onun sözlərinə görə, ilk olaraq sağlam keyfiyyətli ətə diqqət etməliyik: “Daha sonrakı məqam isə, Qurban bayramında adətən əti kəsən kimi dərhal bişirirlər. Bu, ümumiyyətlə sağlamlıq üçün o qədər də faydalı hesab olunmur. Xüsusilə, mədələrində həzm problemləri olan insanlar üçün həmin ətin dərhal kəsilib bişirilməsi çox təhlükəlidir. Çünki həmin ətlər sərt olduğundan demək olar ki, çox çətinliklə həzm olunur. Yaxşı olar ki, ətin yumşalması üçün bir neçə vaxt, məsələn 24 saata qədər bir müddətdə soyuducuda saxlanılsın. Bu halda artıq onu sağlam istehlak etmək olar”.

Məhsəti Hüseynova sözlərinə belə davam edib: “Əgər ənənəvi üsulla kəsilən heyvanın əti dərhal bişiriləcəksə, yaxşı olar ki, həddindən artıq çox yağda qızardılmasın, qovulmasın. Daha çox izqara tipli yeməklərin bişirilməsi daha sağlam hesab olunur”.

“Ümumiyyətlə ətin faydası çoxdur və saymaqla bitmir. Tərkibində dəmir D vitamini, sink, fosfor, bir qrup vitaminlər, A vitamini, maqnezium kimi minerallar həddindən artıq çox olmasına baxmayaraq əti normal miqdarda qəbul etmək lazımdır. Bu da gün ərzində sağlam orqanizm üçün 100 - 150 qram nəzərdə tutulur. Yuxarı yaşlı insanların bu miqdarı keçməməsi xüsusilə tövsiyə olunur”.

“Daha sonra əti uzun müddət saxlayacağıqsa, yaxşı olar ki, bunu bütöv şəkildə deyil, müəyyən hissələrə ayıraraq soyuducuya yerləşdirək. Çəkilmiş əti bir bişirimlik, doğranmış ətləri də ayrılmış şəkildə saxlamalıyıq. Çünki bir əti təkrar dondurub açdıqda tərkibi zülal olduğu üçün ət daha tez xarab olmağa meyllidir. Bu zaman mikroorqanizmlərin çoxalması üçün zərərli bakteriyalara əlverişli mühit yaranır. Ona görə mütləq şəkildə ətin saxlanmasına diqqət etməliyik. Daha sonra əti istifadə edərkən ətin tərkibində turş vitaminlər olmadığı üçün həzmdə problem olmasın deyə daha çox turş tərəvəzlərlə qəbul olunması daha faydalıdır və yaxud da üzərinə limon sıxaraq qəbul olunması da faydalı hesab olunur. Bəzən də olur ki, kartofla əti birlikdə bişirirlər. Bu zaman da artıq kartof ətin turşuluğunu alır yenə də həzm gecikir mədə bağırsaqda problemlər yaranır. Ona görə yaxşı olar ki, kartofla birlikdə istehlak edəcəyiksə mütləq tərəvəzləri bol etmək lazımdır. Ətin yanında qarnirlər olaraq düyü yerinə bulqurdan, qreçkadan istifadə olunması daha yaxşıdır”.

“Ümumiyyətlə, Qurban bayramında əsas diqqət edəcəyimiz məqamlar bayrama görə gündəlik qəbul edəcəyimiz yemək miqdarını aşmamaq, günlük su miqdarımızı hər orqanizmə görə təmin etməliyik. Bu da hər orqanizmin hər çəkisinə, hər bir kiloqram çəkiyə görə 0 nöqtə 30 ml hesablanır ki, bu miqdarı mütləq içmək lazımdır”.

“Ümumiyyətlə, bayramlarda da daha çox sağlam balanslaşdırılmış qidanı təmin etmək üçün digər qidaları da balanslı şəkildə qəbul etməliyik. Yalnız ətə daha çox üstünlük vermək lazım deyil və ən əsas məqamlardan biri də əti həftənin iki, üç günündə istehlak etmək daha yaxşıdır. Digər günlərdə toyuq, balıq olaraq ətdən istifadə ola bilər. Yaxşı olar ki, ət yeməklərini günorta saatlarına salaq. Axşam yeməklərində ətin həzmi daha çətin olur və yaxşı olar ki, yeməkdən sonra həmin kalorinin enerjiyə çevrilməsi üçün hərəkətli olaq. Əgər hərəkətli olmayacağıqsa yüngül qidalarla qidalanmağımız daha sağlıqlı hesab olunur”.

Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyi İctimai Şurasının üzvü Eyyub Hüseynov da öz fikirlərini qeyd edib: “Qurban bayramı günlərində insanlar xüsusi qidalanma rejimində olmalıdır. Birmənalı şəkildə birinci növbədə ailənin heç bir üzvü spirtli içkidən və dinimizin qadağa etdiyi qidalardan mütləq kənar durmalıdır. O cümlədən, tərkibində jelatin olan bəzi şirniyyatlardan, çünki jelatinin əksəriyyəti donuz gönündən hazırlanır. Yəni, dinimizin qadağan etdiyi qidalardan, içkilərdən uzaq olmaq lazımdır. Yəni, təmiz dinimizin bizə tövsiyə etdiyi içkilərdən və mən çoxsaylı ölkələrdə olmuş bir şəxs kimi qeyd edirəm ki, İslamın insanlara tövsiyə etdiyi qidalar ən sağlam, ən təmiz qidalardır. Bundan mükəmməli yoxdur”.

Eyyub Hüseynov sözlərinə belə davam edib: “Təsadüfi deyil ki, halal qidalara yer üzündə ildə 30 trilyon pul verirlər. Yəni, xristianlar da halal, dinimizin tövsiyə etdiyi qidaları ən təmiz qidalar hesab edirlər. Xristian Cənubi Afrika ölkəsində də halal qida markası ilə mallar görmüşəm və bu bütün dünyada var. Birinci dediyim dinimizin bizə tövsiyə etdiyi qidalarla qidalanmaq lazımdır. Qidalanmanın ən böyük düsturunu Quran'i Kərim verir. Dinimiz deyir ki, elə qidalan ki, sənin gözün onun arxasınca qalsın. Bundan yüksək forum ola bilməz.Bu düstura əməl etmək lazımdır”.

“Xüsusən, xəstələrlə diqqətli olmaq lazımdır. Məlumdur ki, Qurban bayramında ətdən hazırlanan qidalar daha çox olur. Ət qidaları ilə paralel mütləq süd məhsullarından istifadə etmək də məsləhət görülür. Əlbəttə, ətin yağlı hissəsini çox az bir miqdarda yemək lazımdır. Bir oturuma çoxlu yağlı ət yemək məsləhət görülmür və daim qidalanan zaman ətrafımızda, küçədə olan qidalanması zəif olan insanları daim gözümüzün qabağına gətirməliyik. Mən belə tövsiyə edirəm”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə