Axı nəyə görə toy məsələsinin adı çəkiləndə ona qadağa qoyulur? - SOSİOLOQLARDAN SƏRT REAKSİYA

Axı nəyə görə toy məsələsinin adı çəkiləndə ona qadağa qoyulur? - SOSİOLOQLARDAN SƏRT REAKSİYA

“Necə olur, iaşə obyektlərində insanlar kütləvi şəkildə istirahət edə bilirlər amma toy məsələsi gələndə ona qadağa qoyulur? Karantin qaydalarının yumşaldılması müsbət addımdır və yaxın gələcəkdə növbəti sevindirici qərarların da veriləcəyinə ümid edirik”. Bu fikirləri SİA-ya jurnalist-ekspert Rövşən Rəsulov karantin rejiminin yumşaldılması ilə bağlı münasibətini açıqlayarkən deyib.

Onun sözlərinə görə, müəyyən şərtlərin sərtləşdirilməsi məsələsində ictimai rəyi narahat edən hallar da yaşanırdı və bu, bir sıra hallarda haqlı narazılıqlarla müşahidə edilirdi: “Baxın, bu məsələdə bir-birini tamamlamayan müxtəlif halları göstərə bilərik - metronun bağlanması və onun yerinə “M” tipli avtobusların metro xətləri üzərində sərnişindaşıma nəqliyyatına əlavə edilməsi. Bəllidir ki, Bakı şəhərində kifayət qədər avtomobil sıxlığı yaşanır və hər gün tıxaclar yaranır, bu zaman əlavə iritutumlu avtobusların metro xətləri üzrə istifadəsi həmin məsələni daha da ağırlaşdırırdı. Üstəlik, etiraf edək ki, avtobuslarda əhalinin sıxlığı kifayət qədər yaşanırdı ki, bu da yoluxma sayının artmasına öz təsirlərini göstərirdi. Halbuki, metroda guya havasızlığın olduğunu önə sürən müvafiq qurumlar elə də inandırıcı görünməyən məsələni həll edə bilərdilər. Çünki hər kəs yaxşı bilir ki, metropolitenlərdə havatənzimləyici qurğular işləyir və bu qurğuların vasitəsi ilə stansiyalar, qatarlar havalandırılır. O cümlədən, qatarlarda da kondisionerlər fəaliyyət göstərir. Məgər onun bağlanması zərurətinə bu qədərmi ehtiyac var idi? Təsəvvürünüzə gətirin, təkcə metropolitenin bağlanmasına görə vətəndaşlar az qala bir ilə yaxın müddətdə nə qədər çətinliklərlə üz-üzə qaldılar. Əlavə etsək ki, "Baku Bus" və s. sərnişindaşıma xidmətləri də sıxlıq və s. problemlər səsəbindən dayanacaqlara vaxtında yetişə bilmirdilərsə, insanlar demək olar ki, bir-birinin üzərində öz mənzillərinə gedib-çıxırdılar. Hətta deyərdim ki, bu sferada əməlli-başlı xaos da yaşanırdı. Ümid edək ki, metropolitenin istifadəyə verilməsi müəyyən qədər həmin problemlərin aradan qalxmasına öz müsbət təsirlərini göstərəcək”.

Rövşən Rəsulov onu da bildirdi ki, əhalini narahat edən daha bir məqam toyların keçirilməsinə qoyulan qadağadır: “Bu gün istər açıq hava, istərsə də qapalı məkanlarda insanlar toplaşır, iaşə xidmətlərindən istifadə edirlər. Toyların keçirilməsinə qarşı niyə bu qədər ciddi tədbirlərin görülməsi əslində heç bir dolğun əsasla ortaya qoyulmayıb. Sadəcə, “koronavirusa yoluxma təhlükəsi var”, deməklə bunun üzərindən belə keçmək olmaz. Müəyyən plan tərtib olunmalı, ən azından, az sayda, karantin qaydaları çərçivəsində qonaqların iştirakı ilə toy və s. şənliklərin keçirilməsinə icazə verilməliydi. Necə olur, iaşə obyektlərində insanlar kütləvi şəkildə istirahət edə bilirlər amma toy məsələsi gələndə ona qadağa qoyulur? Şəxsən bir sıra hallarda elə məsələlərlə qarşılaşmışam ki, bundan yalnız təəssüf hissi keçirirəm. Toyları olacaq gənclər həyatlarında bir dəfə olan bir hadisəni istədikləri kimi yaşamadılar, halbuki, bir daha deyirəm, müəyyən şərtlər əsasında addımlar atıla bilərdi”.

“Gələk iri ticarət mərkəzlərinə və bu məsələdə də vətəndaşlara narahatlıq yaratmış faktorları analiz edək”, deyən jurnalist-ekspert hesab edir ki, əgər iri marketlər fəaliyyət göstərirdisə, insanların alış-veriş mərkəzlərinə getmələrinin qarşısının alınması ümumiyyətlə başa düşülən deyildi: “Məgər marketlərdə Covid olmur? Yaxud, koronavirus məhz ticarət mərkəzlərinə hücum etdiyinə görə həmin mərkəzlər bağlanır? Axı gəlin onu da etiraf edək ki, bu məntiqsizlikdir. Mən müvafiq səlahiyyətli qurumların işlərinə qarışmaq istəmirəm amma hər halda vətəndaş olaraq öz ictimai fikrimi də bildirməyə haqqım var. Ona görə də bir sıra qərarların koronavirusla mübarizə məsələsində ümumiyyətlə, əsas daşımadığı qənaətindəyəm”.

“Bütövlükdə isə şərtlərin yumaşdılması prosesini yaxın gələcəkdə növbəti yumşaldılmalara doğru hesablanmış qərar kimi qiymətləndirirəm”, deyən Rövşən Rəsulov sonda onu da qeyd edib ki, hər şeyə rəğmən insanlarımız bu qərarlardan heç də rahatlanmamalıdırlar, özlərinin və ətraflarının sağlamlıqlarının qorunması üçün ehtiyat tədbirlərini görməlidirlər. Xüsusilə, vaksinasiya məsələsində aktivlik göstərməlidirlər: “Məsələn, Mətbuat Şurasının təşəbbüsü ilə jurnalistlərin vaksinasiya prosesi həyata keçirildi və bu gün də keçirilir, ona görə də biz dərhal həmin prosesə qoşulduq və artıq iki dozalıq vaksin infeksiyasından keçdik. Heç bir fərqli hiss, ağrı, narahatlıq da müşahidə etmədik. Fürsətdən istifadə edərək insanlarımıza səslənirəm və bu gün sosial şəbəkələrdə və s. informasiya seqmentlərində reytinq xətrinə irəli sürülən yararsız iddialara inanmamağa çağırıram. Hər kəs vaksin olunsun ki, sonradan yoluxma fəsadı yaşanarkən, həmin müddəti rahat keçirsinlər. Əlbəttə ki, bir gün gələcək və bizlər də adi, normal həyat qaydalarına, şərtlərinə geri dönərək, koronavirusun bəşəriyyətə yaşatdığı bu günləri keçmiş kimi xatırlayacağıq”.

Sosioloq Elçin Bayramlı da məsələyə münasibət bildirib: “Ümumiyyətlə, bu gecikmiş bir addımdır. Yəni çoxdan ehtiyac var idi. Ona görə ki, bir çox qapanmalar əsassızdır. Xüsusilə də, açıq havada maska məsələsi əksər ölkələrdə ləğv olunub. Çünki, böyük alimlər də, tədqiqatçılar da dəfələrlə bildiriblər ki, açıq havada virusa yoluxmaq olmur. Bu ancaq asqırmaq və öskürmək vasitəsilə keçə bilər. Ona görə də, bu mənasızdır”.

Sosioloq sözlərinə belə davam edib: “Qaldı ki, yığıncaqlar məsələsinə restoranlarda insanları yığıb kütləvi şəkildə yeyib-içə bilirlərsə, toyla onun heç bir fərqi yoxdur. Sadəcə toyda tək fərq odur ki, bəy-gəlin olur. Düşünürəm ki, müəyyən məsafə məhdudiyyətləri qoyulmaqla, toylara da icazə vermək olar”.

“Digər problem isə şənbə-bazar günləri ictimai nəqliyyatın işləməməsini Operativ Qərargah heç cür əsaslandıra bilmir. Əgər həftənin beş günü ictimai nəqliyyat işləyirsə, şənbə-bazar niyə işləməlidir? Şənbə-bazar həyat dayanmır. Bu günlərdə də işləyən insanlar var. Həmçinin, insanlar həkimə və ya digər problemlərini həll etmək üçün harasa getməlidirlər. Şəhərdə taksi qiymətləri də olduqca bahadır. Hər gün taksiyə pul verməyə imkan yoxdur. Düşünürəm ki, şənbə-bazar ictimai nəqliyyat açılmalıdır. Digər qaydalar isə normaldır”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə