Bağçalarla bağlı vəziyyət necədir? - ARAŞDIRMA

Uşaqların məktəbəqədər təhsili və tərbiyəsi hansı səviyyədədir?

2-3 yaşına çatmış uşaqlarımız üçün hər gün yeni əyləncə, yeni dostlar tapmaq maraqlı olur. Valideyn kifayət qədər vaxt ayırsa da, uşaqlar həmişə öz yaşıdları ilə daha çox oynamaq istəyirlər. Həm bu səbəbdən, həm də məktəbəqədər təlim-tərbiyə alması üçün uşaqlarımızı məktəbəqədər təhsil müəssisələrinə- bağçalara göndəririk. Lakin pandemiya ilə bağlı əksər vaxtlarda uşaq baxçaları işləmir. Hazırda isə çox azı aktiv fəaliyyət göstərir. Bu da uşaqlar və valideynlər üçün problemlər yaradır.

Valideynlər hər bağçaya etibar etməməlidir?

Aydındır ki, məktəbəqədər təlim-tərbiyə uşaqların gələcəyi üçün əla bir başlanğıcıdr. Pedaqoqlar bildirir ki, övladlarımızın bu dövrdə necə təhsil alması, hansı təlimləri görməsi, hansı tərbiyədən keçməsi olduqca lazımlıdır.

Sovet dövründə az qala bütün uşaqlar bağçaya qəbul olunurdu. Lakin indi bu məsələdə problem yaranıb. Belə ki, mövcud bağçalar uşaqların sayından xeyli geri qalır. Hazırda Azərbaycanda 1800-dən artıq məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir ki, bu da tələbatla müqayisədə dəfələrləa azdır. Düzdür, ölkə prezidentinin sərəncamıyla, Dövlət Proqramları çərçivəsində son illərdə bir sıra yeni uşaq bağçaları tikilir və köhnələr təmir olunur. Amma hələ ki, bu tərbiyə ocaqları tələbatı qarşılaya bilmir.

Hazırda bağçalarda yer tapmaq çətin olsa da, bağça seçərkən bəzi məqamlara diqqət yetirilməlidir. Pedaqoq Aidə Eyyubova deyir ki, dəbdəbəli reklamına, böyük binasına, göz aldadan gözəlliyinə aldanaraq övladımızı hər bağçaya qoymağımız da doğru deyil: "Təhsil, təlim və tərbiyə doğum ilə başlayıb həyat boyu davam edən bir prossesdir. Övladlarımızın məktəbəqədər təhsilinə biz də erkən başlamaq istəyirik. Bunun üçün də övladımızı əmanət edə biləcəyimiz isti bir mühitə, güvənilən bir bağçaya və ya uşaq mərkəzinə ehtiyacımız olur".

Pedaqoq deyir ki, uşaq tərbiyəsi əvvəlcə ana bətnindən, sonra ailədən, daha sonra baxçalardan başlayır: "Bağçaların əsas təyinatı uşağın əraf aləmlə tanışlığını təmin etmək, ibtidai təhsilə dəstək üçün bəsit bilgiləri vermək, normal ünsiyyət qaydalarını öyrətmək, fiziki və mənəvi cəhətdən sağlam formalaşdırmaqdır".

Psixoloq: "Uşaq valideyni ilə bağçadakından daha çox vaxt keçirməlidir"

Bizim ölkədə uşaq bağçaları əsasən 2 yaşından uşaq qəbuluna başlayırlar. Amma daha kiçik yaşda övladını bağçaya əmanət edən valideynlər də var. Onların sırasına çalışan, işi çox olan, səhhətində problem olan valideynlər də var. Amma bəzi valideynlər də uşağın çox dəcəllik etməsindən bezərək bağçaya verir.

Amma uşağın bütün gününü bağçada keçirməsi də doğru deyil. Pedaqoqlar bunun uşağın ailədən uzaqlaşması, valideynlərlə münasibətində yadlaşma ilə nəticələnəcəyini deyir. Azərbaycanda bağçalar, adətən səhərlər saat 9-dan sonra açılır. Hətta daha tez açılsa belə çox az valideyn erkən saatda uşağı bağçaya gətirir. Adətən saat 9-dan 18-ə qədər tərbiyəçilərin və pedaqoqların nəzarətində olan uşaq gün ərzində normal qidalanma ilə təmin edilir. Amma bəzən allergik xəstəliyi olan, xüsusi qida rejimi olan uşaqlar üçün valideyn evdən bağçaya yemək aparır və uşağının bu yeməklə qidalanmasını istəyir.

Nahardan sonra uşaqlar ən az bir saat yatır. Yuxudan əvvəl və oyandıqdan sonra da gündəlik proqrama uyğun tədris edilirlər.

Psixoloq Naib Allahverdiyev belə düşünür ki, uşağın səhər saat 9-dan 18-dək bağçada, valideynindən ayrı olması da düzgün deyil: "İşləməyən valideynlər, ən çox da analar övladı ilə mümkün qədər çox vaxt keçirməlidirlər. Buna görə də çalışıb uşağı saat 15-16-da götürmək lazımdır. Səhərin sübh çağında yuxulu-yuxulu bağçaya aparılan, axşam evə qaçıb-oynamaqdan yorğun düşərək gələn və gələn kimi də yatan uşağın ruhi sağlığında problem ola bilər. Bu hal davam etsə, o, tezliklə valideynlərindən uzaqlaşacaq"

Bağça seçimində nələrə fikir vrmək lazımdır?

Pedaqoq Hüsniyyə Əmiraslanovanın köməyi ilə valideynlərə daha yaxşı bağça seçmək üçün ən vacib xırdalıqlar barədə kiçik bir siyahı hazırladıq. Bu da o tələblər siyahımız:

1. Müəllim seçimi – bağça seçərkən diqqət edilməsi vacib olan məsələlərin ən birincisi pedaqoq məsələsidir. Tədris müəssisəsinin maddi imkanı nə qədər yaxşı olursa olsun, tədris proqramı mükəmməl də olsa uşaqlarla bütün gün birlikdə olan, proqramı tətbiq edən müəllimdir. Uşaqların durumuna görə davranan da pedaqoqdur. Uşağa şəfqətlə yanaşan, hər ehtiyaclarını ana qədər ürəklə qarşılayacaq bir müəllim əsasdır. Müəllimdə diqqət yetirilməsi vacib olan əsas amillər: uşaqla ünsiyyəti, iş yoldaşları ilə münsibəti, təhsili, təcrübəsi və şəxsiyyəti.

2. Uşaq sayı- İndi bağçalarda yer çatışmazlığıan görə 15 nəfərlik qrupda 25-30 nəfər uşaq tərbiyə edilir. Bu da təbii olaraq müəlim üçün əlavə iş və əziyyət deməkdir. Belə olduqda vaxt darlığından pedaqoq uşaqlara yetəri qədər diqqət ayıra bilmir. Yaxşı olar ki, baxçalarda 2-3 yaşlı uşaqların qrupunda hər 10 uşağa bir müəllim nəzarət etməlidir. Yəni, 15-20 nəfərlik qrupun azı 2 pedaqoqu olmalıdır. 3-6 yaşlı uşaqlara nəzarət edən müəllimin öhdəsinə isə 12 uşaq vermək olar, amma köməkçi müəllimin olması şərti ilə.

3. Proqramın keyfiyyəti və inkişafı- Məktəbəqədər tədris ocaqlarında müxtəlif təhsil proqramları var. Bunlar uşaqların yaşına və əqli inkişafına görə təyin edilir. Son zamanlar bağçalarda Avropa modeli tədris edilir. Bu bir tərəfdən uşaqların zamanla ayaqlaşmasına kömək etsə də, digər tərəfdən bəzi uşaqların zehni və fiziki yüklənməsinə səbəb olur. Proqram hər uşağa görə fərdilik xüsusiyyətinə də malik olmalıdır. Zehni və əqli cəhətdən inkişaf etmiş bir uşaqla nisbətən sakit və gec qavrayan uşağın dərs proqramı eyni olmamalıdır. Mümkün qədər bəsit, eyni zamanda dolğun dərs proqramı tədris edilən baxça seçin.

4. Əməkdaşlıq – Valideynlər mütləq qaydada pedaqoqlarla əməkdaşlıq etməlidirlər. Uşağın gün ərzində nə etdiyini, nə yediyini, nə dediyini hər gün müəllimindən soruşmaq lazımdır. Güc birlikdədir deyiblər, valideynlə pedaqoqun təcrübəsi də birləşdikdə uşağın təlim-tərbiyəsi də daha mükəmməl olacaq.

5. Müəssisənin normal tələblərə cavab verməsi - Valideynlər övladını bağçaya qoymazdan qabaq mütləq müəssisə ilə yaxından tanış olmalı, şərtlərini öyrənməlidirlər. Bağça gigiyenik qaydalara cavab verməli, təhlükəsiz yerdə yerləşməli, otaqların və həyətin quruluşu uşağa zərər verməməli, oyuncaqlar keyfiyyətli olmalı, otaqda yıxılacaq stol, şkaf olmamalı, kəsici, deşici və iti əşyalar olmamalıdır. Normal idman zalı, oyun meydançası olmalıdır. Şosse yol kənarında yerləşməməlidir. Yanğın təhlükəsizliyi və zəlzələyə davamı olmalıdır.

Valideyn: Dövlət bağçalarında yer tapmaq mümkün deyil

Bakıxanov qəsəbəsində yaşayan Leyla Paşayeva uşağını bağçaya qoya bilməməsindən şikayətlənir: "4 yaşlı oğlumu bağçaya verə bilmirik. Bir səbəbi yer çatışmazlığıdır, digər bir səbəbi isə hiperaktiv olmasıdır. Səhərdən axşama qədər yorulmaq bilməyən bu cür uşaqlar üçün bağçalarda xüsusi qruplar və bu qruplarda dərs demək üçün xüsusi təhsil almış pedaqoqlar olur. Amma belə qruplar bütün bağçada yaradılmır. Bağçalarda çoxunda uşaq qəbulu dayandırılıb. Hansı bağçanın qapısını döyürsən qapıdakı elanı göstərirlər: "Bütün qruplar normadan artıq yükləndiliyindən bağçaya uşaq qəbulu dayandırılıb".

Bakıxanov qəsəbəsi Sülh küçəsi yaxınlığında reyd elədiyimiz 5 bağçadan heç biri uşaq qəbul etmir. Bundan başqa qəsəbədə yerləşən bağçaların heç birində hiperaktiv uşaqlar üçün qrup yoxdur.

Dövlət başçısının 2006-cı il avqustun 23-də verdiyi sərəncama əsasən, uşaq bağçaları özəlləşdirməyə açıq elan edildi. Ölkədəki bağçaların 30 faizi özəlləşdirilməli idi. 1761 bağçadan 240-ı özəlləşdirməyə açıq elan edildi.

Özəlləşdirilən uşaq bağçaları 5 il ərzində öz profilini dəyişə bilməz və yalnız bu müddət bitdikdən sonra bu obyektlərdən başqa məqsədlər üçün istifadə oluna bilər.

Bundan başqa son illərdə xeyli özəl bağçalar tikilib istifadəyə verilib, lakin onlardakı qiymətlər əhalinin 90 faizi üçün əlçatan deyil. Hazırda özəl uşaq bağçalarında aylıq qiymətlər bir uşaq üçün 300-1000 manat arasında dəyişir. Burada uşaqlara xarici dilin öyrədilməsi və başqa xidmətlər göstərilir. Belə uşaq bağçalarının əsas müştəriləri maddi imkanı yaxşı olanlar və Azərbaycana işləməyə gələn əcnəbilərdir.

Dövlət nəzarətində olan bağçalarda bir uşağın aylıq təminatı üçün isə dövlət 120 manat pul ayrılır. Bağçanı özəlləşdirən şəxs isə dövlətdən heç bir köməklik almadığından bu pulu ödənişlər vasitəsi ilə çıxarmağa çalışır.

Ümumiyyətlə, insanların təlim və tərbiyəsinin əsası körpəlikdə qoyulur. Bu səbəbdən də, indi əksər uşaqların belə təhsil tərbiyə ocaqlarına yerləşdirilməməsi sonradan bir çox problemlərin yaranmasına gətirib çıxarır. Ümid edirik ki, yaxın illərdə dövlət tərəfindən bu məsələnin həlli üçün xüsusi proqram hazırlanıb həyata keçiriləcək.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması" istiqaməti çərçivəsində hazırlanıb

Bütün xəbərlər Facebook səhifəmizdə