Ətrafı mühiti çirkləndirənlər diqqətli olun ARAŞDIRMA-YENİ FAKTLAR
Ətraf mühit həyatın keyfiyyətinə, yaşayış şəraitinə və insanın səhhətinə təsir edən komponentlərin məcmusudur. Atmosfer havası, su, torpaq, yerin səthi, heyvanat və bitki aləmi ətraf mühitin komponentləridir. Təəssüf ki, biz insanlar çox vaxt bu komponentlərə zərər veririk. Ətraf mühitin çirklənməsi təbiətə birbaşa və ya dolayısı ilə ziyan vurur.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Mehman Nəbiyevin SİA-ya açıqlamasında bunları deyib: "Bildiyimiz kimi, 2019-cu ilin fevral ayının 7-dən cənab Prezident tərəfindən plastik qablaşdırma tullantılarının ətraf mühitə təsirinin azaldılması ilə bağlı 2019-2020 tədbirlər planı təsdiq olunub. Bu tədbirlər planında polietilen plastik məhsulların azaldılması, təkrar emal proseslərinin gücləndirilməsi və ölkədə ümumiyyətlə tullantıların o cümlədən, plastik tullantıların idarə olunması ilə bağlı idarə etmənin qurulması nəzərdə tutulur. Bu tədbirlərdən biri də qeyd etdiyimiz kimi, polietilen torbaların bir hissəsinin tədricən məhdudlaşdırılması, yəni onların alternativləri ilə əvəz olunması prosesləri nəzərdə tutulur".
O həmçinin qeyd edib ki, ölkəmiz üçün ətraf mühitin çirklənməsi, polietilen torbaların düzgün istifadə edilməməsi və yandırılması insan sağlamlığına, ətraf mühitin çirklənməsinə səbəb olur: "Eyni zamanda bildiyimiz kimi, bizim ölkəmiz kənd təsərrüfatı ölkəsidir. O torpağa da düşdükdə torpağın münbitliyinə, məhsuldarlığına ciddi zərər vurur. Polietilen torbalarla yanaşı, plastik butulkalar, plastik qablarla bağlı artıq bir sıra tədbirlər görülür. ETSN tərəfindən Bakıda və ölkə üzərində regionlarda xüsusi konteynerlər quraşdırılıb. Təkrar emal müəssisələri həmin o konteynerlerdə toplanılan plastik qabları bir dəfə istifadə olunmaq üçün təkrar emala cəlb edirlər".
Ətraf mühitin çirklənməsi nədir?
Çirklənmə - hər hansı mühitə yeni və ona xas olmayan fiziki, kimyəvi və bioloji ünsürlərin gətirilməsi ya da o ünsürlərinin miqdarının mühitdə artmasıdır. Ətraf mühitin çirklənməsinin birbaşa obyektləri bioloji cəmiyyətin yaşadığı hava, su və torpaqdır. İnsanların yaşadıqları təbiətə verdiyi hər cür zərər ətraf mühitin çirklənməsini təşkil edir. Təbii mühitin çirklənməsinin əsas mənbəyi istehsal və cəmiyyətin həyat fəaliyyəti prosesində əmələ gələn külli miqdarda tullantıların atılmasıdır. Fabriklərdən çıxan tullantılardan tutmuş şəxsi qayğıda istifadə etdiyimiz sadə dezodorantlara, təyyarələrdən və ya avtomobillərdən gələn qazlardan tutmuş kiçik plastik torbalara qədər bir çox şey ətraf mühitin çirklənməsini yaradır.
Bəs, ətraf mühitin çirklənməsinin səbəbləri nədir?
Sadə formada desək, təbiətə zərər verən hər şey ətraf mühitin çirklənməsinə səbəb olur. Bu səbəblərdən ən diqqətçəkən məqamlar bunlardır:
1.Əhalinin sürətli artımı
2.Planlaşdırılmamış şəhərsalma
3.Planlaşdırılmamış sənayeləşmə
4.Təbii qaynaqların müddətsiz istifadəsi fabriklər tullantılarını məhdudlaşdırmaması, təbiətə tullantıların atılması, eşidilən stimulların lazımsız istifadəsi, məişət və tibbi tullantıların təkrar emalı
5.Bioloji parçalanmayan plastiklərin həddindən artıq istifadəsi
6.Vəhşi heyvanların nəzarətsiz qırılması və məhv edilməsi
7.İstixana qazı yayan vasitələrin geniş yayılması
8.Kimyəvi tərkibli məhsulların həddindən artıq istifadəsi
9.Radiasiya yayan texnoloji cihazların həddindən artıq istifadəsi
Ətraf mühitin çirklənməsinin növləri hansılardır?
Yaşayış sahələrimizi məhv edən ətraf mühitin çirklənməsi növlərinə bölünür:
Hava çirklənməsi: İstiləşmə üçün istifadə olunan yanacaqların nəqliyyat vasitələrinin tullantılarından atılan zəhərli qazlarla birlikdə nəzarətsiz buraxılması nəticəsində yaranan ətraf çirkliliyinin bir növüdür.
Səs-küy çirklənməsi: Təbiətdəki bütün canlıları narahat edən ətraf mühitin çirklənməsinin bir növüdür, bunun səbəbi lazımsız yerlərdə səs gücləndiricilərinin istifadəsi və əsasən nəqliyyat vasitələrinin mühərriklərinin narahatlıq səsləri, hava fişəngləri kimi partlayıcı maddələr və buna bənzər elementlərdir.
Suyun çirklənməsi: Sənaye tullantılarının və kanalizasiya tullantılarının dənizlərə atılması nəticəsində baş verən çirklənmədir. Bu çirklənmə yalnız dənizlərdə yaşayan canlıları deyil, bütün təbii tarazlığı mənfi təsir edir.
Torpaq çirklənməsi: Tullantılar təkrar emal olunmadıqda və olduğu kimi təbiətə atıldıqda meydana gələn ətraf mühitin çirklənməsi növüdür. Torpağın çirklənməsi insan həyatını ciddi şəkildə təhlükə altına qoyur, xüsusən də torpaqda yetişən qida maddələri ilə vücudumuza daxil olduğu kimi, yaşayış həyatına da zərər verir.
Radioaktiv çirklənmə: Nüvə stansiyalarının yaratdığı ətraf çirkliliyinin bir növüdür. Silah fabriklərindəki artım və bu sahələrdə görülən işlərin bu çirklənmənin artmasında böyük payı var. Radioaktiv çirklənmənin nəticələri ağır ola bilər, buna görə müalicə olunmayan xəstəliklərin meydana gəldiyini söyləmək olar.
Ətraf mühitin çirklənməsinin qarşısını necə almaq olar?
Hər fərd yaşadığı mühitə qarşı ehtiyatlı davranmalı və çirklənməyə səbəb ola biləcək hər hansı bir davranışdan çəkinməlidir. Fərdi şəxslərin və qurumların çirklənmənin qarşısını almaq bir sıra vəzifələri yerinə yetirməlidir:
1.Təkrar emal üçün yararlı məişət tullantılarının qruplaşdırılması
2.Tullantı yağlarının torpaq və su ilə qarışmasının qarşısının alınması
3.Radiasiya yayan cihazların istifadəsinin azaldılması
4.Ağ məhsullarda minimum istixana qazı emissiyası olan məhsullara üstünlük vermək
5.Plastik istifadəsinin azaldılması, plastik əvəzinə şüşə butulkalara və parça torbalara üstünlük verilməsi
6.Dezodorantların istifadəsinin azaldılması
7.Fabriklərdən gələn tullantıların və qazların məhdudlaşdırılması
8.Yanacaqla işləyən nəqliyyat vasitələri yerinə elektrikli vasitələrə üstünlük vermək
9.Səs stimullarından yalnız lazım olduqda istifadə etmək
10.Təbiətin şüursuz məhvinin qarşısının alınması
Arzu Qurbanlı
Bütün xəbərlər Facebook səhifəmizdə