Zbiqnev Derdzyuk: “DSMF-nin Avrasiya regionu üzrə əlaqələndirici orqan təyin edilməsi Avropa şəbəkəsi çərçivəsində əlaqələrin güclənməsinə təkan verəcək”

Zbiqnev Derdzyuk: “DSMF-nin Avrasiya regionu üzrə əlaqələndirici orqan təyin edilməsi Avropa şəbəkəsi çərçivəsində əlaqələrin güclənməsinə təkan verəcək”

Bu gün Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun rəhbərliyi və Azərbaycanda səfərdə olan Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Avropa Şəbəkəsi Rəhbər Komitəsinin sədri, Polşa Respublikasının Sosial Sığorta Təşkilatının prezidenti Zbiqnev Derdzyukun rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə güllər qoyub. SİA-nın xəbərinə görə, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə də gül dəstələri düzülüb. Sonra Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, məzarları üzərinə güllər qoyublar.

Daha sonra DSMF-də nümayəndə heyəti ilə görüş keçirilib. S.Müslümov polşalı qonaqları salamlayaraq iki ölkənin sığorta-pensiya orqanları arasında sıx əməkdaşlığın mövcud olduğunu vurğulayıb. DSMF sədri gələn ay Bakıda BSTA-nın Avrasiya üzrə regional əlaqələndirmə mərkəzinin açılacagını önə çəkərək, qurumun Avropa Şəbəkəsinin rəhbəri kimi Derdzyukla bu məsələni də müzakirə edəcəklərini bildirib.

Z.Derdzyuk isə bildirib ki, Azərbaycanın BSTA-da rolu çox önəmlidir. Təsadüfi deyil ki, Azərbaycan Dövlət Sosial Müdafiə Fondu bu yaxınlarda Avrasiya regionu üzrə əlaqələndirici orqan təyin edilib: "Biz əminik ki, bu Avropa şəbəkəsi çərçivəsində əlaqələrin güclənməsinə təkan verəcək. Azərbaycan DSMF-nin gördüyü işlər nəinki Avropa, eyni zamanda dünya səviyyəsində diqqətlə qarşılanır".

Görüşdə Azərbaycanın inkişaf etmiş Avropa ölkələri ilə bir sırada üzv olduğu BSTA-nın Avropa Şəbəkəsinin yaxın gələcəkdəki fəaliyyəti, eləcə də Dövlət Sosial Müdafiə Fondu ilə Polşa Respublikasının Sosial Sığorta Təşkilatı arasında gələcək əməkdaşlığı nəzərdə tutan istiqamətlərlə bağlı ətraflı müzakirələr aparılıb. Tərəflər sosial sığorta və pensiya təminatı sahəsindəki islahatlar, bu sferada informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, kadr potensialının inkişaf etdirilməsi, həmçinin Avropada əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan vətəndaşlarının gələcək pensiya təminatı məsələlərini də müzakirə ediblər.

Z.Derdzyuk Polşanin sığorta-pensiya sistemi ilə bağlı təqdimatla çıxış edib. Səfər çərçivəsində nümayəndə heyətinin Dövlət Sosial Müdafiə Fondunun aparatı və yerli şöbələrinin fəaliyyəti ilə tanışlığı, Azərbaycan Respublikasının bir sıra rəsmi orqanlarında görüşlərinin keçirilməsi nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə